“BANKLAR KREDİTİ MAKSİMUM 15-17 FAİZLƏ VERMƏLİDİR...” – “Minlərlə tələbə universitetləri atır”

“AzPolitika.info” Milli Məclisin deputatı, Baş nazirin sabiq müavini Vahid Əhmədovla müsahibəni təqdim edir:

- Vahid müəllim, davamlı olaraq bank sektorunda baş verən proseslərlə bağlı narahatlığınızı ifadə edirsiniz. Bu narahatlıq nə ilə bağlıdır?

- Bank sektorunda vəziyyət daima bizim gündəmdə olan mövzudur. Azərbaycan dövlət başçısı da hər zaman banklarla əlaqədar öz fikirlərini bildirir. Xatırlayıram ki, 2016-cı ildə cənab İlham Əliyev qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran sahə bank sistemi olub. Bu, doğrudan da belədir. Yəni bankların insanlara, sahibkarlara, hüquqi və fiziki şəxslərə yüksək faizlərlə kreditlər verməsi, əslində bank sistemi ilə əhali arasında uçurum yaradıb. Yəni çox ciddi problemlər meydana gəlib, insanlar vaxtı-vaxtında kreditlərini qaytara bilmirlər, sahibkarlar öz sahibkarlıq fəaliyyətini genişləndirə bilmirlər, borca düşürlər və s. Hələ mən demirəm ki, məhkəmələrdə banklarla sahibkarlar və fiziki şəxslər arasında minlərlə işlər var. Bütün bunları, habelə 2015-ci ildə iki dəfə baş verən devalvasiya proseslərini nəzərə alan dövlət başçısı ciddi fərman imzaladı. Bu fərmanla 10 min dollara qədər olan kreditlərin qaytarılması mexanizmi ortaya çıxdı. Sizə, tam səmimi deyim ki, müasir dünyamızda indiyə qədər belə bir fərman verilməmişdi. Yəni dövlətin bank sisteminə şərt qoymadan, nəsə tələb etmədən, faiz istəmədən 680 milyon manat vəsait ayırması qeyri-adi hadisə idi. Bu maliyyə banklara ona görə verildi ki, insanların 10 min dollara qədər olan kreditləri qaytarılsın. Bundan sonra proses getdi, bank sistemi işlədi, Maliyyə Bazarına Nəzarət Palatası bu işi həyata keçirdi. Amma banklara bu maliyyənin ayrılmasının bir məqsədi də bank sisteminin müəyyən qədər sağlamlaşdırılmasına nail olmaq idi. Əslində bu, bizim üçün son dərəcə əhəmiyyətli məsələdir. Ancaq vaxt keçdi, biz müşahidə apardıq və gördük ki, bank sisteminin sağlamlaşdırılması məqsədilə ciddi proseslər həyata keçirilmir. Başqa sözlə, insanlara kreditlər yenə də 25 və daha çox faizlə verilir.

Bizi narahar edən digər məqam isə bank sisteminin daha çox istehlak kreditlərinə üstünlük verməsi faktıdır. Yəni bankların istehlak kreditləri vermək meyli daha güclüdür, amma real sektora vəsait qoymaq istəmirlər.

- Bunun səbəbi nədir, niyə banklar real sektora vəsait qoymaqdan çəkinirlər?

- Əgər biz Azərbaycanda inkişafın olmasını, ümumdaxili məhsulun artmasını, sənaye sahəsinin irəli getməsini və qeyri-neft sektorunun inkişaf etməsini istəyiriksə, bank sistemi hökmən real sektora vəsait yatırtmalıdır. Ancaq banklarımız daha çox istehlak kreditlərinə yönəlirlər, bu sahəyə daha çox vəsait qoyurlar və elə bilirlər ki, Prezident bir dəfə güzəştə gedibsə, yenə də gedə bilər. Yəni belə bir fikir formalaşıb. Mənsə hesab edirəm ki, biz bank sistemi ilə ciddi məşğul olmalıyıq. Mən Milli Məclisdə bir neçə dəfə təklif etmişəm ki, gəlin bank sistemi ilə görüşək. Onları Milli Məclisə dəvət edək, oturub bankçılarla danışaq. Soruşaq görək ki, real sektora maliyyə qoymamalarına səbəb nədir. Düzdür, ölkədə iki dəfə devalvasiya baş verib və bundan bank sistemi də əziyyət çəkib, müəyyən ziyanlar görüblər. Amma bu o demək deyil ki, belə davam olunmalıdır. Biz Azərbaycanı inkişaf etdirmək istəyiriksə, bank sistemini inkişaf etdirməli, gücləndirməliyik. Əslində bütün bunları nəzərə alaraq cənab Prezident bank sahəsinə dəstək verib. Amma bu yardımın bir effekti, yəni müsbət tərəfləri də olmalıdır. Biz bunu görmədik. Bu mənada təklif etmişəm ki, bank sistemi ilə yenidən görüşlər keçirib müzakirələr aparaq. Milli Məclisin komitə sədrinə də mövqeyimi çatdırmışam.

- Real sektoru maliyyələşdirmə banklar üçün hansı risqləri daşıyır?

- Onlar bunda maraqlı deyillər. Əvvəla, real sektor böyük vəsait tələb edən sahədir. Sənaye, kənd təsərrüfatı, turizm sahələri daha çox pul, sərmayə tələb edir. Amma istehlak kreditləri az məbləğdə olan kreditlərdir, qısa zaman kəsiyində qaytarılır, faiz dərəcəsi yüksək olur. Bankların istehlak kreditlərinin verilməsində müəyyən maraqları var. Məsələn, 10 min dollarlıq kreditin verilməsi prosesində bilirəm ki, 5-6 bank kifayət qədər vəsait götürdü. Bu banklar heç olmasa kredit faizlərini müəyyən dərəcədə aşağı sala bilərdilər. Amma salmadılar. Azərbaycanda sistem əhəmiyyətli banklar var. Bunların sayı elə də çox deyil, cəmi 5-6 bankdır. Onların kapitallaşma problemi də yoxdur. Əgər bu problemləri yoxdursa, digər bankların dirçəlməsinə, inkişaf etməsinə, real sektora vəsait qoymasına dəstək olmalıdırlar.

- Deyirsiniz ki, kreditlərin faizi çox yüksəkdir. Bir mütəxəssis kimi sizə görə, Azərbaycan reallığında kredit faizləri maksimum nə qədər olmalıdır?

- İlk öncə bankların kreditləri hansı mənbə əsasında verilməsinə diqqət etməliyik. Banklar əsasən insanların qoyduğu əmanət və depozitdən, ikincisi, Mərkəzi Bankın verdiyi kreditlərdən və hər hansı bir bankın beynəlxalq maliyyə qurumları ilə əlaqəsi varsa, onlardan götürdüyü vəsait hesabına kreditlər verir. Yəni banklar kreditləri bu üç mənbədən aldıqları vəsait hesabına verirlər. Amma bu halda banklar ən yüksək halda onlara qoyulan əmanət və depozitlərə 10 faiz ödəyirlər. Mərkəzi Bankın verdiyi kreditin faizi aşağıdır. Bəs necə ola bilər ki, bank maksimum 10 faizlə özü kredit əldə edir, amma insanlara 25-30 faizlə kredit verir? Maksimum 15-17 faizlə vermək mümkündür. Daha 30 faiz nədir? Hesab edirəm ki, bankların özü kreditləri 15-16 faizdən yuxarı verməməlidir. Amma banklar öz mənfəətlərini üstün tuturlar, müəyyən qədər də nəzarət mexanizminin zəif olmasından istifadə edərək hüquqi və fiziki şəxslərə yüksək faizlə kreditlər verirlər. Bu haqda ciddi düşünmək lazımdır.

- Düşünürsünüz ki, banklar istehlak kreditinə yönəldiyi üçün kiçik çalxalanma baş versə yenidən əvvəlki vəziyyətə düşəcək, bir neçəsi də bağlanacaq və insanların durumu çətinləşəcək?

- İstehlak kreditlərini elə-belə vermək və real sektordan kənarda dayanmaq sözsüz ki, problemlər yarada bilər. Bu gün vaxtı keçən kreditlərin məbləği təxminən 1,5 milyard manatdır. Bu, hələ açıq məsələdir, həllini tapmayıb. Maliyyə bazarına təsir edən amillərdən biridir.

- Siz və Əli Məsimli Prezident İlham Əliyevə müraciət etmisiniz. Bu müraciətiniz nə ilə bağlıdır?

- Bəli, biz cənab Prezidentə bununla bağlı müraciət etmişik. Nəzərə alın ki, sahibkarlarımız iki devalvasiyadan ziyan çəkiblər. Onlar ziyana düşüblər. Onların ödəmələrini kim aparmalıdır? Biz tələb etmirik ki, bank sisteminə vəsait verilsin. Məsələn, Mərkəzi Bank qiymətli kağızlar formatında bazara vəsait buraxa bilər. Bu zaman həm qiymətli kağızlar bazarı inkişaf edir, həm də bank sistemində müəyyən problemlər həll olunur, həm də sahibkarların durumu yaxşılaşır. Yəni bununla banklara, sahibkarlara müəyyən mənada köməklik olunur.

- İstehlak kreditləri haqqında yeni qanun layihəsinin hazırlanmasına ehtiyac varmı?

- Əslində qəbul edilə bilər. Əgər təklif olarsa, biz özümüz də bunu hazırlaya bilərik. Amma söhbət bundan yox, bank sisteminin probleminin həllindən gedir. Yəni hökumət oturub bankla danışmalıdır. Soruşmalıdır ki, sənin dərdin nədir, niyə kredit faizlərin belə yüksəkdir, niyə maliyyəni ancaq istehlak kreditləri fonunda istifadə edirsən, hansı səbəbdən real sektora vəsait qoymursan. Hesab edirəm ki, bu suallara cavab tapılmalı, bu məsələlər araşdırılmalıdır. Biz qanun qəbul edə bilərik və bəlkə də buna ehtiyac var, amma əsas məsələ qeyd etdiyim problemlərin həllinə nail olmaqdır. Bank sektoruna, nəhayət, çəki-düzən verilməsinə nail olmaqdır.

- Sizin də müəllifi olduğunuz “Təhsil kreditləri haqqında” qanun layihəsinin taleyi necə oldu?

- Bəli, belə bir qanun layihəsi var. Milli Məclisin sədri bu haqda danışdı. Həmin layihəni mən özüm təqdim etmişəm. Qanun layihəsi müəyyən qədər bank sistemi ilə əlaqədardır. Orada faiz məsələsi var. Yəni kreditlərin neçə faizlə verilməsi. Məncə, bu məsələdə də müəyyən güzəştlərə, kompromisə getmək olar. Amma qanunu qəbul etmək lazlmdır. Təsəvvür edin ki, bizə təhsil kreditlərinə dair müraciətlər həddən artıq çoxdur. Minlərlə tələbə oxuya bilmir, universitetləri atıb gedirlər, imkanları olmur, yaşaya bilmirlər. Həm krediti ödəyə bilmirlər, həm yaşayış yeri üçün mənzil haqqını verə bilmirlər. Digər problemləri də var. Dediyiniz qanunda bu məsələlərin hamısı öz əksini tapıb.

- Bu qanun layihəsi komitədə müzakirədən keçdikdən sonra harada ilişib qalıb?

- Hələlik plenar iclasın gündəliyinə çıxarılmayıb. Biz komitədə bu məsələ yenidən qayıdacağıq.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

sual 2019-10-05 10:58:16

Vahid müəllim, heç Moskvadan Duma üzvlərinin iqtisadi məsələlərin müzakirəsinə baxmısız, ələxüsus iqtisadi siyasət komitəsinin üzvlərinin??? Elə bil İqtisadiyyat üzrə elmi-tədqiqat institutunun aparıcı mütəxəssisləri danışır. Uzun illər təsərrüfatçı olmusuz, Nazirlər Kabinetinin rəhbərliyində işləmisiz komersiya banklarınn nümayəndələri ilə görüşüb, onlara nə deyəcəksiz??? Deyəcəksiz faiz dərəcəsini aşağı salın, istehlak kredirlərinin həcmini azaldın – cavab verəcəklərki bizim məqsədimiz gəlir əldə etməkdir, özünüzün hazırladığı qanunda belə yazılıb, hardan çox gəlir gəlir ora yönəldirik vəsaitləri; Deyəcəksiz xalqa kömək edin deyəcəklər bizim maşımız ortalama 5000, sizinki 7000; biz min bir əziyyətlə qazanırıq, sizə hazır büdcədən gəlir, siz qabağa düşün nümunə göstərin və s. Problemləri mahiyyəti üzrə müzakirə edərlər, bulvarda domino oynayan pensiyaçılar səviyyəsində müzakirə etməzlər.

miri 2019-10-05 10:58:16

Məmləkətdə bütün sektorlar bərbad haldadır. Ən əvvəl iqtisadi mühiti inhisarçılıq, inzibatçılıq kimi "böyük bəla"dan qurtarmayan kimi nə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Bu "stop döyməsi"nədən çıxmayana kimi iqtisadi dirçəliş mümkünsüzdür. Düzdür azad bazar, azad iqtisadiyyat və liberal bazar idarə edənlər üçün müəyyən cətinliklər, xüsusən "mutilik, yaltaqlıq" kimi vərdişlərin aradan götürülməsinə yol açacaq. Bəzən hətta haqq edilməyən təklif və tələblər də dövriyyəyə girəcək. Amma bu sonda dirçəlisə yol açacaq . Bank sektorunda olan neqativlər isə iqtisadi sektordakı dan da çoxdur. Dövlətin ayırdığı referensiya olunan maliyyənin bolunməsindən böyük qazanc götürmək istəyən bank oliqarxları (əslində hamısı bir yerə bağlanır) yüksək faizli kredit siyasəti yurutməklə hər kəsi "maliyyə buxov" unuda saxlamağı planlayır və buna da nail olur. Sonda isə problemli kreditlər, borcların qaytarılmasının rekonstruksiyasi, güzəşt və bağışlama kimi həllə yol aça bilməyən digər problemlər yaradır. İstehlak kreditləri isə lap faciəli mexanizmlər ilə aparılır. Minimum yaşama bəs edə bilməyən pensiya müavinət kartlarının girov götürülməsi traqikomediyasi tətbiq olunur. Beləliklə bütün millət ancaq caba verməklə bu gününü fikirləşir. Bütün bu və burda yazılmayan digər problemləri həll etmək istəyi (siyasi iradə) olmayana qədər heç axtarış etməyə belə dəyməz. Vəssalam.

Veteran 2019-10-05 10:58:16

Hormetli Vahid muellim, siz deyesen melumatsizsiniz,banklar neinki ozel sektora pul buraxmaqdan cekinir, onlar hetta sahibkarliga yardim fondunun ayirdigi guzewtli kreditleri sahibkarlara vermek istemirler. Yeqin bilirsiniz, bir sira muvekkil banklar var ki bu kreditleri sahibkarlara vermek ucun secilib. Cox yaxin bir dostum az qala 1 ildir hec bir banki razi sala bilmir ki fondun ayirdigi vesaiti alsin. Lazimi deqer girovu olsada bu mesele hell olunmur! Tak cto hami iw gormek evezine hami imitasiya edir!

Bashirov Qarib 2019-10-05 10:58:16

Nə qədər ki bankları məcbur edirlər pul köçursunlər,əhali faiz çoxlugundan,banklar da iflas qorxusundan qurtula bilməyəcəklər.

Türkoğlu 2019-10-05 10:58:16

Sitat:….”Minlərlə tələbə oxuya bilmir, universitetləri atıb gedirlər, imkanları olmur, yaşaya bilmirlər. Həm krediti ödəyə bilmirlər, həm yaşayış yeri üçün mənzil haqqını verə bilmirlər”…... Vahid bəy, əgər sizi tələbələrin təhsil problemi narahat edirsə, belə bir təşəbbüslə çıxış edin: “Hər bir deputat 2-3 tələbənin illik ödəniş haqqını boynuna götürsün”, buna bütün deputatların imkanı çatar, problem isə anında öz həllini tapar, faiz dərəcəsi problemini sakit buraxın, onun həlli sizlik, yəni sizin səviyyə deyil...)))).... Sitat: …”Bəs necə ola bilər ki, bank maksimum 10 faizlə özü kredit əldə edir, amma insanlara 25-30 faizlə kredit verir? Bu haqda ciddi düşünmək lazımdır”…..düşünüləsi bir şey yoxdur, iqtisadi gözləntilər anlayışı var, dərsliklərə baxın, belə mövzularda nə gəldi danışmaq qeyri-peşəkar şərhçilər və jurnalistlər üçün keçərlidir, millət vəkili üçün yox….))))))))) ....Sitat:...“Azərbaycanda sistem əhəmiyyətli banklar var.... cəmi 5-6 bankdır.....hökumət oturub bankla danışmalıdır. Soruşmalıdır ki, sənin dərdin nədir, niyə kredit faizlərin belə yüksəkdir”.....əla, Vahid bəy....))))) məgər bu bankların sahiblərinin adları gizlin saxlanır, onların adları məlum deyil??? Məgər parlamentdə faiz dərəcəsinin yüksəkliyindən ağız dolusu danışan millət vəkillərinin nəzarətində banklar yoxdur??? Çağırın onları komitəyə, həmkar kimi söhbət edin, qoy xalqın problemlərinə dəstək olsunlar....))))) Sitat:…..”biz cənab Prezidentə bununla bağlı müraciət etmişik….. Mərkəzi Bank qiymətli kağızlar formatında bazara vəsait buraxa bilər. Bu zaman həm qiymətli kağızlar bazarı inkişaf edir, həm də bank sistemində müəyyən problemlər həll olunur, həm də sahibkarların durumu yaxşılaşır”…...bilmirəm bu müraciəti kim hazırlayıb, amma olduqca düzgün və zamanında hazırlanmış müraciətdir. Anacaq məsələ təkcə bu amilin fəaliyyətə başlaması ilə bitmir, bu məsələ (uzun müddətli qiymətli kağızların emissiyası) parallel olaraq inflyasiya və məzənnə problemini doğuracaq, deməli zamanında mövcud sosial-iqtisadi modelin (tənzimləmənin) digər, əlaqəli problemləri də həllini tapmalıdır....)))) uğurlar Vahid bəy, zamanında meydanı tərk etməyi hər adam bacarmır...))))

Son yazılar