"KAZIMZADƏ İLƏ AĞAZADƏNİN "PUL DAVASININ" QURBANLARIYIQ” - İqbal Ağazadənin qardaşından və məhkəmələrdən Prezidentə şikayət
Son illər ölkədə müxtəlif yollara əmlakları əllərindən alınan vətəndaşların sayının artması müşahdə olunmaqdadır. Bəzən sifarişlə qərarlar çıxaran, haqlını deyil, pullunu müdafiə edən məhkəmələrdə hüquqlarını bərpa edə bilməyən vətəndaşlar son ümid yeri kimi ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalırlar.
Elə şikayətlərinin bir surətini "AzPolitika.info"ya təqdim edən daha bir qrup vətəndaş da bu səbəbdən ölkə Prezidentindən kömək istəyir.
Surəti eyni zamanda Prezidentin Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə göndərlən müraciəti müxtəlif ünvanlarda qeydiyyatda olan bir qrup vətəndaş - Qasımov Etibar Qilbalı oğlu, Məmmədova Xəyalə Fərman qızı, Məmmədov Səxavət Əli oğlu, Zeynalov Saday Əlmərdan oğlu, Rüstəmov Mustafa Rüstəm oğlu, İsmayılov Yasin Muxtər oğlu, Hacıyev Fəhri Ramiz oğlu və Qocayev Ayxan Əli oğlu imzalayıblar.
Müraciətlə bağlı məlumat verməzdən öncə qeyd edək ki, adıçəkilən şəxslər 2006-cı ildə Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən obyekt alıblar. Həmin bina müğənni Aygün Kazımovanın hazırda həbsdə olan qardaşı Kazım Kazımzadənin şirkəti tərəfindən inşa olunub. Binadakı eyni mənzilləri müxtəlif şəxslərə satan Kazım Kazımzadə vətəndaşları aldatmaq üçün tikinti şirkətinin də adını bir neçə dəfə dəyişib.
Tikintini aparan şirkətin adı dəyişsə də, yuxarıda adlarını qeyd etdiyimiz vətəndaşlar Gəncə prospekti 29/35 A ünvanında yerləşən binanın birinci mərtəbəsindən aldıqları obyektlərin tam haqqını ödəyiblər. Hətta bəziləri həmin obyektləri təmir edərək, işə də salıblar.
İlqar Ağazadə bu iddiasını həbs edilən Kazım Kazımovun ona borclu olması ilə izah edib. Belə ki, beton zavodu olan İ.Ağazadə həmin binanın bir neçə mərtəbəsinin tikilməsi üçün tikinti şirkətinə beton verib. Haqqı ödənilməyən həmin betonun müqabilində İlqar Ağazadə binadan mənzil götürmək fikrinə düşüb. Lakin mənzillər bir neçə şəxsə satıldığından, borcun müqabilində zəbt etmək üçün mülk tapmaq mümkün olmayıb. Belə olduqda İlqar Ağazadə çarəni birinci mərtəbədə yerləşən obyektləri ələ keçirməkdə görüb. Nəticədə, qardaşı İqbal Ağazadənin o vaxtkı imkanlarından yararlanmaq, vəkilləri və hüquqşünas yaxınlarını bu işə cəlb etməklə, obyektləri özününküləşdirməyə nail olub.
Şikayətçilərin sözlərinə görə, bu, İlqar Ağazadənin ilk belə işi olmayıb. Bundan əvvəl də həmin iş adamı bir sıra yerlərdə bənzər taktikalardan istifadə edərək, başqalarının mülkiyyətini öz adına keçirib.
Obyekt sahiblərinin sözlərinə görə, ümumi sahəsi 852 kv.m olan ərazi üçün hər biri kvadrat metrinə 841 manatdan pul ödəyiblər. Ancaq İlqar Ağazadə obyektləri zorla ələ keçirəndən sonra özəlləşdirmək üçün məhkəmədən də öz xeyrinə qərar çıxartdırıb. Məhkəmənin qərarı ilə guya hərrac təşkil olunub və obyektlərin kvatrat metrinin qiyməti 500 manat müəyyənləşdirilib. Borcun məbləği və borca görə cərimə "hesablanaraq", bir nəfər vəzifəli şəxsin obyekti istisna olmaqla, qalanları İlqar Ağazədənin mülkiyyətinə verilib. Yəni, məhkəmədə binanın birinci mərtəbəsinin kvatrat metrinin hərrac qiyməti və borcun həcmi elə tənzimlənib ki, bütün obyektlər İlqar Ağazadəyə verilə bilsin.
Beləliklə, Kazım Kazımzadədən vətəndaşların qanuni şəkildə aldığı obyektlər məhkəmə yolu ilə İlqar Ağazadəyə verilib. Hansı ki, yuxarıda adları çəkilən vətəndaşlar o obyektlərin alınmasına külli miqdarda vəsait ödəyiblər və əllərində bunu təsdiq edən sənədlər var - maliyyə arayışları və müqavilələr.
Məsələn, hüququ pozulanlardan Etibar Qasımov 16 noyabr 2006-cı il tarixində sözügedən yaşayış binasının I mərtəbəsində ümumi sahəsi 235.12 kv.m olan obyekt sifariş verib. Binanı inşa edən şirkətilə 180 nömrəli müqavilə imzalayaraq, 197.954 manat olan ümumi məbləğin hardasa 90%-ni (180.954 manat) bəribaşdan ödəyib. Yerdə qalan 17 min manat isə 2014-cü il 27 mart tarixində verilib. Şikayətçinin təqdim etdiyi sənədlər və maliyyə arayışları da, bu faktı təsdiqləyir.
Digər şikayətçi – Məmmədova Xəyalə Fərman qızına isə binanın I mərtəbəsindən 75 kv.m-lik qeyri-yaşayış sahəsi satılıb. 17. 07. 2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, sifariş verilən bu obyektin də dəyəri tam ödənilib və bunu verilmiş maliyyə arayışları da sübut edir.
Vətəndaşların obyektini ələ keçirmək üçün isə binanın zirzəmisinin olmamasından istifadə edilib. Belə ki, bir mənzili bir neçə nəfərə sata bilmək üçün Kazım Kazımzadə incə bir fırıldaq düşünərək, binaya zirzəmi qoymağı “yaddan çıxardıb”. Beləcə, mərtəbələri bəzən zirzəmidən, bəzən birinci mərtəbədən sayaraq, mənzil almağa gələnləri aldadıb. Yəni eyni mərtəbəni gah bir rəqəm aşağı, gah bir rəqəm yuxarı göstərib.
Ancaq Kazım Kazımzadə də sifarişçilərə birinci mərtəbə kimi sırıdığı obyektləri iki şəxsə satmağı ağlına belə gətirməyib. Mütəxəssislər bunun səbəbini qanunvericilikdə zirzəminin satılması kimi halın olmaması ilə əsaslandırırlar. Kazım Kazımzadənin binanı zirzəmisiz tikməsi İlqar Ağazadənin əlinə fürsət verib. Belə ki, o vaxt hüquq-mühafizə orqanlarında işləyən adamlarının köməkliyi ilə obyekt sahiblərinin mülkiyyətlərini əlindən almağı bacaran İ.Ağazadə, həmin qeyri-yaşayış sahələrini zirzəmi kimi qələmə verib və binanın I mərtəbəsinin yuxarıdada olduğunu bildirir. Ancaq bir mərtəbə yuxarıdakı sahələr isə mənzil kimi başqalarına satılıb və çıxarış alınıb.
Şikayətçilərin sözlərinə görə, mübahisəli mərtəbənin istər zirzəmi, istərsə də I mərtəbə sayılmasından asılı olmayaraq, onun İlqar Ağazadəyə heç bir dəxli yoxdur: “Əgər həmin yer zirzəmidirsə, qanunvericiliyə əsasən, bütün bina sakinlərinin ortaq malıdır və qeyri-yaşayış sahəsi kimi başqasına satıla bilməz. Yox, əgər həmin yer I mərtəbədirsə, əlimizdəki sənədlərə görə bizə məxsusdur”.
Qeyd edək ki, İlqar Ağazadənin və hakimin zirzəmi adlandırdığı həmin yer binanın yaxınlığındakı avtomobil yolunundan ən azı 8 metr hündürlükdədir. Bunu mətbuatda dərc olunan şəkillərdən də görmək mümkündür. Pilləkənləri yuxarı qalxdıqca, təbii olaraq bu hündürlük azalsa da, İlqar Ağazadənin “zirzəmi” dediyi həmin yer binanın inşa olunduğu zəmindən 4-5 metr yuxarıya doğru uzanır, hər cəhətiylə I mərtəbəyə daha çox oxşayır. Bunu şəkillərdən də görmək mümkündür.
Ancaq aşkar görünən bu faktı nə İlqar Ağazadə, nə də işə baxan məhkəmə hakimləri görmək istəmir. Buna görə də, obyektləri zorakılıqla əllərindən alınmış sakinlər son çarə kimi ölkə rəhbərliyinə müraciət ediblər. “Texniki-Proqress” MMC-nin də qoşulduğu müraciətdə bildirilir:
"Hörmətli Prezident!
Biz yüksək vəzifəli məmurların və sahibkarların bizə heç bir aidiyyəti olmayan “pul davasının” qurbanlarıyıq. Halal pulumuzu toplayıb, yeni tikili binada yer almışdıq. Sonradan binanı inşa etmiş sahibkarı həbs edəndən sonra həmin binaya qarşı məhkəmədə iddia verib, külli miqdarda pul tutublar, daha sonra isə pulun müqabilində bütün binanı (bizim əmlaklar qarışıq) özləri üçün hərracda “alqı-satqı” ediblər. Nəticədə, pulumuz da əmlaklarımız da əldən gedib. Vəzifəli şəxslərin göstərişi ilə hərəkət edən məhkəmələr sadə vətəndaşların düşdüyü acınacaqlı durumu düşünmək istəmir. Bütün işlər yuxarıdan gələn göstərişlə - sifarişlə həll olunur.
Belə ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.03.2015-ci il tarixli qətnaməsi ilə “Texnik-Proqress” MMC-dən 670.254 manat pul tutulmuşdur. İşə baxılan zamanı həmin MMC-nin müdiri həbsdə olub, işdən xəbəri olmayıb. Qərardan verilən şikayətlərə isə (apellyasiya şikayəti) məhkəmələr baxmır, icraata belə qəbul eləmirlər. Çünki işin acınacaqlı durumu hamıya bəllidir, məhkəmə qərarların açıq-aşkar qanunsuzluğu göz qabağındadır. Apellyasiyada baxılsa “iş” ləğv ediləcək.
Sonda təzyiqlər altında, birinci instansiya məhkəməsi “müddətin buraxılması” adı ilə apellyasiya şikayətini qəbul etməkdən imtina etdi. Məhkəmə yazdı ki, qətnamə rəsmi qaydada verilməsə də, tərəfin bu barədə qeyri-rəsmi xəbəri olub. Həmin qərardan apellyasiya şikayəti verildi və iş yenidən hakim Afaq Nuriyevaya düşdü. Hakimə etirazın nəticəsi olmadı. Qərardan Ali Məhkəməyə şikayət etsək də, Ali Məhkəmə işə baxa bilməyəcəyini, Apellyasiya Məhkəməsinin iş üzrə qərarının qəti olduğu bildirdi.
Apellyasiya şikayətinin qəbul olunmaması ilə bağlı Konstitusiya Məhkəməsinə şikayətlər verilib. Yüksək vəzifəli və nüfuzlu dövlət məmurlarının nəzarəti altında olan bu sifarişli iş məhz Konstitusiya Məhkəməsində öz həllini tapa bilər. Əmlak aldığımız binanın keçmiş sahibi Kazım Kazımzadə şirkətinə qarşı pulun tutulması barədə qərarlar çıxarılarkən həbsdə olub, 12 il azadlıqdan məhrum edilib, indi də həbsdədir. Açıq-aşkardır ki, şəraitdən istifadə olunub, qanunsuz qərar verilib. İndi isə işin Apellyasiya Məhkəməsinə çıxmaması üçün “hərracı udanlar və onların himayədarları” bütün təsir vasitələrindən istifadə edirlər.
Hörmətli Prezident!
Xahiş edirik ki, işimizi nəzarətə götürərək, bizə qarşı törədilən bu aşkar qanunsuzluğa son qoyulması, əmlaklarından kütləvi şəkildə məhrum edilmış vətəndaşların işinə şəffaf baxılması, yuxarıdan gələn sifarış və göstərişlərə tabe olmamaq barədə məhkəmə və digər aidiyyəti orqanlara göstəriş verəsiniz".
AzPolitika.info
Şərhlər
Oaəəə biz də Qasım bəy Zakirinq mamauşaqlarınqnanqıq,qadanq ürəyimə.Heç nədənq tutuf salıflar o boydanqa kişinqi Şuşa qalasınqa oaəə.Heç nədənq,o qızıldanq qiymətli başınq haqqıçınqa çinqaçqukka.Oaəə guya deyifdikınqa Xanqdəmirov çalıf çapıf mahalı,O ki tutuf özünq...
yalandir