Müxalif partiyalar demokratiyanı müzakirə etdi - Foto

Bir qrup siyasi partiyanın qurduğu Demokratiya və İnsan Haqları Mərkəzi sentyabrın 17-də ADP-nin mərkəzi qərargahında “Azərbaycanda demokratiyanın vəziyyəti” mövzulu konfrans keçirib.

Konfransda çıxış edən Müsavat başqanı İsa Qəmbər deyib ki, hakimiyyət ölkədə demokratiyanı məhdudlaşdırmaq yolunu tutub: “Demokratiyanın məhdudlaşdırılması ölkəmizin çağdaş dünyada layiq olduğu yeri tutmasına imkan vermir. Biz nə edəcəyimizi müzakirə etməliyik. Xalq ölkədə dəyişiklik istəyir, sadəcə, xalqın demokratik dəyişikliklərə inamsızlığı var, bunu dəyişməliyik”.

“Musavat.com”un yaydığı xəbərə görə, AXP sədri Pənah Hüseyn çıxışında müxalifəti güclənməyə səsləyib: “Bu, siyasi partiyaların fəallığından keçir. Kütlənin passivliyi siyasətçilərin passivliyindən doğur”.

Vəhdət Partiyasının sədri Tahir Kərimli müxalifəti qabiliyyətsizlikdə ittiham edib: “Niyə xalq sizi dəstəkləmir? Ya xalq müdrik deyil, ya da müdrikdirsə, niyə sizi dəstəkləmir? Niyə indiyədək heç bir lider demir ki, mən hakimiyyətə gəlsəm, siyasi sabitliyi bərpa edəcəm. Niyə boyun olmurlar?”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər qeyd edib ki, müxalifət daxili yarışdan imtina etməlidir, həmçinin hakimiyyətlə dialoq yolu seçilməlidir.

ADP sədri Sərdar Cəlaloğlu deyib ki, demokratiya hakimiyyəti dəyişmək üçün yox, ilk növbədə insan kimi yaşamaq üçün lazımdır: “Mübarizənin gedişində beynəlxalq təşkilatların rəyini nəzərə almaq lazımdır. Biz indiyədək bu rəyi nəzərə almamışıq. Ölkədə demokratikləşmənin baş verməsi üçün iqtidarla müxalifətin təması, dialoqu vacibdir”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə çıxışında bildirib ki, “nə etməli” sualına cavab axtarmaq lazımdır: “Cəmiyyətə açıq olmalıyıq. Xalq bu prosesə cəlb olunmalıdır. Kim nə qədər mübarizə apara bilirsə, o siyasi təşkilatlarla o qədər irəliləmək lazımdır. Xalq prosesin içinə alınmayacaqsa, məğubiyyət qaçılmazdır. Funksional əməkdaşlıq üçün bizə heç nə mane olmamalıdır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar