DOLLAR 1.45-1.55 MANATA QƏDƏR UCUZLAŞA BİLƏR! – Əgər Mərkəzi Bank istəsə...

İki ardıcıl devalvasiyadan sonra böyük zərbə alan Azərbaycan iqtisadiyyatı və milli valyutası hələ də qeyri-müəyyənlikdən tam qurtula bilməyib. Bunun nəticəsidir ki, hökumətin və Mərkəzi Bankın stabilliklə bağlı bütün bəyanatlarına, rəylərinə baxmayaraq, ölkənin biznes və maliyyə strukturları, həmçinin əhali hələ də manatın taleyinə ehtiyatla yanaşır.

Bu səbəbdən, məsələn, əsas aparıcı banklar əhalidən dollar depozitlərini illik cəmi 0.1-1 faiz civarında qəbul etdikləri halda, manatla depozitləri 10 faizin ətrafında götürürlər. Bu, o deməkdir ki, manatın taleyilə bağlı qeyri-müəyyənlik qalır və banklar dollarla depozit qəbul etməkdə bir o qədər maraqlı görünmür. Çünki onlar devalvasiya baş verəcəyi təqdirdə, böyük ziyanla qarşılaşa bilərlər. Əhali isə manatla depozit yatırmaqda maraqlı deyil, hətta faiz yüksək olsa da belə. Bunun nəticəsidir ki, əhalinin banklardakı depozitləri son aylarda 150 milyon manata qədər azalıb.

Mərkəzi Bankın rəhbərinin üzən məzənnəyə keçidlə bağlı çoxsaylı bəyanatları, açıqlamaları isə ironiya mənbəyi olmaqdan başqa heç bir effekt vermədi. Və faktiki olaraq, yenə də manatın məzənnəsini real bazar, iqtisadiyyat yox, məhz Mərkəzi Bank müəyyənləşdirir.

Bəs manat doğrudan da sərbəst buraxılsaydı, məzənnəni bazar müəyyən etsəydi hazırda milli valyutanın kursu necə olardı? “AzPolitika” xatırladır ki, bir çox müstəqil ekspertlər hazırkı durumda manatın real bazar kursunun daha yüksək olacağını, 1 ABŞ dollarının 1.7 manat deyil, 1.5 manat civarında dəyişdirilə biləcəyini düşünürlər.

Məsələn "Finans.az"-a açıqlama verən iqtisadçı-ekspert Elman Sadıqov deyib ki, əgər Mərkəzi Bank üzən məzənnəyə keçsə, dolların məzənnəsi 1,45-1,55-ə düşəcək: “İlkin olaraq bu hamını sevindirsə də, sabah neftin qiymətində volatillik dolların sıçramasına səbəb olacaq. Bu zaman bank sektoru, insanlar, o cümlədən idxal-ixrac sektoru bu ciddi sıçrayışlardan zərərlər görə bilərlər. Bu səbəbdən Mərkəzi Bank valyuta ehtiyatlarını artırır, nisbi stabillik var, ixracatçılar da öz işlərini kursa uyğun planlaşdırır. Dolların kursunun artması üçün təzyiq yoxdur, əksinə, dollar təklifi çoxdur. Həm tədiyyə, həm də ticarət balansında profisit var. Dolların kursunun aşağı salınması maliyyə sektoruna, ticarətçilərə və xalqa gələcəkdə böyük zərbə vura bilər. Kursu buraxmaq, tam üzən məzənnəyə keçmək lazımdır, təbiidir, amma bunun vaxtı var. Bunun üçün də müəyyən tədbirlər görülməlidir, infrastrukturda fərqli məsələlər həll olmalı, alt baza yaradılmalı, xüsusilə “kölgə iqtisadiyyatı” aradan qaldırılmalıdır, şəffaflıq təmin olunmalıdır.”

Göründüyü kimi, Mərkəzi Bank rəhbərliyinin də manatı sərbəst buraxa bilməməsi heç də təsadüfi deyil. Çünki neft və “kölgə iqtisadiyyatı” amili hələ də Azərbaycan iqtisadiyyatı üçün həlledici rol oynayır. Və neftin dünya bazarında qiymətinin tez-tez dəyişməsi milli valyutamızın taleyinə birbaşa təsir göstərir. Ona görə də, iqtisadiyyatımızın neftdən asılılığı, məmur oliqarxiyasının yaratdığı “kölgə iqtisadiyyatı” aradan qaldırılmayana, qeyri-neft sektoru sözdə deyil, real olaraq inkişaf etdirilməyənə qədər manat üzə bilməyəcək…

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

Nə isə... 2019-10-03 12:23:42

Paritet məzənnə ümumilikdə ölkələr arasında qiymət fərqinin xarakterizə olunması üçündür – əlifbadır, bu. Əgər Azərbaycanda kartofun 1 kq ortalama, 1 azn; Avropada isə 1 avro-dursa paritet məzənnənin (1azn=1avro), nominal məzənnədən (1avro=2azn) 2 dəfə baha olması Azərbaycanda qiymətlərin Avropaya nisbətən 2 dəfə aşağı olmasının göstəricisidir, vəssalam. Əgər Avropa ilə Azərbaycan arasında sərbəst ticarət əlaqələri olsaydı (kömrük və daşınma xərcləri nəzərə alınmazsa) paritet məzənnə nominal məzənnə ilə tezliklə bərabərləşməli idi. Paritet məzənnənin nominal məzənnədən kəskin fərqlənməsi ölkədə yer almış bir sıra iqtisadi səbəblərlə bağlıdır. Beləki, Azərbaycanda paritet məzənnə üzrə hesablanan minimum əmək haqqının dünya ölkələri üzrə 10-cu yerdə olması dövlətin nəzarətində olan bir sıra kommunal xidmərlətin (su, el.enerjisi, qaz, kanalizasiya, tullantılar və s. üzrə tariflərin); dövlət mülkiyyətində olan nəqliyyat, rabitə, təhsil, səhiyyə xidmətləri haqlarının; əhalinin alıcılıq qabiliyyətinin aşağı olması ilə əlaqədar istehlak bazarında bir sıra ərzaq məhsulları və xidmətlər üzrə qiymət və tariflərin digər ölkələrlə müqaisədə xeyli aşağı olması ilə bağlıdır. Lakin burada bir sıra məqamlarda var: 1. Gəlirlərlə bağlı olaraq əhalinin alıcılıq qabiliyyətinin aşağı olması və kiçik qiymətlərin qeyri-neft sektoru istehsal sahələrinin inkişafına neqativ təsirlər müəyyənləşdirməsi; 2. Dövlət tərəfindən tənzimlənərək süni surətdə aşağı səviyyədə saxlanılan və qiymətlərin subsidiyalaşdırılmasının (sosial cəhətdən zəif müdafiə olunan təbəqənin alıcılıq qabiliyyətini nəzərə alınaraq) Dövlət büdcəsi üzrə sosial yükün ilbəil artmasını müəyyənləşdirməsi və s. Bütün bunlar tənzimləmədə iqtisadi inkişafa mane olan, ona neqativ təsirlər müəyyənləşdirən amillərdir. Bundan əlavə, əgər Avropada (məslən, Almaniyada) metroda 1 dəfə üçün gediş haqqı 5 avro, Azərbaycanda isə 30 qəpikdirsə, bu, o demək deyilki, gəlirləri aşağı səviyyədə olan almanların vəziyyəti sosial cəhətdən zəif müdafiə olunan azərbaycanlıların vəziyyətindən pisdir və ya hətta müqaisə olunandır. Sadəcə olaraq almanlar belə təbəqə əhali üçün müxtəlif sosial proqramlar reallaşdırırlar, qiymətləri isə mütləq qaydada bazar müəyyənləşdirir – qiymətlərin süni olaraq aşağı səviyyədə saxlanılması və məqsədli sosial proqramların reallaşdırılması bazar iqtisadiyyatında təmamilə fərqli mahiyyət daşıyır.

Biznes tovarovedi 2019-10-03 12:23:42

Mötəbər islahat və paket minimal əmək haqqını qlobaşa üzrə 595 ABŞ dollarına ekvivalentinə qaldırıb. Beləliklə, Bir manat haZırda 2 dollar 97 sent alıcı qabiliyyəti ilə MDB liderliyinə qalxır! Deməli, bir ABŞ dollarını Sosial paket islahatı 1,44-1,45 civarına deyil, 42 qəpiyə endirib? Qalır, müdadilə ilə azərbaycanlıların xaricə, əcnəbilərin Azərbaycana kosmik uçuşu.

Hesabdar 2019-10-03 12:23:42

İTVnin 2.10.2019 tarixli yayımlamasına görə ölkəmizdə Sosial İnqlab Paketi üzrə minimal maaşın tələbat mallarının beynəlxalq qiymətlərinə görə 595 ABŞ dol. alıcı dəyərinə çıxıb. Həmin hesabla bu gün dolların real dəyəri 1,7 manat yox, əslində 42 qəpikmiş?

sual 2019-10-03 12:23:42

Sitat:.......”Ona görə də, iqtisadiyyatımızın neftdən asılılığı, məmur oliqarxiyasının yaratdığı “kölgə iqtisadiyyatı” aradan qaldırılmayana, qeyri-neft sektoru sözdə deyil, real olaraq inkişaf etdirilməyənə qədər manat üzə bilməyəcək”....…maraqlı nəticədir, amma “Nə etməli” sualı açıq qaldı.....))))))) institusional dəyişikliklər öz yerində, ölkədə maliyyə siyasəti radikal dəyişməlidir!!! Hər bir iqtisadiyyatın əsası maliyyədir, maliyyə resurslarının isə ölkədə real sahibi Maliyyə Nazirliyidir. Yəni, iqtisadiyyat sonsuza kimi Dövlət büdcəsindən axıdılan vəsaitlər hesabına inkişaf edə bilməz – dövlət sifarişləri, dövlət investisiyalrı, əhalinin nominal gəlirlərinin artırılması, o cümlədən dövlət sektorunda, büdcə sferasında əmək haqlarının, iqtisadiyyatda minimum əmək haqqı və sosial ödənişlərin artımı ilə əlaqədar olaraq. Bütün bu tədbirlər böhran illəri qısa müddətli dövr üçün nəzərdə tutulan tədbirlərdir, uzun müddətli dövrdə, dünya təcrübəsi göstərir ki, iqtisadiyyatda bu tədbirlər bir sıra neqativ meyllərin formalaşmasına yol açır. Maliyyə siyasətinin dəyişməsi isə büdcə siyasətinin – stabilləşdirici; monetar siyasətin isə - əsas tənzimləyici mexanizmə çevrilməsidir. Bu dəyişikliklər edilməyənə qədər qeyri-neft sektoru problemidə qalacaq, üzən məzənnəyə keçid problemidə və bu kimi bir sıra digər problemlərdə........; Sitat: ...”əsas aparıcı banklar əhalidən dollar depozitlərini illik cəmi 0.1-1 faiz civarında qəbul etdikləri halda, manatla depozitləri 10 faizin ətrafında götürürlər. Bu, o deməkdir ki, manatın taleyilə bağlı qeyri-müəyyənlik qalır və banklar dollarla depozit qəbul etməkdə bir o qədər maraqlı görünmür”.........dollar depozitinə bankların belə zəif marağı Palata tərəfindən dollar kreditlərinə müəyyənləşən məhdudiyyətlərdir. İqtisadiyyata, o cümlədən bank sektorunun fəaliyyətinə inzibati müdaxilələr bazarda yalnız disproporsiyaları gücləndirir, iqtisadi fəallığa neqativ təsirlər göstərir. Qanunlar və hamı üçün (!!!) mütləq eyni olan qaydalar müəyyənləşməli, Mərkəzi bank və ölkə hökuməti isə bazardakı gözləntiləri idarə etməlidir;...... Sitat.......”faktiki olaraq, yenə də manatın məzənnəsini real bazar, iqtisadiyyat yox, məhz Mərkəzi Bank müəyyənləşdirir”....... bilimrəm real bazar deyəndə siz nəyi nəzərdə tutmusuz, ancaq Mərkəzi bank 2 parametrdən birini – məzənnə və ya faiz dərəcəsini, mütləq tənzimləməlidir. Başqa sualdır ki, əsas hədəf qismində nə müəyyənləşir və nə dərəcədə əsaslandırılıb. Məsələn, hal –hazırda Beynəlxalq Valyuta Fondunun (BVF) mütəxəssisləri uzun illərdən bəri təşviq etdikləri hədəfin – inflyasiyanın minimum səviyyəsinin təmin olunmasının, yetərincə əsaslanmış hədəf olmadığını göstərirlər....))))))))))

Son yazılar