“ERMƏNİLƏRƏ BORCUM QALMAYIB…” – “Gedib onlarla evlərində vuruşmalı deyiləm”

Dərc olunub: 26/09/2019 - 11:38

“Sərkisyanı Yerevanda nakautla məğlub etmişəm”

agacan ebiyev

Ağacan Əbiyev: “İntizam Komissiyası mütləq Rəfael Cəbrayılovun məsələsinə baxacaq”

AzPolitika.info Milli Məclisin deputatı, parlamentin İntizam Komissiyasının sədri Ağacan Əbiyevlə müsahibəni təqdim edir:

- Ağacan müəllim, Milli Məclisin İntizam Komissiyası son dövrlər konkret hansı fəaliyyətlə məşğuldur?

– Hələlik, Milli Məclisin plenar iclasları başlamayıb. Plenar iclaslar başlayanda İntizam Komissiyasının iş planı ilə tanış olacağıq, deputatlar da əlavələr edəcəklər. Ondan sonra vəziyyətə baxacağıq. Lazım olan məsələ gündəliyə salınacaq. İntizam Komissiyasında 11 üzv var. Onlar yığışıb iş planına baxmalıdır.

- İntizam Komissiyasında sonuncu dəfə Zahid Orucun məsələsinə baxılıb. Ondan sonra hansısa deputatın məsələsinə baxmısınızmı?

– Zahid Orucun məsələsinə baxdıq və məsələ bitdi.

- Son günlər deputat Rəfael Cəbrayılovla bağlı qəribə xəbərlər ortaya çıxıb. Bildirilir ki, həmkarınız mandatını aldığı borc qarşılığında girov qoyub. Daha sonra onun videosu yayılıb və bəlli olub ki, deputatın satlıqda olan 200 evi var və bizneslə məşğuldur. Bütün bunlar isə qanunlara və deputat etikasına zidd əməllərdir. Onun məsələsinə İntizam Komissiyasında baxılacaqmı?

– Bir bu məsələdir. Başqa problem yoxdur. Söhbət etik davranışdan gedir. Milli Məclisin payız sessiyası başlasın, şəxsən mən mandatı girov qoyub pul götürməyi düzgün davranış hesab etmirəm. Daha doğrusu etik davranış deyil. Odur ki, yığılıb danışarıq. Həm də bu iki nəfərin söhbəti deyil. Bizim komissiyanın 11 üzvü var. 11 nəfər yığışıb məsələni müzakirə edəndə sizin suallarınıza cavab tapacağıq.

- Yəni İntizam Komissiyasənın toplaşıb deputatın işinə baxma ehtimalı varmı?

– Biz mütləq yığışacağıq.

- Bunun üçün sizə Milli Məclis rəhbərliyi göstəriş veriməlidir?

– Məsələ komissiyanın gündəliyinə çıxarılacaq. Mən indi bir söz deyə bilmərəm. Siz imkan verin görək komissiya üzvləri nə deyir. Açığı mən bu mövzuda tam məlumatlı deyiləm. İmkan verin tanış olaq. Tələsməyə ehtiyac yoxdur.

- Deputat Cəbrayılov həm də borca görə məhkəməyə verilib. Buna münsibətiniz necədir?

– Siz bu mövzuda az qala məndən daha çox informasiyalısınız. Bu halda mənə niyə zəng etmisiniz?…

- Çünki Milli Məclisin İntizam Komissiyasının sədri sizsiniz…

– İndi deputat gedib kimdənsə borc alıbsa, bunu İntizam Komissiyası bilməli idimi? Belə məsələlər sonradan ortaya çıxır. Siz jurnalist, carçısınız və belə xəbərləri bizdən də əvvəl bilməlisiniz. Məsələni bilib car çəkirsiniz və düz də edirsiniz. Etirazım yoxdur. Amma biz baxarıq. Narahat olmağa ehtiyac yoxdur. Biz etik normalara qayıdacağıq.

Ancaq nəzərə almaq lazımdır ki, komissiya öz səlahiyyəti çərçivəsində məsələlərə yanaşır. Konkret siz dediyiniz informasiya haqqında geniş məlumatım yoxdur. İkincisi, Rəfael Cəbrayılovu dinləmədən onu ittiham etmək doğru olmazdı. Onun özünün də fikrini öyrənmək vacibdir. Bəlkə haqqında doğru-dürüst yazılmayıb. Bu mənada deyirəm ki, tələsmək lazım deyil. Ümumiyyətlə, insanlar qana susamalı deyillər. Kimisə qovmaq, edam etməyə tələsmək lazım deyil. İntizam Komissiyası öz çərçivəsində qaldırılan məsələyə baxıb obyektiv qərarını verəcək. Tələsməyə ehtiyac yoxdur.

- Son xəbərə görə, Rəfael Cəbrayılov Milli Məclisin sədrinə izahat yazıb. Bundan xəbəriniz varmı?

– Xeyr, bu barədə məndə informasiya yoxdur. Xəbəri sizdən eşidirəm.

- Son günlər iqtidar-müxalifət görüşü oldu, QHT-lər bir araya gəlib müzakirələr apardı, xaricdən söyüş söyənlər tənqid olundu. Sizin bu məsələlərə münasibətiniz necədir?

– Xaricdən gedib bizi söyürlər. Bu kişilik deyil. Kişi gedib xaricdən öz xalqını, onun nümayəndələrini söyməz. Bu çox pis hərəkətdir və doğru deyil. Bu, onlar üçün deyil, xalqımız üçün pis nümunədir. Azərbaycanlı xaricdə Azərbaycan və azərbaycanlılar haqqında belə söhbətlər aparmamalıdır. Əgər doğrudan da vətənini və millətini sevirsə. Harada olmasından asılı olmayaraq, azərbaycanlı ilk növbədə öz xalqını və millətini tərifləməli, müdafiə etməlidir. Bizim Azərbaycanın kölgəsinə vurmağa hazır olan o qədər mərkəzlər var ki, onların əlinə silah vermək lazım deyil.

- Amma siz özünüz bir müddət əvvəl bloger Orduxan Temirxanı rinqə dəvət etmişdiniz…

– Bəli, mən onu rinqə dəvət etdim, amma rinq alınmadı. Onlar buna getməz. Mən gedib onun evində vuruşmalı deyiləm. Onun özü də bura gəlməz. Amma mən o tərəfə getsəm, qabağıma çıxsınlar, şərait yaratsınlar danışaq. Əslində bu bir az qeyri-realdır. Xarici ölkə səni buraxarmı ki, gedib onun ərazisində “razborka” edəsən? Bu sadəcə söhbətdir.

- Siz, “razborkaya” hazırsınız?

– Mən sözümü dedim. 80 yaşlı şəxsi “razborka” söhbətinə çəkməyin…

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-York görüşünü necə qiymətləndirirsiniz? Necə hesab edirsiniz, bu danışıqlar nəticə verəcəkmi?

– Mən bilsəm ki, Qarabağ problemi 5 il müddətinə aparılan danışıqlardan sonra həll ediləcək, buna razılaşaram. Nəinki Qarabağ məsələsini qan hesabına həll etməyə. Əgər danışıqlar gedirsə, buna müsbət yanaşıram. Gec-tez danışıqlarla məsələ həll olunacaq. Çünki həqiqət və qanunlar bizim tərəfimizdədir.

İkincisi, ermənilər deyir Qarabağ bizimdir, biz deyirik ki, Qarabağ bizimdir. Bu söhbəti bir kənara qoymaq lazımdır. Qəti deməliyik ki, Qarabağ Azərbaycandır. Qarabağ qutu, bağlama deyil ki, biz deyək bizimdir, ermənilər desin ki, yox, bizimdir. Bizim yanaşmamız belə olmalıdır ki, Qarabağ Azərbaycadır. Vəssalam! Bununla məsələ bitir.

- Hesab edirsiniz ki, hərbi yola əl atmağa ehtiyac yoxdur?

– Onlar sonda elə günə düşəcəklər ki, buna məcbur olacaqlar. Əks halda ziyanları daha çox olacaq.

- Siz məşhur idmançısınız, beynəlxalq yarışlarda hakimlik edirsiniz, eləcədə parlament xətti ilə xaricdə konfranslarda iştirak edirsiniz. Köhnə illərdəki erməni tanışlarınızla rastlaşıb müzakirələr aparırsınızmı?

– Yox. Əvvəla deyim ki, mənim erməni dostlarım olmayıb, rəqiblərim olub. Mixail Qriqoryan, Rəfail Qriqoryan, Qrant Sərkisyan və başqaları. Onların hamısını udmuşam. Heç birinə borcum qalmayıb. SSRİ çempionatında ikinci yeri götürən Qrant Sərkisyanı Yerevanda nakautla məğlub etmişəm. Mixail və Rəfail Qriqoryanları isə Bakıda məğlub etmişəm. Hələ başqaları da var. Mixail Qriqoryan əvvəlcə mənu udmuşdu, sonra onu rinqə dəvət edib məğlub etmişəm.

- Rusiyada, xaricdə bu şəxslərlə heç qarşılaşmırsınız?

– Yox. Onlar nə hakimdirlər, nə də alim ki, beynəlxalq tədbirlərdə iştirak etsinlər. Nəzərə alın ki, mən 2004-cü ildə Afina Olimpiadasında boks üzrə baş hakim olmuşam. Bu, MDB məkanında ilk hadisədir. Yalnız azərbaycanlı balası Ağacan Əbiyev olimpiya yarışlarında baş hakim olub. İndiyə qədər Bakı erməniləri ilə heç vaxt rastlaşmamışam. Onlar alim deyillər ki, beynəlxalq konfranslara gəlsinlər, deputat deyillər ki, hansısa tədbirlərdə üzləşək, beynəlxalq səviyyəli idmançı deyillər ki, mötəbər idman yarışlarında üz-üzə gələk. Bir daha qeyd edim ki, keçmiş SSRİ-də indiyə qədər olimpiya oyunlarında baş hakim olmayıb. İcazə verin, mən bunu qeyd edim. Çünki ölüb gedəcəyəm, bunu heç kəs bilməyəcək. 5 il əvvəl Afinaya getmişdim. Orada Olimpiya Muzeyi var, orda bütün baş hakimlərin adı da, fotosu da var. Mən ora gedib soruşdum, dərhal məni aparıb göstərdi ki, muzeydə Azərbaycandan olan professor Ağacan Əbiyevin boks yarışlarında baş hakimlik etdiyi haqda qeyd var. Mən Azərbaycan adına fəxarət hissi keçirdim. Yeri gəlmişkən, mən dünya çempionatında, gənc boksçular arasında dünya çempionatında baş hakimlik etmişəm. İrlandiyada, Yaponiyada, Cənubi Koreyada, Afrikada baş hakimlik etmişəm.

- İdman aləmində nüfuzlu xadimsiniz, amma deputatlarla bağlı məsələdə komissiya sədri kimi passiv mövqe tutursunuz…

– Qardaşım, etik davranışı pozan şəxslər vaxtı-vaxtında xəbərdarlığını alır. Amma mən məhkəmə deyiləm. Bizim Milli Məclisin İntizam Komissiyası yalnız deputatların Milli Məclisdə etik qaydaları pozanda məsələsini müzakirə edirlər. Deputat gedib bulvarda və ya hansısa kənddə etik qaydanı pozursa, bunun bizə aidiyyəti yoxdur. Həmin rayonun və ya şəhərin özünün rəhbəri var.

- Deməli Rəfael Cəbrayılovun məsələsinin sizin komissiyaya aidiyyəti yoxdur?

– Yox, söhbət Milli Məclisdən, onun mandatından gedir. Bir daha qeyd edirəm ki, bu məsələdə istər-istəməz Milli Məclisin adı çəkilir. Əgər Milli Məclis bu məsələyə baxacaqsa, ola bilsin ki, bizim komissiyada məsələ müzakirə olunsun.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin