Gözündən yuxu tökülən məktəblilər... Dərs saatları dəyişsinmi?

Son günlər dərs ilinin başlaması ilə sosial şəbəkələrdə təhsillə bağlı məsələlərin müzakirəsi aktivləşib. Ən çox müzakirə olunan isə birinci sinif şagirdlərinin erkən saatlarda yuxudan oyana bilməməsi və dərsə gedən zaman yuxulu olmasıdır.

Bu müzakirələrin izinə düşərək biz də bir neçə məktəblinin valideynləri arasında sorğu keçirdik. Valideynlər deyir ki, uşaqlar saat 8-də dərsdə olmalıdır və biz məcburuq ki, onları saat 06:30-da yuxudan oyadaq. Valideynlər deyir ki, bu saatda uşağı yuxudan oyatmaq ona əziyyət verməkdir, dərslər bir saat gec başlasa daha yaxşı olar.

Valideynlərin təklifinə münasibət bildirən təhsil ekspertlərinin bu məsələdə mövqeyi müxtəlif oldu.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayevin fikrincə, dərslərin səhər erkən saatlarda başlaması uşaqlar üçün çox əziyyətlidir: “Mən özüm də bir valideyn kimi çox istərdim ki, ibtidai siniflər üçün dərs saat 9-da başlasın. Yaxşı olar ki, Təhsil Nazirliyi bu haqda düşünsün. İbtidai siniflər ümumilikdə 3 saat dərs keçirlər. Bunu 9-da başlaması heç bir proqrama təsir etməz. Yuxulu vəziyyətdə beyin aktiv olmur və qavrama gecikir. Uşaqlar ən azı 1 saatdan sonra fəallaşmağa başlayırlar. Burada yaşa uyğun olaraq uşaq psixologiyası və fiziologiyası nəzərə alınmalıdır. Belə bir təklif müzakirə olunmalıdır və ibtidai siniflər üçün dərslərin bir saat irəli çəkilməsi çox yaxşı olar.

Məlahət Mürşüdlünün fikrincə, bu problemin əsas səbəbi uşaqların evlərindən uzaq məsafələrə dərsə getməsidir: “Valideynin uşağı öz yaşadığı ərazinin yaxınlığında yerləşən məktəbə qoyması daha məqsədəuyğundur. Məsələn, Mərdəkandan şəhərin mərkəzinə dərsə uşaq gətirirlər, sözsüz ki, balacalar üçün bu çox böyük fiziki və psixoloji əzabdır. Məktəblər artıq 5 günlük sistemə keçib və dərslər ən gec saat 8-də başlamalıdır ki, sonrakı növbə üçün də yer olsun. Buna səbəb məktəblərin daha çox yüklənməsi və şagird çoxluğudur. Daha yaxşı olar ki, uşaqlar yaşadıqları ərazidəki məktəblərə getsinlər və çox tez durmaq məcburiyyətində qalmasınlar. Uşaqların dərsdə yuxulamasının səbəbi odur ki, valideyn evdə onların yuxu rejiminə nəzarət etmir. Uşaqlar saat 12:00 –a kimi oyaq qalırlar, gec yatırlar. Gecənin yarısına qədər televizor qarşısında oturan və ya internetdə oyun oynayan azyaşlı uşaq təbii ki səhər tezdən dura bilməyəcək. Uşaqların konkret rejimi olmalıdır, dərslə məşğul olmaq, dincəlmək, yatmaq vaxtları dəqiq olmalıdır və buna riayət edilməlidir. Bu uşaqların daha uğurlu olmasına səbəb olacaq. Saat 9-da əksər dövlət idarələrində iş başlayır. O zaman valideynlər deyəcək ki, bizim işimiz başlayır və ya yolda tıxac olur. Bir məsələdə həmişə hər kəsi qane etmək olmur. Bu dərs cədvəli də qəbul edilən zaman müzakirə edilib, sorğular keçilib, yekun rey olaraq qəbul edilib. Məktəblərdə dərslər ən gec 08:30-da başlayır”.

Məktəb yaşlı övladı olan şair-publisist Əvəz Qurbanlı isə deyir ki, səhər saat 8:00-da dərslərin başlama müddəti üçün ən ideal vaxtdır: “Əgər uşaq normal yuxu vaxtını yatırsa, səhər dərsdə yuxulamamalıdır. Uşaqların axşam yatması üçün nəzərdə tutulmuş vaxt - 22:00-dır. Əgər həmin rejimə əməl olunarsa, yuxu ilə bağlı heç bir problem olmaz. Hələ keçmiş sovet dönəmində də səhər saat 8:00 dərslərin başlaması üçün ən optimal vaxt hesab olunurdu. Bu vaxtı təbii ki, mütəxəssislər ölçüb-biçmişdilər və hər xırda nüansı nəzərə almışdılar. Şagirdlərin dərsdə yatması isə təyin olunmuş vaxtla bağlı problem deyil. Bu problemin - səhər idmanı ilə məşğul olmamaq, yuxu vaxtında yatmamaq, rejimə düzgün əməl etməmək kimi səbəbləri var”.

Psixoloq Narınc Rüstəmova isə hesab edir ki, məktəbin uşaqların həyatında, sosial inkişafından çox böyük rolu var: “Əgər fiziki və psixoloji baxımdan yanaşsaq, uşaqlarda sağlam yuxu rejiminin formalaşdırılması, onun yuxudan sonrakı aktivliyində, qavrayış qabiliyyətinin yüksəlməsi üçün çox vacibdir. Bu saatlarda uşaqlarda zehin daha aktiv olur və öyrənilən biliklər və bacarıqlar daha tez mənimsənilir. Sadəcə indi valideynlər uşaqların yuxu rejimini düzgün qura bilmirlər. Bəzən uşaqlar gecə saat 12-də, 1-də yatırlar. Təbii ki, həmin uşaq səhər yuxudan oyanmaqda çətinlik çəkəcək. Valideynlər uşaq üçün vahid yuxu rejim qurmaldır və buna şənbə və bazar günlərində də riayət olunmalıdır ki, balacalar səhər yuxudan duranda çətinlik çəkməsinlər. Axşam saat 9-dan başlayaraq normal yuxu rejimini yatan uşaq üçün saat 7-də durmaq çox asan olacaq. Bu saatda qan dövranı güclü olur və beyin oksigenlə qidalanır, informasiya qavraması prosesi rahat olur. Dərslərin saat 8:00-da başlaması uşaqlar üçün daha faydalıdır”.

Qeyd edək ki, sözügedən təkliflə bağlı “Yeni Müsavat” təhsil nazirliyinə sorğu göndərib və təklif müzakirə olunduqdan sonra mətbuatda açıqlanacaq. /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar