"Bu nə deməkdir, 37-ci ildir, repressiya dövründəyik?" - Millət vəkillərindən ETİRAZ

Cavanşir Paşazadə:“Kimin ixtiyarı var ki, mənə qadağa qoysun?”

Aydın Mirzəzadə: "“Biz polis dövlətində yaşamırıq, hüquqi dövlətdə yaşayırıq"

"Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir?"

Millət vəkili Cavanşir Paşazadə hüzr mərasimlərinə qoyulan qadağadan sonra “Təzə Pir” məscidində yenə də təmtəraqlı ehsanların verilməsi faktına münasibət bildirib. Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü yerli mətbuata açıqlamasında bu cür qadağaların Azərbaycan xalqının ənənələrinə zidd olduğunu və belə söhbətlərə tələbat olmadığını bildirib: “Buna qaşınmayan yerdən qan çıxarmaq deyirlər. Azərbaycan xalqını başqa xalqlarla eyni tutmaq olmaz. Biz təkcə rəhmətə gedən yaxınlarımıza deyil, imamlarımız, şəhidlərimiz üçün də ehsanlar veririk. 90-cı illərdə, müharibə dövrlərində Azərbaycanda o qədər çadırlar quruldu. Kimlər üçün verilirdi o ehsanlar? Allah göstərməsin, amma hər kəsin başına gəlir. Mən atam, anam üçün ehsan vermək istəyirəmsə, kimin ixtiyarı var ki mənə qadağa qoysun? Təbii ki, israfçılıq etmək olmaz. “Təzə Pir” məscidinin girişində də yazılır ki, salavat da, dua da, eləcə də çay, çörək də ehsan sayılır. Bütün bunlar deyilə bilər, lakin əmredici formada ola bilməz”.

Millət vəkili bəzi rayonlarda icra nümayəndəliyinin yas mərasimlərinə müdaxilə etməsi ilə bağlı yayılan xəbərlərə etirazını bildirib: “Kim isə kiminsə gəlib qazanını götürür. Bu nə deməkdir? 37-ci ildir, repressiya dövründəyik? Səkkizinci kilometrdə yol boyu restoranlardan qalxan tüstü, kabab iyindən oradan keçmək olmur. Niyə onlara heç kim heç nə demir? Təzə Pirdə ehsan verilməsinə gəlincə özləri bilər. Yaslarda da, toylarda da islahatlar aparmaq lazımdır. Lakin heç kim mənə tapşırıq verə bilməz. Bunu ortaya atan adam dövlətçi ola bilməz”.

C.Paşazadə yeni dərs ilində Sumqayıtda hicablı tələbələrin dərsə buraxılmamasına da toxunub və bildirib ki, dövlətin belə bir qadağası yoxdur. Bu cür qadağa qoyan insanların dövlətçiliklə əlaqəsi ola bilməz: “Bu məsələlərdə mətbuatın da rolu az deyil. Mətbuat bu tip xəbərlərlə bağlı elə mövqe nümayiş etdirir ki, elə bil müxalifət tərəfdarlarıdırlar. Demək istəyirəm ki, bu məsələləri şişirtmək olmaz”.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə deputat həmkarı, Şeyxin qardaşı Cavanşır Paşazadənin yas mərasimlərindəki israfçılıq halları ilə bağlı sərt açıqlamasına münasibət bildirib. Millət vəkili AzNews.az-a açıqlamasında bildirib ki, yas mərasimlərinin neçə keçirilməsi ilə bağlı hələ ki, dövlət səviyyəsində qanun qəbul olunmayıb.

Söhbət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tövsiyələrindən gedir. Deputatın sözlərinə görə, bu tövsiyə ictimaiyyətdə müzakirə olunub və müxtəlif fikirlərə gətirib çıxarıb. Yas mərasimlərinin sadələşdirilmiş şəkildə keçirilməsi ictimai müzakirələrdən gəlinən qənaətdir: “Müzakirələr heç də kimisə yaxınlarına hansısa formada yas mərasimi təşkil etməsinə qadağa qoya bilməz. Deputat həmkarımla razıyam ki, kiminsə yas mərasimi keçirməsi onun şəxsi işidir. Bununla bağlı dövlət heç kimə müdaxilə etmir. Azərbaycan dövləti heç bir zaman bunu qarşısına məqsəd qoymayıb. Söhbət ictimai müzakirələrdən, Azərbaycan cəmiyyətində əksəriyyətin bu məsələyə münasibətin müəyyənləşdirilməsindən gedir. Lakin kimsə öz yaxının yas mərasimini hansı formada keçirməsi onun hüququdur. Hesab edirəm ki, onu nə məsuliyyətə cəlb etmək, nə də qınaq obyekti etmək olar”.

O, İcra Hakimiyyətlərinə bununla bağlı verilən qeyri-rəsmi göstərişə də münasibət bildirib. Deputatın sözlərinə görə, bu, aparılan işlərə mənfi təsir edir: “Biz polis dövlətində yaşamırıq, hüquqi dövlətdə yaşayırıq. Hətta oradan yığılan ərzağın hansısa xeyriyyə məqsədilə istifadəsi belə, düzgün deyil. Yas sahibi nə cür hesab edərsə, yasını da o cür yola verməlidir. Sadəcə, yas mərasimlərinin sadə keçirilməsi arzuolunandır”.

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar