BMT-nin alt komitəsindən gələnlər Azərbaycanı tərk etmək qərarı verdi

BMT logo 1BMT-nin İşgəncələrin qarşısının alınması üzrə alt komitəsinin (İQAT) Azərbaycana gəlmiş nümayəndə heyəti səfəri yarımçıq dayandırmaq və ölkəni tərk etmək qərarını verib.

Bunu “Media forum” saytına BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə ofisindən bildiriblər.

Ofisdən qeyd ediblər ki, BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyasının fakültativ protokoluna (OPCAT) Azərbaycan da qoşulub və nümayəndə heyəti də Azərbaycana bu protokol əsasında öz mandatını həyata keçirməyə gəlib. Ancaq heyət Azərbaycanda maneələrlə qarşılaşıb, onu öz mandatını həyata keçirməyə qoymayıblar və səfəri dayandırıb ölkəni tərk etmək qərarı da buna görə verilib.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycan üzrə ofisi vurğulayır ki, Azərbaycanın rəsmi qurumları azadlıqdan məhrumetmə yerlərinə məhdudiyyətsiz girişlə əlaqədar zəmanət versə də, nümayəndə heyətinin azadlıqdan məhrumetmə yerlərinin bir neçəsinə daxil olmasının, digərlərində isə heyətin öz vəzifələrini tam yerinə yetirməsinin qarşısı alınıb: “Fakültativ protokol üzrə Azərbaycanın götürdüyü öhdəliklərin ciddi pozulması nəticəsində və nümayəndə heyətinin 8-17 sentyabr tarixləri arasında planlaşdırılan səfərinin bütövlüyünün çətinliklərlə üzləşməsi səbəbindən nümayəndə heyəti missiyanı vaxtından əvvəl dayandırmaq qənaətinə gəlib.

Nümayəndə heyəti sentyabrın 14-də fəaliyyətini dayandırıb, lakin bəzi üzvlər Bakıda qalaraq topladığı məlumatlar əsasında Azərbaycan rəsmiləri ilə müvafiq danışıqları davam etdiriblər. Sentyabrın 16-da nümayəndə heyətinin rəhbəri Aişa Şujun Muhammad Azərbaycanın xarici işlər nazirinin müavini ilə görüşüb”.

BMT-nin İşgəncələrin qarşısının alınması üzrə alt komitəsinin Azərbaycana səfər etmiş nümayəndə heyətinə bu şəxslər daxil olub: Aişə Şujun Muhammad (nümayəndə heyətinin rəhbəri), Miloş Yankoviç, Marqaret Suzuko Osterfeld, Miqel Sarre-İquiniz və Viktor Zaharia (təqiblər üzrə əlaqələndirici şəxs).

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar