Dövlət Dumasında ABŞ “Patriot”larını ələ saldılar - “Hər zaman işə yaramır...”
Sentyabrın 14-də Səudiyyə Ərəbistanının neft obyektlərinə edilən hücumdan sonra ABŞ-ın hava hücumundan müdafiə sistemi olan “Patriot” ciddi tənqid hədəfinə çevrilib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Dövlət Dumasında ABŞ-a aid sistemin Səudiyyə Ərəbistanındakı fəaliyyəti ironiya obyektinə çevrilib.
Dumanın Müdafiə Komitəsinin üzvü olan deputat Aleksandr Şerin deyib ki, ABŞ “Patriot”larının üzərinə xəbərdarlıq yazılmalıdır: “Siqaret qutularında olduğu kimi bunların üzərinə xəbərdarlıq yazılmalıdır ki, “hər zaman işə yaramır””.
Qeyd edək ki, ABŞ-ın dövlət katibi Mayk Pompeo da bu sistemin öz işinin öhdəsindən hər zaman gələ bilmədiyini etiraf etmişdi. Komitə üzvü deyib ki, buna baxmayaraq, bir çox ölkələr ABŞ-dan çəkindikləri üçün bu sistemləri almağa məcburdurlar. Hansı ki, Rusiyanın analoji havadan müdafiə sistemləri daha effektiv olsa da, ABŞ sanksiyalarından qorxan ölkələr onları almaqdan çəkinirlər.
Müdafiə komitəsinin sədri Vladimir Şamanov isə məsələni şərh edərkən ABŞ-ı nəzərdə tutaraq, “onlarda hər şey olur, Suriyanı bombalayanda raketləri yerə düşmədi...” deyib.
Xatırladaq ki, İranın dəstəklədiyi yəmənli husilərin Səudiyyə Ərəbistanına qarşı dronlar və qanadlı raketlərlə həyata keçirdikləri hücumun qarşısında “Patriot” sistemləri aciz qalıb. Həm Səudiyyənin, həm də ərazidə növbə çəkən ABŞ hərbi qüvvələrinin ixtiyarında böyük sayda “Patriot” raketləri olsa da, onlar husilərin hücumunun qarşısını ala bilməyib.
“AzPolitika”
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.