Ordu milli yeməklərə keçir - Foto

Müdafiə Nazirliyinin sentyabrın 17-də yaydığı rəsmi məlumatda bildirilir ki, qablaşdırılmış hazır milli yeməklərin və yenilənmiş quru ərzaq dəstinin ilk nümunələri keçirilən irimiqyaslı təlimin şəxsi heyətinə verilib:

“Hərbi hissələrdə şəxsi heyətin qidalanmasının keyfiyyətinin yaxşılaşdırılması və bişirilən yeməklərin çeşidinin artırılması məqsədilə milli yeməklərin hazırlanmasına üstünlük verilir. Hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin, qabyuyanların mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə öz müsbət təsirini göstərib. Hərbi hissələr yeməkxana-mətbəx avadanlıqları, o cümlədən, ətçəkən, tərəvəzdoğrayan və kartoftəmizləyən maşınlar, elektrik tavaları, elektrik və qaz plitələri ilə təmin edilib və hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb.

Lakin ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində yerləşən və uzunmüddətli ərzaq tədarükü edilən hərbi hissələrin şəxsi heyəti üçün stasionar şəraitdəki kimi milli yeməklərin hazırlanmasında bəzi çətinliklər yaranır. Bu səbəbdən də qeyd edilən şəraitdə xidmət edən şəxsi heyətin konservləşdirilmiş milli yeməklərlə təmin edilməsi planlaşdırılaraq həyata keçirilir.

Artıq ilk olaraq bir nəfər üçün 1 porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları və 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm və qarışıq dolmalar hazırlanıb. Bununla da qısa bir müddətdə qeyri-stasionar şəraitdə yerləşən şəxsi heyətin gücləndirilmiş kalorili hazır və keyfiyyətli milli yeməklərlə təmin edilməsi məsələsi öz həllini tapıb.

Bundan əlavə ərazi relyefinə görə daşıma yolları çətin, təhlükəli, əlverişsiz, yüksək dağ şəraitlərində, həmçinin içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fiziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litrt, qış mövsümündə isə 1 litr qablaşdırılmış su verilir.

Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarı və müdafiə nazirinin əmri ilə ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib.

Bununla da quru ərzaq payının ümumi enerji dəyəri 3236 kilokaloridən 4000 kilokaloriyədək artırılıb”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar