DİKTATORUN QORXULU YUXUSUNA ÇEVRİLƏN BİZNESMEN – O, misirliləri küçələrə necə çıxardı?

Misirdə sentyabrın ikisindən bu yana ciddi fəallaşma hiss olunur. Bu, 2013-cü ildə hakimiyyətə gələn Əbdülfəttah Sisinin 6 illik iqtidarı dövründə müşahidə edilən nadir prosesdir.

Misirliləri fəallaşdıran, başqa sözlə, dikator Sisiyə qarşı prosesə başladan şəxs isə Məhəmməd Əli adlı iş adamıdır. Məhəmməd Əli hazırda İspaniyada sürgün həyatı yaşayır. Son həftələr misirlilər yalnız Məhəmməd Əli haqqında danışır, onun sosial şəbəkələrdəki müraciət və açıqladığı korrupsiya faktlarını müzakirə edirlər.

Biznesmenin Əbdülfəttah Sisinin korrupsiya əməllərinə dair son çıxışları ötən cümə günü misirlilərin Qahirə və digər iri şəhərlərdə hakimiyyətə qarşı ayaqlanmasına səbəb olub. Biznesmen, bu həftənin cümə günü də 10 minlərlə insanın iştirakı ilə etiraz mitinqi keçirəcəyinə dair bəyanat verib.

Sentyabrın 22-də sosial mediada 30 dəqiqəlik yeni bir videoçıxış edən biznesmen, Sisinin bu həftə içində istefa verməyəcəyi təqdirdə cümə günü izdihamlı mitinq təşkil edəcəyinin anonsunu edib.

15 il müddətində Misir ordusunda sistemli olaraq inşaat layihələrində iştirak edən əmlak və inşaat şirkətinin sahibi olan Məhəmməd Əli dövlət xərcləmələrində korrupsiya faktlarını açıqlamaqla, sadə misirliləri Sisi hakimiyyətinə qarşı səfərbər etməyə müəyyən qədər nail olub.

Məhəmməd Əli Sisi və ailəsinin Qahirə və İsgəndəriyyə şəhərlərində lüks tikinti layihələrində iştirak edərək, dövlət pulunu mənimsədiyini, Misirdə hər kəsin bildiyi “aşağı səviyyəli korrupsiyanın” yeni bir inkişaf səviyyəsinə qaldırıldığını açıqlayır.

Diktatora qarşı xalq səfərbərliyinin memarı olan Məhəmməd Əlini misirlilər sentyabrın 2-də izlədikləri bir videoçıxışla tanımağa başlayıblar. Sentyabrın 2-də Əbdülfəttah Sisi iqtidarını milyonlarla dollar korrupsiya əməllərində ittiham edən biznesmenin video çıxışı milyonlar tərəfindən izlənilib. Məhəmməd Əlinin qısa müddət ərzində yayınladığı video çıxışları Misirdə baxış rekordlarını qırıb.

İş adamının faktlar əsasında çıxışı artıq Misir rəhbəri Sisini ciddi narahat etməyə başlayıb. Ötən həftənin sonlarında Sisi qatıldığı tədbirdə ad çəkmədən biznesmenin iddialarına cavab verib. Bu isə Məhəmməd Əlini misirlilərə təsir edən əsas sima kimi ortaya çıxarıb. Qahirədə keçirilən gənclər konfransında çıxışı zamanı Sisi bəyan edib ki, “özünü ölkəsinə xərcləyir”.

“Mən yeni bir ölkə qururam. Onun qaynaqlarının heç biri mənim deyil, Misirindir”, - diktator biznesmenin onun korrupsiya əməllərini ifşa etməsinə cavab olaraq deyib.

Misirli jurnalist Mahmud Şaban hesab edir ki, yüksək çinli bürokratların Məhəmməd Əlini dəstəklədikləri haqda cəmiyyət içində güclü bir inam var, biznesmen, Sisinin iqtidardan getməsinə nail olduqdan sonra İspaniyadan Qahirəyə dönməyi planlayır.

Bundan başqa, Məhəmməd Əli videolarında Misirdə hakimiyyətə gəlmək və ya siyasi karyera qurmaq haqqında danışmır, sadəcə korrupsiya faktlarını açıqlayır ki, bu da xalqın ona inam və etimadının durmadan artmasına səbəb olur.

Misirli jurnalistlər qeyd edirlər ki, əslində 2 sentyabr videosuna qədər Məhəmməd Əli Misirdə populyar bir şəxs olmayıb, amma qısa müddət içində ölkədəki müxalifət partiyalarının bacarmadığı işi həyata keçirərək, 10 minlərlə misirlini küçələrə çıxara bilib.

Feysbuk sosial şəbəkəsində “Məhəmməd Əlinin sıraları” adlı hesabı olan biznesmen burada 30 milyon misirlinin dəstəyini istədiyini elan edir. Elcədə “Əli aksiya keçirilən yerləri müəyyən edib, bu cümə günü xalqı küçələrə çağıracaq” şəklində müraciəti yayılıb. Biznesmen bu çağırışına 30 milyon insanın dəstək verəcəyi təqdirdə Sisinin istefa verməli olduğunu elan edir.

Qeyd edək ki, Misir mediası 2013-cü ilin 30 iyununda 30 milyon insanın ölkənin seçilmiş ilk prezidenti Məhəmməd Mursinin istefası tələbi ilə küçələrə çıxdığını elan etmişdi. Dolayısı ilə Məhəmməd Əlinin “30 milyon” hədəfi Misirin ilk qanuni prezidentinin devrilib, əvəzində diktatura qurulmasını xatırladan mesajdır.

Məhəmməd Əli Sisi hakimiyyətinə yaxın şəxslərin onu Müsəlman Qardaşları Təşkilatının üzvü olmasına dair iddialarını da rədd edib. Bundan sonra internet məkanında “Sisi, bu qədər yetər!” adlı bir haştaq açılıb. Bir neçə gün ərzində 1 milyona çatan haştag hakimiyyət tərəfindən qapadılıb.

Müşahidələr göstərir ki, ötən həftənin cümə günü keçirilən aksiyalardan sonra bir çox siyasətçi ölkədə reformalar tələblərini yenidən səsləndirməyə başlayıb.

Misir Demokrat Partiyası yaydığı açıqlamada aksiyalar zamanı saxlanılanların dərhal azadlığa buraxılması daxil olmaqla, əhatəli islahatlar keçirilməsi tələbini səsləndirib.

İnqilabçı Sosialist Hərəkatı isə bəyan edib ki, artıq qorxu mühiti sona çatıb və Sisinin hakimiyyətdən getməsi çətin deyil, hər zamankından daha asandır.

Misir Sosial Haqlar Mərkəzinin məlumatına görə, ötən həftənin cümə günündən başlayan etiraz aksiyalarında 356 nəfər həbs edilib.

Vəkil Xalid Əli isə saxlanılanların sayının 300 nəfər olduğunu, ancaq onların kimliyini bu günə qədər müəyyən edə bilmədiklərini ifadə edib. İlkin məlumatlara görə saxlanılanlar arasında tələbələr, jurnalistlər və aktivistlərlə yanaşı hüquqşünaslar da var.

Məlumat üçün xatırladaq ki, Misir prezidenti Əbdülfəttah Sisi bu ilin yazında 5 mindən çox izləyicisi olan sosial media hesablarının Media Nəzarəti Şurası tərəfindən təftiş edilməsinə yol açan qanunu imzalayıb. İnsan haqları fəalları Sisi hakimiyyətinin bu addımını ciddi tənqid edir, son meydanlardan biri kimi görünən sosial şəbəkələrdə ifadə özgürlüyünün hədəfə alındığını bildirirlər.

Vaqif Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar