Cavad Zərif ABŞ dövlət katibinin fikirlərinə münasibət bildirib

Dərc olunub: 19/09/2019 - 16:47

a2fb42ce3afdd0b7498e2ab69f549e48İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə Ərəbistanın neft emalı zavodlarına hücumla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. APA-nın xəbərinə görə, Cavad Zərif “Twitter” səhifəsində bildirib ki, “B qrupu”nun qalıqları ABŞ Prezidenti Donald Trampı aldatmaqla, Yaxın Şərqdə müharibəyə çəkməyə çalışırlar.

“Müharibə aktı”, ya “müharibəyə təşviqat”? “B qrupu”nun qalıqları Donald Trampı aldadaraq müharibəyə çəkməyə çalışırlar. Mənfəətləri naminə, onlar nail olmaq istədiklərini əldə etməmək üçün dua etməlidirlər”, - Cavad Zərif qeyd edib.

Cavad Zərif “B qrupu”nun qalıqları kimi ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə sabiq müşaviri Con Bolton, İsrailin Baş Naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayed əl-Nəhyanı nəzərdə tutur.

Qeyd edək ki, ABŞ dövlət katibi Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətinin neft emalı zavodlarına edilmiş hücumu müharibə aktı kimi qiymətləndirib.

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Abkayk və Xurays bölgələrində “Saudi Aramco” dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücum edilib. Hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz uçuş təyyarəsi ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavoda güclü yanğın nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb. Ərəb koalisiyası Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücum zamanı istifadə edilən silahların İrana aid olduğunu bəyan edib. ABŞ prezidenti Donald Tramp da bu hücumda İranı günahlandırıb.








loading...


Fikrinizi bildirin