“Bu cür yazılar məhkəmələrin nüfuzuna təsir edir” – Ali Məkəmədən həkim-cərrahın müraciətinə cavab

Dərc olunub: 20/09/2019 - 11:04

3Həkim-cərrah Qafar İskəndərovun   “AzPolitika.info” saytında 19 sentyabr 2019-cu il tarixində “Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm…”- Həkim-cərrahdan Prezidentə müraciət” başlığı ilə yayımlanan müraciətinə Ali Məhkəmədən cavab gəlib. Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli tərəfindən saytımıza göndərilən məktubda Qafar İskəndərovun tikinti şirkətinə və məhkəmələrə qarşı yönəlmiş ittihamlarına münasibət bildirilib.

Xatırladaq ki, tibb elmləri üzrə fəlsəfə doktoru, Rusiya Proktoloqlar Cəmiyyətinin, Çexiya Həkimlər Birliyinin və Avropa Endoskopik Cərrahlar Birliyinin üzvi Qafar Bədəlxan oglu İskəndərovun ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı müraciətdə evinin “Regal” MTK tərəfindən qanunsuz olaraq söküldüyünü, ona heç bir kompensasiya verilmədiyini, bununla bağlı qaldırdığı məhkəmə iddialarına qanuni şəkildə baxılmadığını bildirib. Əsas ittihamları isə yeli məhkəmənin çıxardığı kompensasiyanın ödənilməsi barədə qərarı ləğv edən Ali Məhkəmənin hakimlərinə yönəldib.

Ali Məhkəmədən saytımıza göndərilən məktubda isə Qafar İskəndərovun evinin özünün icazəsi olmadan söküldüyü etiraf edilsə də, qızının razılığı alındığı iddia edilir. Məktubda bildirilir: “Sizin saytda “Hakimin mənə göndərdiyi təklifdən şoka düşdüm…”- Həkim-cərrahdan Prezidentə müraciət” sərlövhəli yazı dərc olunmuşdur. Yazıda İskəndərov Qafar Bədəlxan oğlunun “Regal” MTK-ya və qızı Fəridə İsgəndərovaya qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə məhkəmə baxışından bəhs edilir.

trend_ali_mehkeme_061217

Nəzərinizə çatdıraq ki, Nəsimi rayon məhkəməsinin 24.10.1998-ci il tarixli qətnaməsi ilə Qafar İsgəndərov və ailə üzvlərinin Bakı şəhəri, Yusifbəyli küçəsində 25/27 saylı evdə yaşaması faktının təsdiq edilməsi, onların həmin evə qeydiyyata alınması Nəsimi rayon polis idarəsinin Pasport Qeydiyyat şöbəsinin üzərinə qoyulması qət edilmişdir. Həmin qətnaməyə əsasən Qafar İsgəndərov və qızı (iş üzrə cavabdeh) Fəridə İsgəndərova həmin evə qeydiyyata alınmış, evə texniki pasport verilmişdir.

İddiaçı Q.İsgəndərov Səudiyyə Ərəbistanında işləmiş və “Regal” MTK ilə evin yerləşdiyi ərazinin layihələşdirilməsi və evinin yerində hündürmərtəbəli yaşayış binası tikiləcəyi barədə danışıqlar aparmışlar. Ev mülkiyyətdə olmamış, yalnız texniki pasport qeydiyyata alınıb. Lakin Q.İsgəndərov Bakıya gəlmədiyinə görə MTK evdə qeydiyyatda olan onun qızı F.İsgəndərova ilə 17 may 2017-ci il tarixdə müqavilə bağlamışlar ki, evin boşaldılaraq sökülməsinin əvəzində 2 ədəd mənzil veriləcək. Bundan sonra ev sökülmüşdür.

Sonradan Q.İsgəndərov “Regal” MTK-ya və qızı Fəridə İsgəndərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə iddia qaldıraraq 253 000 Manat evin dəyəri olmaqla evin sökülməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 427 610 manat, həmçinin məcburi iş buraxmaya görə itirdiyi 54 000 ABŞ dolları, evdə olan və ev sökülərkən yoxa çıxmış 50 000 ABŞ dolları, yol və mehmanxana xərcləri üçün sərf etdiyi 14 000 Manat və mənəvi zərərə görə 500 000 Manat “Regal“ MTK–dan alınıb ona verilməsini tələb etmişdir”.

Şikayətçiyə kompensasiya ödənilməsi barədə yerli məhkəmənin çıxardığı qərarın Ali Məhkəmə tərəfindən lğğv edilməsi isə belə əsaslandırılıb: “Nəsimi Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi ilə Q.İsgəndərovun qızı F.İsgəndərova ilə “Regal” MTk arasında bağlanmış 17 may 2017-ci il tarixli müqavilə etibarsız hesab edilmiş və evin dəyəri olan 251 000 Manat pulun “Regal” MTK-dan alınıb Q.İsgəndərova verilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Nəsimi Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin 18 aprel 2019-cu il tarixli qərarı ilə Qafar İsgəndərovun və qızı Fəridə İsgəndərovanın kassasiya şikayətləri qismən təmin edilmiş, qətnamə Q.İsgəndərovun iddia tələbinin vurulmuş mənəvi ziyanın ödənilməsinin təmin edilməməsi və Fəridə İsgəndərovanın sökülən evdən iddiaçı ilə birlikdə istifadə hüququ olduğuna görə, vurulmuş maddi ziyana görə 251 000 Manatın “Regal” MTK-dan alınaraq bütünlükdə Qafar İsgəndərova verilməsi hissəsində maddi və prosessual normalar düzgün tətbiq edilmədiyindən ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Yenidən Bakı Apellyasiya Məhkəməsində 19.08.2019-cu il tarixdə işə baxılmış və Q.İsgəndərovun iddiası qismən təmin edilməklə, əlavə olaraq beş min manat mənəvi ziyan ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin müddəti bitmədiyi üçün iş kassasiya qaydasında baxılması üçün Ali Məhkəməyə göndərilməmişdir.

Hazırda Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minməmişdir. Belə halda Q.İsgəndərov qətnamədən narazı qalarsa kassasiya şikayəti vermək hüququ vardır.

Diqqətinizə çatdırmaq istərdik ki, Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn vəzifələrin uğurla həyata keçirildiyi bir vaxtda bu cür yazıların verilməsi müstəqil fəaliyyət göstərən məhkəmələrin nüfuzuna təsir edir. Son zamanar Sizin saytda belə yazılara tez-tez rast gəlmək olur. Yaxşı olardı ki, məhkəmələrin fəaliyyətinə gölgə salan bu tipli yazılar məhkəmənin mövqeyi öyrənildikdən sonra dərc edilsin. Əks hal hakimin ədalətli mövqeyinə təsir kimi qiymətləndirilə bilər”.

 








loading...


Fikrinizi bildirin