“MÜHARİBƏ DÜNYANIN DAŞINI YERİNDƏN OYNADAR…” – “Ən böyük ziyan İrana dəyər”

Dərc olunub: 23/09/2019 - 16:29

efshar-suleyman

Səudiyyə Ərəbistanının neft müəssisələrinin vurulmasından sonra İran ətrafında növbəti dəfə gərgin situasiya yaranıb. ABŞ kəşfiyyatı və mətbuatı açıq bəyan edir ki, neft obyektləri İran tərəfindən və ya İran istehsalı olan silahlarla vurulub. Beynəlxalq səviyyəli mütəxəssislər İranın ABŞ, Səudiyyə və digər müttəfiqləri tərəfinən vurulacağını real hesab edirlər.

“AzPolitika.info” bu mövzunu İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani ilə müzakirə edib:

- Əfşar bəy, sizcə İranın Səudiyyənin neft müəssisələrinə zərbələr endirməsi üçün hansı əsasları və hədəfləri ola bilərdi?

– Husilər elan edirlər ki, Səudiyəyə zərbəni biz endirmişik və hücum zamanı istifadə edilən dronları da özümüz istehsal etmişik. Yəni bu məsələnin İrana dəxli yoxdur. Amma eyni zamanda İran husilərlə əlaqələrini gizlətmir və deyir ki, onları dəstəkləyirik. Ancaq hücum zamanı istifadə edilən silah və hərbi avadanlıqları husilərin özlərinin istehsal etdiyini bildirir. Bu mənada həmin silahların İran istehsalı olması, hücumun İran tərəfindən təşkil edilməsi haqda deyilənlər sadəcə iddialardır. Vuran deyir ki, mən vurmuşam. Əgər bu zərbənin İrandan vurulduğu iddia edilirsə, bu iddianı doğruldacaq faktlar ortaya qoyulmalıdır. Ancaq ABŞ və Səudiyyə sözdə hücumun İran tərəfindən edildiyini deyirlər.

Xatırladım ki, körfəzdə bir neçə dəfə gəmilərə problem yaradılıb, bəzilərinə hücumlar olub. Hər dəfə də ABŞ elan edib ki, bu İran tərəfindən olunub. Amma sonradan ortaya fakt qoya bilməyiblər. Heç bu məsələnin arxasınca da getməyiblər. Əslində bu addımı atmaq İranın xeyrinə də deyil. İran bu mərhələdə sanksiyalara məruz qalıb, Avropa ilə müzakirələr aparır, ortada yeni təkliflər var. Bu halda İran nədən Səudiyyə neft müəssisələrini vurmalıdır? Bu İrana hansı xeyiri gətirə bilər? Bu mənada düşünürəm ki, deyilənlər əsassızdır. Ancaq nəzərə alın ki, İsraildə Netanyahu seçkilərə gedirdi, özü də arzu etmirdi ki, İranla ABŞ arasında razılaşma olsun. Məntiqlə belə bir ssenari İsrailin işinə hamıdan çox yarayır.

Digər tərəfdən, ABŞ və İran arasında 40 ildir ki, gərginlik var. Tramp hakimiyyətə gəldikdən sonra bu gərginlik daha da artıb. İndi də artan xətt üzrə davam edir. Eyni zamanda Səudiyyə Ərəbistanı 5 ildir Yəməndə məğlubiyyətə uğrayıb. Faktiki olaraq hərbi baxımdan uğur əldə etməyib. Əvəzində mülki obyektləri, insanları havadan vururlar. Səudiyyənin özü bilmir ki, neft obyektləri hansı formada vurulub, necə olub ki, bunu müəyyən edib, qarşısını ala bilməyiblər. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı 100 milyardlar ödəyərək ABŞ-dan və digər ölkələrdən müasir silahlar, raket hücumundan müdafiə sistemləri alıb. Amma son hücum zamanı bunun önünü ala bilməyiblər. Bu olduqca önəmli məsələdir.

- ABŞ kəşfiyyatı elan edib ki, Səudiyyə neft müəssisələrini vuran dron və raketlər İranın cənubundan, körfəzin qərbindən havaya qalxıb…

– Deyirlər, amma ortaya sübut qoya bilmirlər. Əgər radar izləri, peyk görüntüləri varsa, ortaya qoysunlar. Amma diqqətlə baxın, ABŞ deyir İran edib, amma Yaponiya, Fransa, Almaniya, Cənubi Koreya və digərləri bu iddianı qəbul etmir. Adətən ABŞ-ın mövqeyini ilk olaraq İngiltərə müdafiə edirdi, indi Londonda bu iddialara ehtiyatla yanaşırlar. Yəni ABŞ-dan savayı heç bir ölkə bu iddianı təsdiq etmir. Dedikləri gerçək fakt olsa bunu BMT Təhlükəsizlik Şurasına beynəlxalq məsələ kimi qoyar və dünya dövlətləri bunu qəbul edərlər. Amma bunlar yoxdur.

- Sanki, İran özü də Səudiyyə neft müəssisələrinə onun tərəfindən hücum edildiyini qətiyyətlə təkzib etməkdə maraqlı görünmür…

– Əksinə, İran Xarici İşlər Nazirliyi, nazirin özü Cavad Zərif təkzib edib. Hətta İran və ABŞ arasında vasitəçilik edən Tehrandakı İsveç səfirliyinə rəsmi məktub təqdim edilib. Məktubda açıq formada bəyan olunub ki, Səudiyyə neft müəssisələrinə endirilən zərbənin İranla heç bir əlaqəsi yoxdur. Yəni bu İran tərəfindən edilməyib. Əgər ABŞ belə düşünürsə və İrana qarşı başqa addımlar atmağa çalışsa, cavab veriləcək.

- Sentyabrın 18-də İran prezidenti Həsən Ruhani bəyan etdi ki, Səudiyyə Ərəbistanının neftayırma zavodlarına və neft quyularına endirilən zərbə xəbərdarlıqdır. Bu açıqlama hansı mənanı daşıyır?

– Bu o demək deyil ki, hücumu biz təşkil etmişik. İran diplomatik kanalları açıq tutaraq bu işdə əlinin olmadığını bəyan edib. Bundan başqa nə olmalıdır? Sadəcə İran Prezidenti hadisəni təhlil və şərh edərkən deyib ki, bu xəbərdarlıqdır. Ola bilsin ki, İran prezidenti bu mənada fikrini ifadə edib.

- Bir neçə gün əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun hava qüvvələri komandanı Əmir Əli Hacızadə bəyan edib ki, ABŞ-ın Qətər və BƏƏ-dəki hərbi bazalarını və körfəzdəki gəmisini məhv edərik. Əgər Səudiyyəyə hücumu İran təşkil etməyibsə, onda bu bəyanatlar hansı məqsədi güdür?

– Bu, İranın mövqeyidir və yeni mövqe də deyil. İran elan edir ki, ABŞ bizə həmlə etsə, bu zaman regionda olan bazalarından istifadə edəcək. Eləcədə regiondakı müttəfiqləri də ona yardım edəcək. ABŞ avadanlıq gətirib, Fars körfəzində, Orta Şərqdə, Aralıq dənizində bazalar qurub. Tehran deyir ki, əgər ABŞ bizi vursa, biz də bu obyektləri vuracağıq. Yəni sənin bazalarına, müttəfiqlərinə zərbə endirəcəm. Təbii ki, İranın imkanı yodur ki, ABŞ-ın özünü vursun. ABŞ-ın da İordaniyada, Qətərdə, Bəhreyndə, Səudiyyə Ərəbistanında bazaları var. İran da deyir ki, bunları vuracağam. Çünki ABŞ məhz bu ərazilərdən İranı zərbə endirə bilər. Bu mənada İranın mövqeyi anlaşılan olmalıdır.

- ABŞ prezidenti bildirdi ki, Vaşinqton hazırda Səudiyyə Ərəbistanının cavab və mövqeyini gözləyir və bundan sonra addım atacaqlar. Bu addım İrana zərbə endirmək ola bilərmi?

– Nəzəri baxımdan mümkündür, amma düşünmürəm ki, buna gedilsin. Səudiyyə də bunu arzu etməz. Səudiyyə son hadisələrdən sonra qorxu içindədir. Tramp həmişə Səudiyyənin əvəzinə qərar verirdi, amma indi deyir ki, Ərəbistan sən özün qərar ver. Əlavə edir ki, masada müxtəlif təkliflər var. Maliyyə nazirinə də tapşırıq verib ki, İrana qarşı sanksiyaları genişləndirsin. Bu, onu göstərir ki, hələ hərbi zərbə gündəmdə deyil, hücuma keçmək planı yoxdur. Səudiyyə rəsmi şəxslərinin açıqlamalarından da hiss olunur ki, İrana hücuma keçmək istəmirlər. Özləri də bilirlər ki, Suriyada, Əfqanıstanda, Liviyada vəziyyət nə yerdədir.

İkincisi, ABŞ-da seçki prosesi başlanır. Tramp ikinci dəfə prezident seçilmək istəyir və bu ərəfədə İrana müharibəyə başlamaq seçkilərdə onun əleyhinə işləyən məqam olardı.

Əslində vəziyyətdən çıxış yolu var. Bunun üçün Səudiyyə Yəməndə geri çəkilməli və sülh əldə olunmalıdır. İkincisi, ABŞ və İran diplomatik yollarla məsələni həll etməlidir. İran Vaşinqtona deyir ki, sən 5+1 nüvə sazişindən çıxmısan, bizə qarşı sanksiya tətbiq etmisən. Gəl sanksiyaları götür, yenidən 5+1 formatında danışaq. İranın şərti budur.

Düzdür, sanksiyalar İran iqtisadiyyatına təsir edir. Amma reallıq odur ki, bu sanksiyalar altında İran yaşayır, onların gözlədiyinin əksinə olaraq, daxildə problem müşahidə edilmir və xalq ayaqlanmayıb. Bu mənada ən yaxşısı diplomatik yola baş vurmaqdır. Fransa prezidenti Makronun da bununla bağlı planı var və bu da müzakirə oluna bilər. Amma ABŞ deyir ki, sanksiyaları artıracağam.

- Müharibə başlasa və İrana zərbələr endirilsə, sonu necə olacaq?

– Müharibə bu regionda olan hər kəsin ziyanınadır. Səudiyyə, Küveyt, Qətər, Oman, BƏƏ, habelə İranın qonşuları olan hər kəs ziyan görər. Onsuz da, hərbi müdaxilə olmayacaq, kənardan İranı vurmaq xətti götürüləcək. Həm də bilinmir ki, müharibə başlasa nə zaman bitəcək, neçə il davam edəcək. Nəzərə alın ki, müharibənin Avropaya da ciddi təsiri olacaq. Baxın, görün Suriya məsələsində Avropa nə qədər ziyan çəkdi. Bu gün də Rəcəb Tayyip Ərdoğan Avropanı qaçqın faktoru ilə hədələyir.

İkincisi, enerji məsələsi var. Müharibə olsa körfəzdən neft daşınması dayanacaq. Bu, Avropada qiymət artımına səbəb olar. Dünya bazarında neftin qiyməti qalxar, inflyasiya inkişaf edər. Beləcə təhlükəsizlik məsələsi sual altına düşər. ABŞ da bunu hər kəsdən yaxşı bilir. Əfqanıstana, İraqa hücum çəkdilər, məsələ həll edilibmi? Əlbəttə, müharibənin İrana da çox ziyanı dəyəcək, itkilər olacaq. ABŞ isə müharibədə ziyan etməz, çünki bölgədən uzaqdır, özləri neft və qaz istehsal edirlər. Rusiya belə vəziyyətdə xeyrini götürər. Başqa sözlə, neftini, qazını satar, təhlükəsizliyini təmin edər. Rusiya İranla dəniz vasitəsilə qonşu olsa da, uzaqdır. ABŞ-ın başı İranla müharibəyə qarışsa, bu Moskvaya sərf edər. Amma Yaponiya, Cənubi Koreya da bu müharibədən ziyan görər. Onu demək istəyirəm ki, belə bir müharibə dünyanın daşını yerindən oynadar. Bir daha qeyd edirəm ki, belə müharibə İrana daha çox ziyan verər, bu fəsadları aradan qaldırmaq üçün bizə illərlə vaxt lazım olar. Və belə bir müharibənin də qalibi olmaz. Baxın, ölkələr bir-birilə müharibə edir, sonra da diplomatlar danışıqlara başlayıb məsələni həll edirlər. Müharibə olsa da, olmasa da, problemi diplomatik danışıqlarla həll olunur. Əgər belədirsə, onda müharibəyə nə ehtiyac var, bu başdan danışıqlarla problemləri həll etmək olar. Amma diqqətlə baxanda aydın olur ki, ABŞ ərəb ölkələrinin pulu ilə müharibə aparmaq istəyir. Tramp açıq deyir ki, Səudiyyənin mövqeyini gözləyirik. Yəni müharibə istəyirsənsə pulunu ver aparaq.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin