KLİNİKA RƏHBƏRİNDƏN SƏHİYYƏ NAZİRİNƏ SƏRT İTTİHAMLAR - “Nazirliyi sanki Nigar Əliyevaya icarəyə verib”

Fərman Ceyranlı: "Oqtay Şirəliev Azərbaycan tibb tarixinə bir istehzadır"

Bakıda 10 il fəaliyyət göstərən “Lancet” klinikasının bağlanması barədə bu günlərdə mətbuatda xəbərlər yayıldı. Məlum oldu ki, klinikanın sahibi tanınmış həkim, tibb elmləri doktoru Fərman Ceyranlının Tbilisidə eyniadlı tibb mərkəz açmasından sonra Bakıdakı “Lancet”ə lisenziya verilməsindən heç bir səbəb göstərilmədən imtina edilib. Fərman Ceyranlı bunla bağlı və Azərbaycan səhiyyəsinin durumu barədə jurnalistlərə açıqlama verib.

- Fərman müəllim, Bakıdakı “Lancet” niyə bağlandı?

- Klinikamız Azərbaycanda açılan ilk özəl səhiyyə müəssisələrindən idi. Lakin cari ilin 14 iyulunda, düz 10 il işlədikdən sonra onun fəaliyyətini səhiyyə naziri cənab Oqtay Şirəliyev dayandırdı. “Lancet” Cərrahlıq Klinikası fəaliyyətdə olduğu müddət ərzində minlərlə xəstələrə şəfa vermiş, yüzlərlə yetkin tibbi kadrların hazırlanmasında iştirak etmiş, səhiyyənin cərrahiyyə sahəsinin inkişafında, xüsusi olaraq da Avropa dövlətlərindən cərrahiyə sahəsində mövcud olan yeniliklərin ölkəmizə gətirilib tətbiq edilməsində rolu olmuşdur. Bir çox hallarda dövlət tibb müəssisələrində üzərində bir və ya bir neçə dəfə uğursuz əməliyyatlar aparılmış xəstələr klinikamıza gətirilərək, yenidən üzərilərində təkrar cərrahiyyə əməliyyatı aparılaraq həyatları xilas edilmişdir. Beləliklə, dəfələrlə cənab Şirəliyevin rəhbərlik etdiyi bir çox müəssisələrin nöqsanlarını aradan qaldırıb, onları pis vəziyyətdən xilas etmişik. Bu uğurlara ona görə nail ola bilmişik ki, güclü, təcrübəli və yüksək ixtisaslı kadrlarla bir komandada işləmişik. Təvazökarlıqdan uzaq olsa da, şəxsən mənim özümün keçdiyim məktəb, yəni 12 illik Moskva Tibb Akademiyası, 7 il rəhbərlik etdiyim Respublika Elmi Cərrahlıq Mərkəzi və respublikanın baş cərrahı vəzifəsi, ABŞ, Türkiyə, Almaniya və sairə Avropa ölkələrində keçirtdiyim təcrübə mübadiləsi bu nailiyyətləri əldə etməyə bizə imkan verirdi.

- Bəs klinikanın fəaliyyətinə icazə verilməməsi ilə bağlı bir izah oldumu?

- 10 il ərzində bir dəfə də olsun haqqımızda nə ciddi bir şikayət olunub, nə də ki bir ciddi tənqidə rast gəlinməyib. Bunu Azərbaycan tibb ictimaiyyəti və bütövlükdə cəmiyyət çox gözəl bilir. Sual olunur: “Lancet” klinikasının fəaliyyətinin dayandırılması kimə sərfəlidir? Bura 61 nəfər insan üçün iş yeri idi. Digər tərəfdən əhaliyə ixtisaslı tibbi yardım göstərilirdi. Nəhayət vergi şəkilində həm sosial fonda, həm də dövlət büdcəsinə vəsait daxil olurdu.

Şirəliyev cənablarına elə gəlir ki, "Lancet" bağlanmaqla onun idarəçiliyində olan klinikalarda pasientlərinin sayı artacaq. Onu da qeyd edim ki, həmin xəstəxanalarda vergi ödənilmir, dövlət büdcəsinə xeyir verilmir. Ona görə ki, Azərbaycan Konstitusiyasına əsasən dövlət tibb müəssisələrində müayinə və müalicə pulsuzdur. Əslində isə, hami bilir ki, reallıqda dövlət tibb müəssisələrində özəl klinikalardan da artıq pul alınır, amma rüşvət şəkilində alınır və mənimsənilir. Xəstələrinin sayının çoxalması məsələsinə gəldikdə isə, “Lancet” və fəaliyyəti qanunsuz olaraq dayandırılan digər özəl tibb müəssisələrin bağlanması ona yardımçı olmayacaq. Ona görə ki, xəstələr Oqtay Şirəliyevin rəhbərlik etdiyi müalicə müəssisələrinə getmirlər, çünki nə cənab nazirə, nə də ki, onun müalicə obyektlərinə öz sağlamlıqlarını etibar etmirlər. İnsanlar tibbi xidmət almaq üçün üz tuturlar ya inamları olan özəl müəssisələrə, ya da xarici dövlətlərə - Gürcüstana, İrana, Rusiyaya, Türkiyəyə və s. Elə cənab Oqtay Şirəliyevin özü və öz ailə üzvləri də, hətta dişlərini müalicə etməyə belə xarici dövlətlərin tibb müəssisələrinə üz tuturlar. Diqqətinizə bir epizod çatdırmaq istəyirəm. Hazırda Tbilisidəki “Lancet”ə müayinə və müalicə üçün müraciət edən xəstələrin azı 30 %-i Azərbaycandan gələn pasientlərdir. Klinikanın şöbələrində, palatalarda olan xəstələrə baxış keçirərkən ilk təəssüratda mənə elə gəlir ki, Azərbaycandayam.

“Bu cür imkanlarla biz xaricdən xəstə qəbul edə bilərdik”

- Xəstələrin xarici ölkələrə axının səbəbləri nədir? Bu barədə hamı danışır, amma siz daha yaxında bələdsiniz problemlərə...

- Azərbaycan Respublikasında xüsusi olaraq son 10 ildə çoxsaylı, modern, müasir, Avropa standartlarına uyğun zəngin material-texniki bazaya malik, yüksək səviyyəli avadanlıqlarla təmin olunmuş müalicə müəssisələri açılıb. İndi təzada fikir verin: bu görülən işlər ona görə olur ki, xəstələr əziyyət və xərc çəkib müalicə üçün xarici dövlətlərə üz tutmasın. Səhiyyə sahəsinə külli miqdarda vəsait ona görə ayrılır ki, ölkədən məzənnə axını olmasın. Gəlin görək nə baş verir. Bu qədər görülən işlərdən sonra Oqtay Şirəliyev cənablarının işlədiyi dövrdən bu günə qədər xəstələr həndəsi silsilə ilə artmaqla müalicə üçün xarici dövlətlərə üz tuturlar. Nə qədər maymaq olmaq gərəkdir ki, bu qədər imkanlar müstəvisində, pasientlər kütləvi şəkildə müayinə və müalicə üçün ölkə kənarına çıxırlar, halbuki o imkanlarla digər qonşu dövlətlərdən olan xəstələrə də müvafiq tibbi xidmət göstərmək olar. Bu isə ölkədən milyonlarla vəsaitin xaricə axını deməkdir. Ölkə daxilində müalicənin nəticəsinə nəzər yetirdikdə isə daha dəhşətli mənzərə yaranır. Aidiyyəti olan bütün beynəlxalq təşkilatların, o cümlədən ən mötəbəri hesab edilən Ümumi Dünya Səhiyyə Təşkilatının hazırladığı hesabatlara əsasən, uşaq ölümü, ana ölümü, müxtəlif xəstəliklərdən ümumiyyətcə ölüm faizi, infeksion xəstəliklərin yayılma dərəcəsi, kimi göstəricilərə görə ön sıralarda duraraq, Afrika ölkələri ilə bir sırada gedirik. Ən ağır xəstəliklərdən biri hesab edilən viruslu hepatit B və C xəstəliyinin yayılma dərəcəsinə gəldikdə isə, əhalinin 30%-i bu xəstəliyə yoluxub. Belə kritik bir vəziyyətdə isə siz təsəvvür edin ki, ölkədə hətta hepatoloji mərkəz belə yoxdur. İnsanlar bilmir özləri bu xəstəlikdən necə qorusunlar, xəstələndikləri halda müayinə və müalicə üçün hara müraciət etsinlər. Ona görə də pərakəndə şəkildə dərdlərinə çarə tapmaq üçün hərəsi bir ölkəyə üz tutmalı olur. Mənim dediklərimə irad olaraq cənab Oqtay Şirəliyev tibbi turizmin hər yerdə mövcud olduğunu arqument gətirəcək. Bu halda zəhmət çəksin Azərbaycana müayinə və müalicə üçün, Avropadan demirəm, İrandan, Türkiyədən, Gürcüstandan gələn bir nəfər pasienti misal gətirsin. İkinci bir arqument olaraq İranda və Gürcüstanda tibb xidməti qiymətlərinin aşağı olduğunu söyləyəcək, bunu ictimai şəkildə televiziya və digər media vasitələrində də danmır. Bahalığa gəldikdə isə, Azərbaycanda tibbi xidmət pulsuzdursa, qiymətlərin bahalığını demək dəhşətli paradoks deyilmi?!

- Bəs kadrlarla bağlı durum necədir? Bu amil də rol oynayırmı xəstə axınında?

- Əvvəlki dövrlərdə sovet sosialist sistemindən miras qalmış xəstəxanaların durumu acınacaqlı bir vəziyyətdə idi. Köhnə, təmirsiz, uçub-dağılan, yararsız tibbi avadanlıqlar. Ancaq yaxşı kadrlar hesabına, müsbət müalicə nəticələri əldə edildiyinə görə çox nadir hallarda xəstələr müalicə üçün ölkəni tərk edirdilər. Dünyada istənilən ölkədə ən aparıcı xəstəxanalarda, klinikalarda olarkən ən azından iki üç nəfər azərbaycanlı həkimə rast gəlmək olur. Özləri də ingilis dilində test imtahanları verərək həmin ölkələrin klinikalarında yararlı mütəxəssislər kimi fəaliyyət göstərirlər. Elə Azərbaycanın özündə də, kifayət qədər səviyyəli həkimlər var. Sadəcə olaraq o yazıqlar da küncə-bucağa sıxışdırılaraq çalışırlar. İmkanı olanlar isə Oqtay Şirəliyevin səhiyyə naziri olduğu dövrdə ölkəni tərk edib getdilər. Tibbi kadr potensialından səmərəsiz istifadə danılmaz bir reallıqdır.

“Nazir səhiyyəyə qoyulan sərmayəni yüzə-yüz batırıb”

- Hökumət durmadan səhiyyə sərmayə qoymaqdan danışır. Bunun doğrudanmı faydası olmayacaq?

- Oqtaya Şirəliyevin heç olmasa, səhiyyəyə xərclənən vəsaitlərə heyfi gəlməlidir. Yüzə-yüz mayamızı batırıb. Ona görə ki, artıq 10 ildir alınan tibbi avadanlıq işləmədən mənən qocalıb. Xərclənən vəsaitə, çəkilən zəhmətə müvafiq nəticə əldə etmək üçün tezliklə Oqtay Şirəliyevi səhiyyə naziri vəzifəsindən kənarlaşdırmaq, bu sahədə islahat edə biləcək bir adamı iş başına gətirmək lazımdır. Ziyanın yarısından qayıtmaq da xeyirdir.

- Oqtay Şirəliyevin dəyişməsi faydalı olacaqmı?

- Dəyişikliyə, inkişafa bu adam öz baxışları ilə yol açmalı, bütünlüklə hökumətə təkliflər verməli, doğru proqramlar hazırlamalı, yanlışlardan imtinaya nail olmalıdır. Onun marağı yalnız səhiyyənin inkişafı olmalıdır. Baxın, Oqtay Şirəliyevin məntiqi ilə, hər bir tibb müəssisəsinə verilən lisenziya hər 5 ildən bir yenilənməlidir. Sual meydana çıxır - əcaba nəyə görə? Onlarla qanunvericilik aktları və qurumlar mövcuddur ki, bu və ya digər müalicə müəssisəsinin fəaliyyətini tənzimləsin. Onlardan da ən etibarlısı, bütün sivil dünyada olduğu kimi, məhkəmələrdir. Məsələn, Gürcüstan Respublikasında tibb müəssisəsinə lisenziya birdəfəlik verilir. Axı bütün dünyanın hər yerində ciddi, iri həcmli xəstəxanalar qurularkən sahibkarın imkanından asılı olmayaraq tibbi avadanlıqların əldə edilməsi üçün küllü miqdarda vəsait tələb edilir. Bu vəsait isə bir qayda olaraq, uzun müddətli 10-20 illik kreditlər hesabına əldə edilir. İndi siz təsəvvür edin, 10 illik kredit alınıb, 5 ildən sonra da Oqtay Şirəliyev lisenziyanın müddətini uzatmır. Həmin sahibkarın vəziyyətini təsəvvür edirsinizmi?! Belə olan halda müəssisə rəhbəri necə həmin xəstəxananın material-texniki bazasını yaxşılaşdırıb, onu inkişaf etdirə bilər? Bizim klinika Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada açılaraq fəaliyyət göstərmişdir və hər il müvafiq qurumlar tərəfindən, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən yoxlanılaraq fəaliyyətimizlə bağlı heç bir irad bildirilməyib. Bir ay öncə isə, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən yoxlama keçirilərək avadanlıqlarımızın Azərbaycan dövlət standartlarına cavab verməsi ilə bağlı müvafiq qərar verilmişdir. Digər bir tərəfdən, axı, 10 il fəaliyyət göstərən bir tibb müəssisəsinin bağlanması səhiyyə nazirliyi tərəfindən həyata keçirilə bilməz. Bunu ancaq məhkəmə edə bilər. Onun üçün isə, çox ciddi hüquqi əsas olmalıdır. İndi görün, Səhiyyə Nazirliyi nə gündə, cənab Oqtay Şirəliyev nə bacarıqdadır ki, 8 palatadan ibarət kiçicik bir müalicə müəssisəsinin, kiçicik bir xəstəxana ilə rəqabət aparmaq gücündə deyil. Onun etdiyi isə, nə həkimə, nə tibb başçısına, nə də bir Azərbaycan vətəndaşına yaraşır.

“Kiçik bir diaqnostik mərkəzi işlədə bilməyib”

- Yəni burada bir qərəz də var sizə qarşı?

- Mən Respublika Elmi Cərrahlıq Mərkəzinin direktoru vəzifəsindən işdən azad edildikdən sonra iki il işsiz qaldım. Həmin müddətdən bu günə qədər bir tibb elmləri doktoru, bir mütəxəssis alim kimi, Oqtay Şirəliyevin rəhbərlik etdiyi, ictimai əsaslarla belə, heç bir qurumda elmi şura, elmi müdafiə şurası və s. təmsil edilməmişəm. Hərçənd hesab edirəm ki, belə bir işə Azərbaycan səhiyyəsində kəskin ehtiyac var. Daha sonra yuxarıda adı çəkilən xəstəxananı açdım. Oqtay Şirəliyev səhiyyə naziri olduqdan sonra, həyat yoldaşımı işdən çıxartdı, qızım göz həkimidir, ona iş vermədi, qızımı açdığım “Lancet” klinikasında öz yanımda işə götürdüm. Özüm də bu günə qədər həmin klinikada çalışırdım. Oqtay Şirəliyev səhiyyə naziri işlədiyi müddətdə bir dəfə də olsun məni dəvət edib görüş keçirməyib. Nəinki məni, bu 10 il ərzində bir dəfə də olsun özəl fəaliyyətlə məşğul olan müayinə və müalicə müəssisələrinin rəhbərləri və işçiləri ilə görüşməyib.

Bu gün Səhiyyə Nazirliyinin fəaliyyəti ilə Oqtay Şirəliyev demək olar ki məşğul olmur. Səhiyyə Nazirliyini dostları olan Nigar və Zəkiyyə xanım idarə edir. Oqtay Şirəliyev özü ilə birgə Respublika Diaqnostik Mərkəzində sıravı həkim işləmiş Nigar xanımı Səhiyyə Nazirliyinə birinci müavin gətirdi. Yeri gəlmişkən, Oqtay Şirəliyevin vaxtilə rəhbərlik etdiyi həmin Diaqnostik Mərkəz sovetlər dönəmində Azərbaycanda ən axırda qurulmuş, o dövr üçün həm inşa, həm avadanlıqla təchizat baxımından ən müasir bir mərkəz idi. İndi siz diqqət yetirin, ondan çox-çox əvvəl tikilmiş, həm material-texniki baza cəhətdən, həm fiziki durum cəhətcə mənən köhnəlmiş müalicə müəssisələri bu günə qədər az-çox işləyir, Oqtay Şirəliyevin vaxtilə rəhbərlik etdiyi Diaqnostik Mərkəz hələ 10 il bundan öncə rentabelsiz bir müəssisə kimi hərraca çıxarılaraq, elə özü tərəfindən də çox ucuz qiymətə alındı. Bir səhiyyə naziri aldığı tibbi obyektin adını belə düzgün adlandıra bilmir - "Respublika" Diaqnostika Mərkəzi. Özü də bu tibb müəssisəsi diaqnostik mərkəz olsa da, müalicə işi ilə də məşğul olur. “Respublika” sözü dövlət qurumuna məxsus olan anlamdır. Gülməli deyilmi?! O dövr üçün ən yaxşı müəssisə hesab edilən nisbətən kiçik bir diaqnostik mərkəzi işlədə bilməyib rentabelsiz vəziyyətə salan, sonra hərraca çıxarıb satan bir kəs hazırda bu böyüklükdə təşkilatı - Səhiyyə Nazirliyinin işlədə bilərmi? Azərbaycanda hər kəs bilir ki, Səhiyyə Nazirliyində xırda işlərdən tutmuş böyük vəzifələrə təyinatlara qədər, ümumiyyətlə, bütün məsələləri Nigar xanım həll edir. Sanki Azərbaycan dövlətinin ciddi bir qurumu olan təşkilatı - Səhiyyə Nazirliyi Oqtay Şirəliyev tərəfindən Nigar xanıma icarəyə verilib. Nigar xanım isə yuxarıda adı çəkilən, yaxın rəfiqəsi, heç bir tibbi savadı olmayan Zəkiyyə xanımı Səhiyyə Nazirliyinin aparat rəhbəri edib. İndi görün Azərbaycanın ciddi qurumu olan Səhiyyə Nazirliyi nə gündədir.

Beləliklə, tibb sahəsində fəaliyyət göstərdiyim müddətdə 5 səhiyyə naziri ilə işləmişəm - rəhmətlik Tələt Qasımov, Rəhim Hüseynov, rəhmətlik Fəxrəddin Cavadov, Əli İnsanov və nəhayət Oqtay Şirəliev. Axırıncısı Azərbaycan tibb tarixinə bir istehzadır.

- Hansı addımları atacaqsınız, məsələn, məhkəməyə müraciət edəcəksinizmi?

- Məhkəməyə müraciət etməyəcəyəm, təcrübəm göstərdi ki, Azərbaycanda məmurları məhkəmədə udmaq şansı yoxdur, amma səhiyyədəki durumu, nazirin fəaliyyətini şərh etməkdə, gerçəkləri göstərməkdə davam edəcəyəm.

(Azadliq.info)

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar