Avropa Parlamenti Azərbaycanla bağlı bu sənədi müzakirə edir- QƏTNAMƏ LAYİHƏSİ

Bu gün Avropa Parlamentində Azərbaycandakı repressiyalarla bağlı müzakirələr keçiriləcək. Müzakirələrin yekunu olaraq, qətnamə qəbulu nəzərdə tutulub. Qətnamə layihəsini Avropa Parlamentinin almaniyalı deputatı Aleksandr Graf Lambsdorf ALDE qrupu adından təqdim edib. Layihə qurumun saytında yerləşdirilib. Sənəddə Azərbaycandakı repressiyalar, o cümlədən hüquq müdafiəçilərinin həbsi, müstəqil mediaya basqılar, QHT-lərin susdurulması və s. məsələlərlə yanaşı, Azərbaycan məmurlarına sanksiyaların tətbiqinə dair təklif də öz əksini tapıb. Qətnamə layihəsini azadlıq.info-ya istindən tədim edirik. təqdim edirik:

***

- Avropa Parlamentinin Azərbaycandakı vəziyyətlə bağlı əvvəlki qətnamələrini, xüsusən insan haqları və qanunun aliliyinə dair qətnamələri;

- Avropa İttifaqının Genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin bu il sentyabrın 8-də Bakı verdiyi "Şərq Tərəfdaşlığı"nda vətəndaş cəmiyyətinin həlledici roluna dair bəyanatı;

- Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eştonun mətbuat katibinin Azərbaycanda vətəndaş cəmiyyətinin tanınmış simalarının həbsinə dair iyulun 17-də, avqustun 2-də və 8-də verdiyi bəyanatları;

- Avropa Şurasının baş katibi Torbörn Yaqlandın Azərbaycanda Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun həbsilə əlaqədar avqustun 1-də verdiyi bəyanatı;

- ATƏT Parlament Assambleyasının demokratiya, insan haqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santosun Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı avqustun 1-də verdiyi bəyanatı;

- ATƏT Parlament Assambleyasının iyunun 28-dən iyulun 2-nədək keçirilən illik sessiyasında qəbul olunan Bakı Bəyannaməsini (həmin sənəddə ATƏT üzvü olan bəzi ölkələrdə hüquq müdafiəçilərini, tənqidçiləri qorxutmaq, həbs etmək, susdurmaq üçün qanunvericilikdən, inzibati prosedurlardan qanunsuz istifadə halları ilə əlaqədar narahatlıq ifadə olunur);

- Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri;

- Assosiasiya sazişilə bağlı Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən danışıqları;

- Avropa Parlamentinin Azərbaycandakı vəziyyətə dair 27 mart 2014-cü il tarixli qətnaməsini nəzərə alırıq.

Azərbaycanda son dövrlərdə baş verənlər

a. Azərbaycanda son bir neçə ildə insan hüquqları sahəsində vəziyyət aramsız olaraq pisləşir. Bu ölkədə Avropa Birliyi ilə əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunmasına baxmayaraq, qeyri-hökumət təşkilatlarına, müstəqil mətbuat orqanlarına qarşı təzyiqlər, hədələr artır. Müxalif qüvvələr, hüquq müdafiəçiləri, gənclər, sosial şəbəkə fəalları və jurnalistlər arasında qorxu mühiti yaradılıb. Bu da onları özünüsenzuraya vadar edir;

b. İyulun ortalarından Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı görünməmiş səviyyədə repressiyalar başlayıb, vətəndaş cəmiyyətinin bir neçə fəalı həbs olunub, digər fəalların, o cümlədən hökuməti narahat edən sahədə fəaliyyət göstərən QHT-lərin bank hesabları dondurulub, bir qisim adamın ölkədən çıxışına qadağa qoyulub;

c. Avqustun ilk həftəsində Azərbaycanda bir neçə tanınmış hüquq müdafiəçisi həbs olunub, onların barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib;

d. "Kamil Vətəndaş" Maarifçilik Cəmiyyətinin rəhbəri Həsən Hüseynli iyulun 14-də Gəncə məhkəməsində xuliqanlıq ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum edildi;

e. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və həyat yoldaşı Arif Yunus iyulun 30-da dövlətə xəyanət, vergidən yayınma və digər ittihamlarla məsuliyyətə cəlb olunaraq, barələrində həbs-qətimkan tədbiri seçildi;

f. İnsan Haqları Klubunun rəhbəri, "Demokratiya naminə İncəsənət" kampaniyasının koordinatoru Rəsul Cəfərovun bank hesabları donduruldu, ölkədən çıxışına qadağa qoyuldu, ardınca da həbs olundu;

g. Hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti İntiqam Əliyev avqustun 8-də günün birinci yarısında dindirməyə çağırıldı və ona vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifədən sui-istifadə maddələrilə ittiham elan olunaraq, barəsində həbs-qətimkan tədbiri seçildi;

h. Naxçıvanda fəaliyyət göstərən hüquq müdafiəçisi və jurnalist İlqar Nəsibov dağıdılmış ofisində ağır yaralı vəziyyətdə tapıldı;

i. O, müalicəsi başa çatmamış xəstəxanadan çıxarıldı, İlqar Nəsibova ağır xəsarət yetirilməsinə baxmayaraq, uzun müddət cinayət işi başlanmadı;

k. Müstəqil qəzet olan "Azadlıq" maliyyə problemləri üzündən fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Qəzet korrupsiya faktlarını işıqlandırdığına görə hökumətin təzyiqlərinə məruz qalır;

l. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli və təşkilatın vitse-prezidenti Bəşir Süleymanlı qanunsuz sahibkarlıq ittihamı ilə bu il mayın 26-da müvafiq olaraq, 5 il 6 ay və 3 il 6 ay azadlıqdan məhrum edildi;

m. NİDA Vətəndaş Hərəkatının 8 üzvü xuliqanlıq, narkotik və ictimai asayişi pozma, partlayıcı maddələr əldə etmə ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum olundu; NİDA-nın daha bir üzvü Ömər Məmmədova da iyulun 4-də narkotik ittihamı ilə 5 il həbs cəzası verildi;

n. Azərbaycanda bir sıra jurnalist və fəallara hüquqi vasitələrdən istifadə olunaraq təzyiq göstərilir;

o. İlqar Məmmədov və Tofiq Yaqublu hələ də həbsdədir; Avropa Parlamentinin 2013-cü il iyunun 13-də qəbul etdiyi qətnamənin A və D bəndlərində göstərildiyi kimi, İlqar Məmmədov ötən il keçirilən prezident seçkilərində REAL Hərəkatının prezidentliyə namizədi idi;

p. Avropa Məhkəməsinin qərarında göstərilib ki, İlqar Məmmədovun həbsi üçün heç bir əsaslı sübut olmayıb;

q. Müxalifət partiyalarının liderləri və ya üzvləri, jurnalistlər, bloggerlər fikir, ifadə, sərbəst toplaşma, birləşmə kimi azadlıqlardan istifadə etməyə çalışdıqlarına görə hədələnir, həbs edilir, təqiblərə məruz qalır.

r. Leyla Yunus və Rəsul Cəfərov həbs olunmamışdan əvvəl ölkədə siyasi məhbusların siyahısını hazırlayan qrupa rəhbərlik edirdilər. Qrupa tanınmış hüquq müdafiəçiləri və ekspertlər daxil idi. Siyahıda Avropa Şurasının meyarlarına əsasən siyasi məhbus hesab olunan 100-ə yaxın adamın adı var;

s. QHT-lər, qrantlar haqqında qanuna, həmçinin İnzibati Xətalar Məcəlləsinə bir sıra əlavə və dəyişikliklər edildi. Bu il fevralın 3-də qüvvəyə minən dəyişikliklərə əsasən, Azərbaycanda yalnız dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatları maliyyə ala bilər. Alınan qrantlar da mütləq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməlidir;

t. Dəyişikliklər həmçinin müəyyənləşdirilmiş müddətdə qrantı qeydiyyatdan keçirə bilməyən QHT-lər üçün böyük cərimələr nəzərdə tutur. Hazırda Azərbaycanda 1000-ə yaxın təşkilat qeydiyyatdan keçə bilməyib. Beləliklə, onlar bank hesabı aça bilmirlər. Əlbəttə ki, qeydiyyatsız, bank hesabı olmadan da onlar yeni qaydaların tələb etdiyi hesabatlılığı yerinə yetirə bilmirlər.

u. Azərbaycanda bir sıra müstəqil hüquq-müdafiə təşkilatlarının qeydiyyatından imtina olunub;

v. Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin, eləcə də təşkilatın rəhbəri Mirvari Qəhrəmanlının bank hesabı Nəsimi rayon məhkəməsinin 8 iyul 2014-cü il tarixli qərarı ilə dondurulub;

w. Avqustun 5-də məhkəmə Baş Prokurorluğun təqdimatıyla 9 yerli və bir beynəlxalq təşkilatın bank hesablarına həbs qoyub. Həmin təşkilatlar arasında Hüquq Maarifçiliyi Cəmiyyəti; Media Hüququ İnstitutu; Azərbaycan Hüquqçular Assosiasiyası; Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu, həmçinin İREX də var. Bir sıra beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb.

x. Azərbaycan Avropa Şurasının üzvüdür və bu ilin mayından Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik edir. Bu ölkə eyni zamanda, İnsan Haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib.

y. Azərbaycan Avropa İttifaqının Yaxın Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı prqramlarında aktiv iştirak edir, Assosiasiya sazişi üzrə danışıqlar prosesindədir, həmçinin Avronest-in üzvü kimi üzərinə demokratiya, İnsan haqları və qanunun aliliyinə hörmət etmək öhdəliyi götürüb.

Tövsiyə və çağırışlar

1. Azərbaycan "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq üçün, həmçinin Avropa Şurası, ATƏT qarşısında insan haqları, əsas azadlıqlar və qanunun aliliyinə tam hörmət etmək öhdəliyi götürüb.

2. Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı görünməmiş həddə repressiyaları qətiyyətlə pisləyirik və Azərbaycan hökumətini Anar Məmmədli, Bəşir Süleymanlı, Leyla Yunus və həyat yoldaşı Arif Yunusu, Rəsul Cəfərov, İntiqam Əliyev, Həsən Hüseynli, jurnalist Rauf Mirqədirov, NİDA fəalları, o cümlədən Ömər Məmmədov, həmçinin Tofiq Yaqublu və İlqar Məmmədovu dərhal azadlığa buraxmağa, onlara qarşı ittihamları ləğv etməyə çağırırıq;

3. İlqar Nəsibova qarşı hücumu qətiyyətlə pisləyirik, onun döyülməsilə bağlı tam şəffaflıq şəraitində araşdırma aparılmasını, günahkarların tapılıb cəzalandırılmasına çağırırıq;

4. Əsas azadlıqların qorunmasında vətəndaş cəmiyyəti vacib rol oynayır. Ona görə də Azərbaycan hökumətini müstəqil vətəndaş cəmiyyətinə münasibətdə siyasətinə yenidən baxmağa və beynəlxalq standartlara uyğun onlarla dialoqa çağırırıq;

5. Hökuməti QHT-lər, qrantlar haqqında qanuna, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri ləğv etməyə çağırırıq. Çünki bu düzəlişlər Azərbaycanda QHT sektorunun inkişafının qarşısını alır, ölkənin demokratikləşməsi yolunda əngələ çevrilir;

6. Azərbaycan hökumətini mətbuat azadlığına hörmət etməyə, beynəlxalq standartlar səviyyəsində ifadə azadlığını təmin etməyə, müstəqil "Azadlıq" qəzeti kimi KİV-lərin tənqidlərinə senzura qoymaqdan çəkinməyə çağırırıq;

7. Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq prosesinə sədaqətimizi bir daha təsdiqləyərək, qeyd etməliyik ki, qarşılıqlı münasibətlərimizdə insan hüquqları, o cümlədən mətbuat, ifadə, birləşmə və toplaşma azadlıqları məsələsi mühüm şərtdir;

8. Avropa Parlamenti Azərbaycanla tərəfdaşlıq sazişinin imzalanmasına yalnız o halda razılaşa bilər ki, yuxarıda göstərilən tələblər yerinə yetirilsin, o cümlədən həbsdə olan hüquq müdafiəçiləri azad edilsin; vətəndaş cəmiyyətinin fəaliyyətinə mənfi təsir göstərən məhdudiyyətlər aradan qaldırılsın; QHT-lərə, müstəqil mətbuata, müxalifət qüvvələrinə, hüquq müdafiəçilərinə, gənclər və sosial şəbəkə fəallarına qarşı repressiyalara son qoyulsun;

9. Azərbaycanda insan haqları sahəsindəki pozuntuları, o cümlədən hüquq müdafiəçilərinə münasibətdə yuxarıda qeyd olunan halları nəzərə alaraq, Avropa Komissiyasını Yaxın Qonşuluq Siyasəti çərçivəsində Azərbaycana ayrılan maliyyəni dayandırmağa çağırırıq;

10. Avropa Komissiyasının üzvü olan ölkələri və Avropa İttifaqını Azərbaycanın vətəndaş cəmiyyətinə maliyyə dəstəyi göstərməyə çağırırıq;

11. Avropa İttifaqını və üzv dövlətləri Azərbaycandakı müstəqil təşkilatlara güclü siyasi dəstək verməyə, həmçinin Azərbaycan hökuməti qarşısında ən yüksək səviyyədə repressiyaların dayandırılması məsələsini qaldırmağa çağırırıq;

12. 24 may 2012-ci il tarixli qətnaməmizi yada salaraq, Avropa Birliyi Şurasını Azərbaycanda repressiyalar davam edəcəyi təqdirdə, insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı sanksiyaların tətbiqi məsələsinə baxmağa çağırırıq;

13. Avropa Parlamentinin prezidentinə tövsiyə edirik ki, qətnaməni Avropa xarici əlaqələr xidmətinə, Avropa Birliyi Şurasına, Avropa Komissiyasına, Azərbaycan hökumətinə və parlamentinə, Avropa Şurasına, ATƏT-ə və BMT-nin İnsan Hüquqları Şurasına göndərsin.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar