Sabiq rəis Türkiyədə qətl törətməsi xəbərindən danışdı - ŞOK- YENİLƏNİB

Bakının Sabunçu rayonunun sabiq polis rəisi Rza Hacıyev qətl törətməsi barədə yayılan xəbərlərə münasibət bildirib.R. Hacıyev APA-ya açıqlamasında deyib ki, Türkiyədə qətl törətməsi barədə yayılan məlumat yalandır: " Bu, mənə qarşı təxribatdır".

R. Hacıyev deyib ki, o, hazırda Bakıda istirahət edir. Sabiq polis rəisi deyib ki, o, bir neçə ay əvvəl Türkiyədə olub, amma iş adamı Telman İsmayılova məxsus oteldə qalmayıb: “Mən bu ilin fevralında şəxsi işlərimlə əlaqədar Türkiyədə olmuşam. Lakin Telman İsmayılova məxsus oteldə qalmamışam. O oteldə qalmağa maddi imkanım da yol vermir. Bu yalan məlumatı kim haradan necə düzüb-qoşub mənə də maraqlıdır. Bir daha haqqımda yazılan xəbərləri yalan və iftira adlandırıram. Hazırda Bakıdayam, istirahət edirəm”.

Qeyd edək ki, bu gün “musavat.com” saytı öz mənbələrinə istinadən sabiq polis rəisi Rza Hacıyevin Türkiyədə qətl törətməsi barədə məlumat yayılması ilə bağlı xəbər yayıb. Saytın yazdığına görə, Antalyadakı “Mardan Palase” otelində R. Hacıyevin tanışı olduğu bildirilən 24 yaşlı Arzu Zeynalovanın üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Məlumatda o da qeyd olunub ki, R. Hacıyevin döyərək öldürdüyü A. Zeynalova Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşının qızıdır.

 

 

------------

Təqaüddə olan polis polkovniki Rza Hacıyevin “AST Telman”ın “Mardan Palase” otelində 24 yaşlı xanımı döyərək öldürdüyü deyilir

Sabunçu rayonunun keçmiş polis rəisi Rza Hacıyev yenidən mətbuatın diqqət mərkəzindədir. “Yeni Müsavat”a etibarlı mənbədən daxil olan məlumata görə, Telman İsmayılovun (AST Telman –red.) Antalyadakı “Mardan Palase” otelində Rza Hacıyevin tanışı olduğu bildirilən qadının meyiti aşkarlanıb. 24 yaşlı Arzu Qəmbər qızının bədəni üzərində zorakılıq əlamətləri olub. Məlumata görə, polis rəisi qadına həmin xəsarətləri yetirməkdə şübhəli bilinir.

Qaynağımız iddia edir ki, R.Hacıyev qadını döyərək öldürüb. Polis polkovniki olan R.Hacıyev bu ilin fevralında Neftçala Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən yaş həddi ilə bağlı azad olunaraq təqaüdə göndərilib. O, sonuncu iş yeri olan Neftçala RPŞ-yə Bakının Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsindən çıxarılandan aylar sonra, 2009-cu ildə təyin olunmuşdu. 2008-ci ildə R.Hacıyevi Sabunçu RPİ-nin rəisi vəzifəsindən evində baş verən müdhiş oğurluğa görə çıxarmışdılar.

Həmin vaxt R.Hacıyevin sürücüsü polis rəisinin ailə üzvlərindən biri ilə evdən qızıl-zinət və xeyli pul götürərək Rusiyaya qaçmışdılar. Sonradan R.Hacıyevin ümumilikdə 1 milyon manatlıq mal-pulunun oğurlandığı bildirildi. Bu hadisənin sorağı ölkə rəhbərliyinə çatandan sonra ən yuxarı səviyyədə R.Hacıyevin tutduğu vəzifədən azad edilməsi istənilmişdi. Arqument kimi isə “öz evini qoruya bilməyən rəis rayonu necə qoruya bilər” fikri səsləndirilmişdi.

Bəzi məlumatlara görə, polis rəisinin öldürdüyü iddia olunan xanımın atası da Daxili İşlər Nazirliyinin yüksək çinli əməkdaşı olub. Uzun müddət yol polisində çalışıb.

Məsələ ilə bağlı İstanbuldakı konsulluğumuza, XİN-ə sorğular versək də, hələlik cavab almamışıq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar