Üstündən tapança çıxan vətəndaş: "Nə danışırsan, namaz qılanam"

“Ziyarətə gedirdim, ayağıma bir şey dəydi, gördüm ki, tapançadır...”.

Sumqayıt Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları gecə saat 02 radələrində şəhər sakini Hümbətov Yusif İsrafil oğlunu şübhəli şəxs qismində yaxalayıblar.

APA TV xəbər verir ki, onun üzərinə baxış keçirilərkən “Makarov” tipli odlu silah, 2 güllə və sandıqca aşkar olunub. Saxlanılan şəxs tapançanı bir ay öncə ziyarətə gedərkən yol kənarından tapdığını bildirib: “Ziyarətə gedirdim, ayağıma paket dəydi. Atdım vedrənin içinə, gizlətdim, sonra getdim Rusiyaya. Ayın 30-da qayıtdım. Fermanın yanından keçəndə yadıma düşdü ki, silah gizlətmişəm. Götürdüm, istədim aparıb 2-ci bölməyə təhvil verim. Kafedə oturmuşdum, çay içirdim, gördüm polis əməkdaşları yaxınlaşdılar. Dedilər gedək bölməyə, üstündə nə var? Dedim, tapança var, vəssalam”.

İdarədə təkrar-təkrar səmimi olduğunu deyən Yusif Hümbətov silahı həqiqətən tapdığını, ondan istifadə etmək niyyətində olmadığını bildirib. Müxbirin “belə çıxır ki, satmaq niyyətiniz olmayıb” sualı saxlanan şəxsin xoşuna gəlməyib: “Nə danışırsan, namaz qılan, Allaha ibadət edən adamam. Bu şey mənə lazımdır?!”.

Polisdən isə bildiriblər ki, Yusif Hümbətov əməliyyat məlumatı əsasında saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, satma, daşıma, saxlama, gəzdirmə) və maddəsi ilə cinayət işi başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar