“Belə yaşamaq olar?...” - Lökbatanda, 2-ci massivin sakinləri

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci yaşayış massivinin sakinləri yolsuzluqdan şikayətçidirlər. 6-cı keçid adlandırılan ərazisində yaşayan sakinlərin virtualaz.org-a ünvanladıqları müraciətdə deyilir ki, qəsəbədaxili yollara asfalt  örtüyünün çəkilməsi üçün 15 ildən artıqdır döymədikləri qapı qalmayıb. 

Paytaxtın əksər yeni salınan məhəllələrində olduğu kimi 6-cı keçid ərazisindəki gecəqondu tipli evlərin çoxu sənədsizdir. Səhralığı xatırladan boş ərazidə təxminən 20-25 il əvvəl məcburi köçkünlər məskunlaşıblar, sonradan torpaq alıb ev tikənlərin sayı artıb.

Sakinlər bildiriblər ki, torpaq satılarkən yollara asfalt örtüyünün çəkiləcəyini vəd ediblər, illər bir-birini əvəz edib, vədin yerinə yetiriləcəyini gözləyə-gözləyə qocalıblar. “Nəinki yağışlı, qarlı havada, hətta yayın istisində belə məhəlləyə girmək müşkül olur. Xüsusən yağışlar başlayan  kimi palçıq dizə qalxır, dərin gölməçələr, bataqlıq yaranır. Çox zaman rezin çəkmələr də işə yaramır, dizə çıxan palçıqda batıb qalırıq”, -müraciətdə deyilir.

Yol bərbad vəziyyətdə olduğundan məhəlləyə avtobus getmir. Sakinlər tozlu-palçıqlı, kələ-kötür yolla uzun məsafə qət etməyə  məcbur qalırlar. Şikayətçilər deyiblər ki, bəzən yağışlı havada evdən dayanacağa qədər yolu taksi ilə gedirlər.

“Vəziyyətimizi təsəvvür edin, dağ kəndindən qonaq gələnlər yollarımıza təəccüblənirlər. Hətta ucqar kəndlərdə belə yol yoxdur. Bəzən taksi ilə gedirik ki, palçığa batmayaq. Bəzən də  maşın palçığa batır, birtəhər köməkləşib çıxarırıq. Belə yaşamaq olar? Xəstə üstünə çağrılan təcili yardım maşınları belə məhəlləyə girə bilmir, yarı yolda saxlayırlar, həkimlər piyada qalxırlar”,-şikayətdə deyilir.

Sakinlər sayta foto görüntülər də təqdim ediblər. Görüntülərdən bəlli olur ki, məhəllənin yolu doğrudan da bərbad vəziyyətdədir. Evlərin qarşısına taxtadan, sökük qapılardan körpü düzəldib, gediş-gəlişi asanlaşdırmağa çalışıblar.

Lökbatan bələdiyyəsinin özünü təqdim etmək istəməyən xanım əməkdaşı isə sakinlərin bir az da səbr etməsini tövsiyə edib. Onun sözlərinə görə, bələdiyyə gücü çatdığı qədər yolları təmir edir, abadlıq işləri aparır, həmin ərazilərə də növbə çatacaq: “Qəsəbə böyükdür, mərhələlərlə abadlıq işləri aparılır. Digər qəsəbələrdə olduğu kimi qanunsuz məskunlaşma var, məcburi köçkünlər də çoxdur. Sakinlər bələdiyyəyə müraciət ediblərsə, mütləq tədbir görüləcək”,-bələdiyyə əməkdaşı belə deyib.

Qaradağ Rayon İcra Hakimiyyətindən isə Lökbatan qəsəbəsində mərhələlərlə abadlıq işlərinin getdiyini deməklə kifayətləniblər.

Ü.Xudiyeva

Virtualaz.org

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar