600 min manata vəzifə satan hakimin işinə Gəncədə baxılacaq

Dələduzluqda və rüşvət verməkdə ittiham olunan Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin işinə baxılması başqa hakimlər heyətinəhəvalə olunub.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, sabiq hakimin işinə Gəncə Şəhər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə heyəti onların icraatına verilmiş bu cinayət işinə baxmaqdan imtina etmişdi.

Hakim Azər Orucov bildirmişdi ki, Həsən Əliyevlə uzun illər iş yoldaşı olmaları işə baxmalarına təsir etməsə də cəmiyyətdə yanlış fikir yarada bilər.

Xatırladaq ki, Həsən Əliyev 2000-ci ildən 2007-ci ilə qədər Binəqədi Rayon Məhkəməsinin sədri olub. 2007-ci ildə isə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin olunub və bu il fevralın 9-na qədər həmin vəzifədə işləyib. Beş ay sonra - iyulun 3-də isə cinayət məsuliyyətinə cəlb olunub. O, təqsirləndirilən şəxs qismində tanınsa da həbs edilməyib. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

H.Əliyev Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Sabiq hakim H.Əliyev Ramazan Səlimov adlı vətəndaşdan onu icra başçısı təyin etdirmək vədi ilə 600 min manat alaraq mənimsəməkdə suçlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar