Səməd Seyidov istintaqa çağrılaraq dindirilib

Rektorun Dillər Universitetindəki maliyyə pozuntularına görə cinayət işi üzrə məhkəməyə də gətiriləcəyi gözlənilir

Azərbaycan Dillər Universitetində (ADU) aşkarlanmış maliyyə pozuntuları ilə bağlı başlanan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Vəkillər vəsatətlə çıxış edərən cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyiblər. Hakim vəsatəti təmin edib. Proses sentyabrın 25-dək təxirə salınıb.

Qeyd edək ki, 2012-ci ildə Hesablama Palatası ADU-dakı maliyyə pozuntuları ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.

Həmin il sentyabrın 24-də isə Baş Prokurorluq bununla bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Hesablama Palatasından daxil olmuş materialların araşdırılması zamanı müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödədiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talayıb.

Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor E.Həmidzadə və universitetin daha 4 əməkdaşı təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Mənimsənilən vəsait ödənildiyi üçün təqsirləndirilən şəxslər barəsində həbs qərarı çıxarılmayıb.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.

“Azadlıq”a daxil olan məlumata görə, ADU-nun rektoru, deputat Səməd Seyidovun da məhkəməyə gətiriləcəyi gözlənilir. Çünki, rektor bu cinayət işi üzrə Ağır Cinayətlərə Dair Istintaq Idarəsində dindirilib. Səməd Seyidovun ifadəsinin məzmunu barədə bilgimiz yoxdur. Lakin məlumatı verən qaynaq iddia edir ki, istintaq zamanı rektordan ifadə alınması onun məhkəməyə də gətirələcəyi ehtimallarını artırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar