PAŞINYANIN AĞZINDAKI QAPAQ… – Və Xankəndi ilə “Valday”ın fərqi

Dərc olunub: 04/10/2019 - 16:34

pasinyanArtıq şit, məsuliyyətsiz bəyanatları və hərəkətlərilə dövlət olaraq Azərbaycanın, eləcə də xalqımızın əsəblərilə oynayan, qıcıq və qəzəb yaradan Ermənistanın baş naziri Nikol Paşinyanın ağzını qapatmağın vaxtı çoxdan çatmışdı. Təəssüf ki, ölkəmizin xarici siyasət idarəsi bu işin öhdəsindən lazımi səviyyədə gələ bilmirdi və həmişəki kimi standart, dişsiz və aciz təəssürat bağışlayırdı.

Lakin yəqin hər kəs razılaşar ki, ötən gün Soçidə keçirilən “Valday” forumunda çıxış edən ölkə başçısı İlham Əliyev Xarici İşlər Nazirliyimizin uzun müddətdir görə bilmədiyi işi demək olar ki, bir çıxışı ilə görmüş oldu. Rusiya mətbuatında da geniş yer verilən həmin çıxışı indiyə kimi Paşinyanın ağzına qoyulan ən iri və samballı qapaq hesab etmək olar.

Burada əsas məsələ sözügedən çıxışın məzmunu ilə yanaşı, onun harda, hansı auditoriyanın qarşısında edilməsidir. “Valday” forumu regionda ən geniş miqyaslı və ciddi beynəlxalq meydançalardan biri sayılır. Burada bölgənin aparıcı söz sahibi olan ölkələri ən yüksək səviyyədə təmsil olunur və bu tədbirin kifayət qədər böyük auditoriyası var. Sözsüz ki, bu tədbirdə səsləndirilən fikirlər və bəyanatlar öz təsir gücü və auditoriyası baxımından Xankəndində bir qrup yarı ac, yarı tox bisavad Qarabağ ermənisinin və Ermənistandan gələn sınıq-salxaq politoloq və jurnalistin qarşısında səslənən bəyanatlarla müqayisəyə gəlməz dərəcədə böyük və əhəmiyyətlidir.

valday

Ona görə də məhz həmin bu tədbirdə Paşinyanın Xankəndində dediyi “Qarabağ Ermənistandır və nöqtə” kimi populist və həyasız bəyanatına “Qarabağ Azərbaycandır və nida” kimi cavab verilməsi tutarlı addım, gediş sayıla bilər. Çünki daxili auditoriyada xal qazanmağa və Azərbaycanın əsəblərinə hesablanmış qeyri-ciddi, populist və sərsəm bəyanatdan fərqli olaraq, “Valday”da daha səlist, siyasi cəhətdən peşəkarlıqla əsaslandırılmış, sadəcə Azərbaycanla Ermənistan deyil, dünya auditoriyasına hesablanmış və hədəfini tapan bir bəyanat səsləndirildi.

Onu da nəzərə alaq ki, Paşinyan BMT tribunasından artıq Xankəndində söylədiyi fikri təkrarlamadı. Çünki nə qədər səriştəsiz və qeyri-peşəkar olsa da, yəqin başa düşüb, ya da ona başa salıblar ki, belə tribunalardan bu cür bəyanatlar səsləndirmək nə onun, nə də Ermənistanın başı üçün deyil. Ən azı ona görə ki, heç Ermənistanın özünün belə qondarma Dağlıq Qarabağdakı qondarma, seçaratçı rejimin “müstəqilliyini” tanımağa cəsarəti çatmır.

Azərbaycan Prezidentinin çıxışındakı digər bir məqam isə 1921-ci ildə Dağlıq Qarabağın Azərbaycana birləşdirilməsi deyil, məhz Azərbaycanın tərkibində qalmasına dair qərarın verildiyini xatırlatmasıdır. Çünki ermənilər guya Dağlıq Qarabağ 1921-ci ilə qədər Azərbaycanın tərkibində deyilmiş kimi görüntü yaratmağa çalışırdılar və ölkə başçısı bu məqamı xüsusi vurğulamaqla qarşı tərəfin növbəti həyasız yalanının effektini heçə endirmiş oldu.

İstəsək də, istəməsək də Rusiya nəinki bizim regionun, ümumilikdə dünyanın siyasi səhnəsindəki aparıcı 2-3 oyunçudan biridir. Və Dağlıq Qarabağ münaqişəsinin həllində bu ölkənin nüfuzunun, mövqeyinin çox əhəmiyyətli bir yükə malik olduğu da danılmaz reallıqdır. Bu baxımdan Azərbaycan da daxil olmaqla, region ölkələrinin məhz Rusiya ilə əlaqələrə, rəsmi Moskvanın bu və ya digər problemin, münaqişənin həllindəki mövqeyinə prioritet istiqamət kimi baxması başadüşüləndir. Ona görə qeyd edilməlidir ki, “Valday” forumundakı çıxışa müəyyən qədər təsir edən məqamlardan biri də hamının ermənipərəst kimi tanıdığı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Paşinyanın “Qarabağ Ermənistandır” sözlərinə verdiyi reaksiyadır. Hər zaman erməni rəhbərlərin həyasız və ədalətsiz mövqeyini malalayan və dolayısı ilə müdafiə etməyə çalışan Lavrov bu dəfə açıq şəkildə Paşinyanın fikirlərini sərt tənqid etdi. Bununla da uzun illərdən sonra Rusiya ilk dəfə Azərbaycanın haqlı mövqeyini qismən də olsa müdafiə etmiş oldu. Təbii ki, bu da Azərbaycana olan sevgidən çox, Ermənistanın indiki rəhbərliyinə olan qıcıq və nifrətdən irəli gəlirdi. Və sözsüz ki, Lavrovun mövqeyi Putinin, Rusiyanın mövqeyidir.

lavrov

Onu da nəzərə alaq ki, Lavrov Paşinyanın bəyanatını Putinin İrəvana səfəri başa çatandan bir neçə saat sonra tənqid edib. Bu, həm də onu göstərdi ki, məhz Paşinyanın rəhbərlik etdiyi Ermənistan artıq Rusiyanı da son həddə qədər qıcıqlandırıb. Ermənistanın Xarici İşlər Nazirliyinin Lavrovun fikirlərinə sərt şəkildə və hiddətlə cavab verməsi də bu reallıqları anlaması ilə əlaqədardır. Həmin bəyanatda hətta Lavrov, deməli həm də Rusiya birtərəfli mövqe tutmaqda günahlandırılır.

Görünür, Paşinyanın Putini təyyarəyə qədər gələrək qucaqlayıb yola salması da işə yaramayıb. Siyasi səriştə və mədəniyyət sarıdan yonulmamış, “eşşək vurub cənnətə saldığı” sayağı təsadüfən əlinə keçən hakimiyyətinin nə qədər sürəcəyini özü də bilməyən, kələ-kötür və primitiv birinin guya beynəlxalq birliyi, Azərbaycanı, eləcə də Rusiyanı və şəxsən Putini oyalayacağı düşüncəsilə yaşaması da əslində tragikomik bir mənzərədir…

Hadisələrin gedişi isə onu göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlarla həlli variantı tam dalana dirəndiyindən, sözümüzün nidasını beynəlxalq arenada olduğu kimi, öz doğma torpaqlarımızda da ordumuzun gücü ilə qoymaqdan başqa çarə qalmayıb!

“AzPolitika.info”








loading...


Fikrinizi bildirin