Dərbəndin "ram olmayan" rəhbərinə cinayət işi açılıb

Dağıstanda Dərbənd administrasiyasının rəhbəri Qurban Qurbanova qarşı cinayət işi qaldırılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə idarəsinin mətbuat xidməti açıqlama yayıb.

Qurban Qurbanov xidməti səlahiyyətlərini aşmaqda ittiham olunur. İttiham aktında deyilir ki, 2009-2013-cü illərdə Qurbanov Rusiya Federasiyasının və Dağıstanın qanunlarını pozub, Dərbənd bələdiyyəsinin respublika mülkiyyətində olan 56 hektar torpaq sahəsini fərdi şəxslərin istifadəsinə verib.

Açıqlamada bildirilir ki, Qurbanovun “hüquqazidd digər fəaliyyətləri ilə bağlı” araşdırmalar davam edir.

Xatırladaq ki, Dağıstan rəhbəri Ramazan Abdulatipov Dərbənd administrasiyasının rəhbərini vaxtından əvvəl istefaya göndərəcəyini elan edib. Onun səlahiyyətlərinin icrası Azadi Rəhimova həvalə edilib.

Lakin Qurbanov Dağıstan, ümumiyyətlə, Rusiya Federasiyasının subyektlərinə daxil olan digər ərazi vahidlərinin rəhbərləri arasında görünməmiş addım ataraq Abdulatipova qarşı “qiyam” qaldırıb. O, elan edib ki, səlahiyyət müddəti başa çatmadan istefaya getmək niyyətində deyil.

Hətta Qurbanov tərəfdarlarını toplayaraq mitinq keçirib və istefaya getmək niyyətində olmadığını elan edib. Ardınca Dağıstan hüquq-mühafizə orqanları Dərbənd administrasiyasına basqın edərək 2009-cu ildən bu yana olan bütün sənədləri götürüblər. Məlumat yayılıb ki, Qurbanov könüllü getməsə, ona qarşı cinayət işi qaldırılacaq.

Hələ sovet dövründən Dərbəndə başçılıq edən Qurbanovlar klanının lideri olan Q.Qurbanovun səlahiyyətləri gələn il başa çatırdı və indi göründüyü kimi, Abdulatipov onun könüllü istefaya müqavimət göstərməsini həzm etməyib.

Dağıstan mediasında yazılanlara görə, Qurbanov özünü “Azərbaycan prezidentinin qohumu” kimi tanıdıb. Hərçənd ki, bu qohumluq əlaqələrini təsdiqləyən fakt yoxdur. Bundan əvvəl Abdulatipov Qurbanovun Dağıstanın Bakıdakı nümayəndəsi işləyən qardaşını da işdən çıxarmışdı. İndi isə Dağıstan azərbaycanlılarının liderini həbs təhlükəsi gözləyir. /virtualaz.org

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar