QARABAĞ, YOXSA BİLƏCƏRİ UĞRUNDA SAVAŞ?... – Obyektivlik hissi itiriləndə... (VİDEO)

Qarabağ əlillərilə SOCAR əməkdaşları arasında baş verən insidentin bu qədər böyük rezonans doğurması və sosial şəbəkələrdə bir qədər də körüklənməsi, qızışdırılması cəhdləri kifayət qədər düşündürücü mənzərə yaradır.

Növbəti dəfə açıq görünür ki, cəmiyyətimizin əsəb, qıcıq və sosial stress kimi məhfumlarla getdikcə daha da çox yüklənməsi yavaş-yavaş insanlarımızın bir-birinin qanına susaması prosesinə transformasiya olunur.

Məlum insidentin kadrlarına və sosial şəbəkələrdə həmin kadrlara verilən şərhlərə baxarkən açıq hiss olunur ki, getdikcə daha çox sayda soydaşımız obyektivlik hissini itirməyə başlayır. Təbii ki, Qarabağ qazilərinin, əlillərinin, şəhid ailələrinin hər birinin başımızın üstə yeri və hər birimizin boynunda haqqı var. Ancaq təəssüf ki, bəzən üzləşdiyimiz bu cür mənzərələr – açıq təxribat elementlərinin də qarışdığı davranışlar, təhqirlər, söyüşlər və s. xoşagəlməz hallar həmin insanlarımızın qəlblərimizdə layiq olduqları yerlə qətiyyən uyğunlaşmır – Qarbağ qazisi və əlili kimi müqəddəs sayılacaq anlayışlara yaraşmır.

Səbəbindən və kimin haqlı, kiminsə haqsız olmasından asılı olmayaraq, hər hansı bir tərəf tutmadan, soyuq başla həmin kadrlara nəzər yetirəndə görünür ki, ilk olaraq hücum edən, xəsarət yetirən, söyüş və təhqir edən tərəf əlillərdir. Və qarşı tərəf mümkün qədər səbr və təmkin göstərməyə, onlara əl qaldırmamağa çalışır. Hətta bu qarşıdurmanın ikinci günü yol bağlanarkən çəkilən kadrlarda bəzilərinin özünə xəsarət yetirərək, sonradan bunu qarşı tərəfin üzərinə atmağa cəhd etdiyi də açıq görünür (Əlavə olunan videoya bax-red.). Ancaq gözümüzü tutan hiddət, içimizdə getdikcə daha çox yığılan hikkə, narazılıq və s. kimi neqativlər sanki bütün bunlara düzgün, obyektiv qiymət verməyimizə imkan yaratmır. Hansı ki, seyr etdiyimiz bu mənzərə qətiyyən cəmiyyətimizə, onun gələcəyinə, islahat cəhdlərinə və ümidlərinə deyil, kimlərinsə qaranlıq işlərinə, gərginliyə, qan tökülməsi və xaos istəyinə yarayır.

Təbii ki, bir qazinin, əlilin ev tikmək üçün maddi imkanının olması yaxşı haldır və sevindiricidir. Və dövlət, icra orqanları, eləcə də digər aidiyyatı qurumlar bu işə yardım göstərməlidirlər. Ancaq qanunla nəzərdə tutulan formada - nə tikintiyə icazə vermək üçün rüşvət istənilməli, nə də qazi, əlil adından istifadə etməklə qanunsuz olaraq ərazi zəbt edilməlidir. Ancaq etiraf edək ki, çox zaman bu kateqoriyadan olan vətəndaşlarımızın adından istifadə edərək, böyük əraziləri zəbt edib, villalar tikən və satan işbazlar, maklerlər də var. Bu cür faktlar olduqca çoxdur. Və Qarabağ əlilinə qəpik-quruş verib, onun adından istifadə etməklə varlanan belə işbazlar erməni qədər təhlükəli və vicdansızdırlar...

Bir şeyi də yaddan çıxarmaq olmaz ki, bu gün sosial şəbəklərdə linç edilən həmin SOCAR əməkdaşlarının böyük əksəriyyəti kabinetlərdə oturub, yedikcə şişən, buğlanan məmurlar deyil, 400-500 manat maaşa işləyən adi, sıravi vətəndaşlardır və onlar da qazilər və əlillər kimi ailələrinə bir tikə çörək aparmağın izindədirlər. Onlardan düşmən olmaz. Və heç kim deyə bilməz ki, sabah Qarabağda savaş olsa, onların da bir çoxu qazi, əlil, yaxud şəhid olmayacaqlar. Bəlkə də Biləcəridə baş verən həmin qarşıdurma zamanı bugünkü qazi və əlil sabahkı qazini, əlili, yaxyd da şəhidi vurur, söyür, alçaldırdı. Və kimlərsə bu mənzərəyə baxıb, cəmiyyətimizin, dəyərlərimizin, münasibətlərimizin necə deqradasiyaya uğramasından və bu yolla vətəndaş qarşıdurmasına, qan tökülməsinə doğru addım-addım irəliləməsindən həzz alır, sevinir və bunun üzərində planlar qurur.

Nəticədə, Qarabağ qazisi, yaxud əlili haqlı olsa da belə, öz haqqını məhz bu yolla tələb etməklə, özü də bilmədən kimlərinsə əlində alətə çevrilərək, hansısa məkirli, qaranlıq işlərə, bu dövlətin, ölkənin çöküşünə hesablanan planlara, gedişata xidmət etmiş ola bilər.

Ona görə də yəqin ki, bir anlıq dayanmaq, nəfəs almaq, soyuq başla dərindən düşünmək lazımdır. Əgər bir vətəndaşın özünü haqlı bilərək, həmin haqqı uğrunda başqa bir vətəndaşı təhqir etməsi, alçaltması, hətta qanını tökməsi çıxış yoludursa, onda qısa müddətdən sonra nə bu ölkədə ölkəlik, nə xalqda xalqlıq, nə dövlətdə dövlətlik, nə də onsuz da başı bəlalardan ayılmayan vətəndə vətənlik qalar. Biz isə Qarabağ deyil, Qaradağ, yaxud Biləcəri uğrunda qan tökən bir topluma, millətə çevrilərik...

“AzPolitika.info”

635x100

Şərhlər

Ədalət 2019-10-01 18:07:18

Oradakı villalar necə tikilib?

patriot 2019-10-01 18:07:18

məmurlarin hərəkəti onsuzda milləti bezdirib qarabaqin dərdini ancaq kasiblar cəkir məmurlar xarici dövlətlərdə milyardlar ğizlədir azərbaycanin qanini sovururlar...

Arif 2019-10-01 18:07:18

Çox sağol Kəmran bəy, həqiqətəndə başqaların əlində alətə çevrilənənlər var, mən bunun canlı şahidi olmuşam, elə həmin Binəqədi r/nun 6-cı mikrorayonun ərazisində "Bitomnik"-in ətrafında 1998-2000-ci ilərdə tikilən imarətləridə Qarabağ əlillərin vasitəsilə başladılar, indi yoxlasan birdənədə Qarabağ əlili həmin imarətlərdə yaşamır, yəni bəzi uzdən iraq məmurlar ictimayiəti çaşdırmaqla bu cür iyrənc vasitəyə əl atırlar, yəni bunlar üçün müqəddəs heçnə yoxdur, hər cür addan tituldan istifadə edirlər.

Bashirov Qarib 2019-10-01 18:07:18

Hörmətli Azpolitika biz hamımız sizinlə razıyıq ki,belə məsələlərin həlli bu cur olmamalıdır.Göruntulərdən də görunur ki qazilər səbrsiz və məmurlara qarşı qeyri-adekvat davranıblar. Amma,onlar buna məcburdular, məsələnin həlli uçun sadəcə olaraq başqa yol qalmayıb. Qazi deyir ki,bu torpagı bələdiyyədən haqqı ödənilməklə almışam.Sagı- solu ,arxası tikilib, mənə də həmin huquq tanınmalıdır.....

kamran 2019-10-01 18:07:18

Bu dövlət Qarabağ qazisinə(həmçinin əlillərə) elə bir təqaüd verməlidir ki onun bütün xərclərini ödəyə bilsin və başqalarının əlində alətə çevrilməsin.

Son yazılar