Gürcüstanın türk əsilli çarları: Vaxtanq Qorq Aslan

İlhami Cəfərsoy.

Filologiya üzrə elmlər doktoru.

Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunun “Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri.

[email protected]

050-616-09-00

İberiyanın XI əsrə qədərki tarixini Azərbaycan xalqının əcdadları – elitar türk nəsilləri yaratmışdır. Onlar Kür çayı boyunda şəhərlər salmış, kilsələr inşa etmişlər. IV əsrin ortalarında Kala adı ilə Tiflis şəhərini salmışlar (İоселиани Платон. Описание древности Тифлиса. Тифлис, 1866.s. 10-12; Марр Н.Я. О начальной истории Армении. Санкт-Петербург, 1897.s.293).

VIII əsrdən XI əsrə qədər Tiflis müsəlman əmirliyi olmuşdur. Ancaq əmirliyi ərəblər yox, xilafətin vassalı kimi Sarıçin xanları idarə etmişlər (Орманян Малахия. Армянский церков. Москва, 1913.s.39, 44; İоселиани Платон. Описание города Душета. Тифлис, 1860.s.67).

İveriyanin qüdrətli çarlarından biri Qorq Aslan olmuş, ölkəni 446-499-cu illərdə idarə etmişdir (Джуаншериани. Жизнь Вахтанга Горгасала. Тбилиси, Мецниереба, 1986, giriş; İlhami Cəfərsoy. İver və H`Ay folklorunda türk mifik təfəkkürünün izləri. Bakı, 2014, s.77-85).

Gürcülər indi Qorq Aslanın adını Qorqasal kimi yazırlar və iddia edirlər ki, o, Kartli əsilli çar olmuşdur. Halbuki, V əsrdə qələmə alınan “Kartlinin dönməsi”, əsərində çarın adı Qorqasal yox, Qorq Aslan kimi yazıya alınmışdır (Кероп Патканов. О древней грузинской хронике. Санкт-Петербург, 1883.s.218). O Qorq Aslan ki, Cavanşir nəslindən Bərdə hakimininin bacısı oğlu idi (Джуаншериани 1986.s.58, 59; Кероп Патканов 1883.s.208).

O Qorq Aslan ki, heç atası da gürcü deyildi, hansısa türk tayfasının başçısı idi. Bunu mən desəm, David Qaraca monastırını ziyarətə gedəndə keşişlər pişiyimi ağaca dırmaşdırarlar. Ona görə də mən demirəm Mari Brosseyə və Senkovskiyə istinadən Ş.A.Xantadze deyir (Хантадзе Ш.А. Академик Мари Броссе и Европейское грузиноведение. Тбилиси, 1970.s.83).

Qorq Aslan hələ gənc ikən öz süvariləri ilə Sasanilərin Hind səfərində iştirak etmiş, cəsur bir döyüşçü kimi şahənşah Firuzun rəğbətini qazanmışdı (Вермишев Х.А. Материалы для истории грузино-армянских отношений. Санкт-Петербург, 1904.s.115). Qorq Aslanın Hindistandakı uğurlarına ən çox sevinən

Dayısı – Aran hakimi Bakur oldu (İоселиани Платон. Род князей Чолакаевых. Тифлис, 1866.s.91, 94). Hind səfərindən sonra sasanilər Ceyhun çayını keçib, eftalitlərlə müharibəyə başladılar. Bu fürsətdən istifadə edən Bakur Qorq Aslanı Bərdə şəhərinə çağırdı. Ona 12 minlik qoşun verdi ki, Aran şahlığının vassalı kimi İberiyanı idarə etsin. Aran süvarilərinin köməyi ilə Qorq Aslan yunanları ölkədən qovub çıxartdı. Üç il ərzində dağlı tayfaları özünə tabe etdi. İveriyadakı Ucar şəhərini öz iqamətgahına çevirdi (Джуаншериани 1986.s.63,80,83,91).

Mari Brosse yazır ki, arxeoloji qazıntılar zamanı Qorq Aslanın gerbi və möhürü tapılmamışdır. Ona görə tapılmamışdır ki, onlar yox idi. Vassal hakimlərin gerbi və möhürü olmurdu.

Qorq Aslan Ucardan sonra İberiyadakı Bazar, Safar, Çor, Uruz (sonrakı Rustavi) şəhərlərini tutdu. Sasanilərə qarşı xristianlıqdan ideoloji dayaq kimi istifadə edərək həmin şəhərlərə yepiskoplar təyin etdi (Джуаншериани 1986.s.83,91).

Qorq Aslan yalnız Eretini-David Qaraca mağara-monastırlarının yerləşdiyi vilayəti tuta bilmədi (Джуаншериани 1986.s.83, 91). Gürcülərin Ereti adlandırdıqları vilayət V-VII əsr salnamələrində bəzən Er, bəzən də Eran adlandırılır. Ereti XII əsrin ortalarına - İudeya mənşəli baqrationların Gürcüstana gəlişinə qədər Sarıçin əmirlərinin tabeliyində oldu.

Qorq Aslanın Kür çayının sağ sahilində tutduğu bir vilayəti ermənilər Taşir, gürcülər Taşiskari adlandırırlar (Джуаншериани 1986.s.83,91). Taş türk, kar yəhudi sözüdür. Taşir isə Daş Ər deməkdir.

Mari Brosse Kür çayının sağ sahilində etnoqrafik məlumatlar toplayarkən görmüşdü ki, Peştaş adlı türk kəndinin camaatı kəndin yaxınlığındakı beş nəhəng daşa sitayiş edir. Daşər necə erməni və ya gürcü mahalıdır ki, o mahalın əhalisi daşa taş, kişi cinsinə ər deyirdi?

Qorq Aslanın anasının – Bərdə hakimi Bakurun bacısının ləqəbi xu+Aran+ze idi (Джуаншериани 1986.s.58,59). Bu da gözəl Aran qızı deməkdir. İver dilindəki xu gözəl sözünün köküdür.

Qorq Aslanın atının adı Tatçik idi. Cavanşir öz salnaməsində yazır ki, tatçik at adı türklərdə və ərəblərdə də vardır (Джуаншериани 1986.s.116).

Əbu Osman Cahiz əl-Bəsri (VIII əsr) yazır ki, türklər sürətlə qaçan və qaça-qaça yerində dönə bilən atlara tay deyirlər.

Cavanşir yazır ki, Aran hakiminin bacısı oğlu üç illik döyüşlərdən sonra çox tayfalı və çoxdilli İberiyanı özünə tabe etdi və bundan sonra özünə arxası aslan önü qurd başı formasında dəbilqə düzəltdirib, Qorq Aslan ləqəbini aldı (Джуаншериани 1986.s.30,116; Вермишев 1904.s.100).

Erməni və gürcü alimləri aslanın türk sözü olduğunu inkar etmirlər (Патканов 1883.s.218; Хаханов 1897.s.149; Вермишев1904.s.96, 117), ancaq iddia edirlər ki, qorq fars sözüdür.

Hindavropa dillərində qurda qorq yox, volf, volk deyilir. Qorq türk dillərindəki qorxutmaq feilinin köküdür.

Özbəklərin “Xannamə” dastanında deyilir ki, Yafəs övladları anadan qurd və aslan kimi doğulurlar. Böyüyəndə qurdlar xan, aslanlar xaqan olurlar.

Vaxtanqın dəbilqəsinin arxasındakı aslan onun Aran hakimi tərəfindən himayə olunduğunu bildirir, qurd isə cəsurluq, yırtıcılıq timsalıdır.

1872-ci ildə Tiflis yaxınlığındakı IV əsrə aid bir qəbiristandan yazılı məzar daşları tapıldı. Məzar daşının birində yazılıb: - Bu qəbir əziz ata İequdundur. Onu Qorq da adlandırırlar (Апакидзе Андриа. Города древней Грузии. Тбилиси, Мецниереба, 1968.s.194-195).

Başqa bir qəbir daşında yazılıb: - Bu qəbir İosif bar Qazanındır (Апакидзе 1968.s.200-2001). Bu qəbirlərdə yevrey dinli, türk əsilli adamlar dəfn olunmuşdur. Qorq, Qazan, Xatun adlı türklər İberiyada xristianlıqdan qabaq yaşayırdılar.

Gürcülər David Qaraca mağara – monastırlarına iddialıdırlarsa, biz onlardan qabaq İberiyada inşa etdiyimiz çoxlu kilsələrə və sinaqoqlara iddialıyıq. Biz Cənubi Qafqazda yalnız xristian mədəniyyətinin deyil, yevrey mədəniyyətinin də yaradıcılarından biriyik.

Qorq Aslan Ucar şəhəri yaxınlığında İranpərəst əsgərlərin ox yağışına düşüb həlak oldu. Onun qohumları bunu eşidib yaxalarını cırdılar, göy paltar geyinib öz başlarına kül ələdilər (Джуаншериани 1986.s.92-94).

Göy paltar geyinib, başa kül ələmək türk adətidir.

“Kartli çarlarının həyatı”nda göstərilir ki, “Qorq Aslan” eposunun Çərkəz variantı vardır. Eposda çarın adı Qorqasal deyil, Qorq Aslandır (Картлис-Цховреба 1905.s.182).

Çərkəzlər də abxazlar və acarlar kimi Qafqazın şöhrətli türk xalqlarından biridir. Onların bir hissəsi Nil vadisinə köçmüş, Misirdə sultan olmuşdur.

Çərkəzlər Fəzlullah Rəşidəddinə görə Qıpçaq çölündə yaşayan türk ellərindən biridir (Bahaeddin Ögel 1971.s.385). Onların adı türkdilli mənbələrdə çərkəz və kərkəs formalarında yazıya alınmışdır (Əbdürrəşid Bakuvi 1992.s.89).

Çərkəzlərin bir nəsli XVI əsrdə Rusiyaya köçdüş, Çerkesov və Çerkasski zadəgan nəsillərini yaratmışdır. Rusiya zadəganlarının “Məxmər kitabı”nda yazılıb ki, Çerkasski soyadlı generallar öz şəcərələrini Misirdə sultan olan İnaldan başlayırlar (Баскаков Н.А. Русские фамилии тюрксого происхождения. Москва, Наука, 1979.s.80). İnal türk tituludur.

499-cu ildə Qorq Aslan öldürülsə də, xalq onun tarixi xidmətini unutmadı. El şairləri onun həyatı əsasında “Qorq Aslan” dastanının yaratdılar.

Gürcülər o dastanı “Qorq Aslaniani” adı ilə öz dillərinə tərcümə etdilər və dedilər ki, bizimdir. Əgər Qorq Aslan hansısa türk tayfasının başçısıdırsa (Мари Броссе, Сенковский, Хантадзе 1970.s.83), biz nə haqla onun tarixi xidmətlərini gürcülərə bağışlamalıyıq?

Ermənilərlə gürcülər tarixi mövzularda tədqiqat aparırlar, yoxları var eləyirlər. Biz isə yox edilən varlığımızı görə-görə əhəmiyyətsiz mövzularda dissertasiyalar yazırıq. Elmlər doktoru, professor oluruq, AMEA-nın üzvü, müxbir üzvü seçilirik.

Zurabişvili də, Paşinyan da bizi bizdən yaxşı tanıyır. Ona görə də biri Alban kilsələrinə, biri David Qaraca mağara-monastırlarına iddialar qaldırır.

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar