“İNDİ CƏBHƏ XƏTTİ POLŞANIN ŞƏRQİNDƏN KEÇİR...” – General Rusiya təhlükəsindən danışır

ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı Ben Hodges Polşanın “Polityka” nəşrinə müsahibəsində Rusiya təhlükəsi və onun qarşısını almağı yolları haqda danışıb.

“AzPolitika” müsahibənin tərcüməsini təqdim edir?

- “Avropa siyasətinin təhlil mərkəzi” forumu növbəti Transatlantik beynəlxalq konfransdır. Bu konfransda amerikalıların başlıca probleminin Çin olduğu aydın hiss edilir. Necə düşünürsünüz, NATO üçün də belədir?

- Sözsüz ki, bir çox məsələlərdə bəli, belədir. İlk növbədə çinlilər “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində dünyanın müxtəlif nöqtələrindəki infrastruktura investisiya qoyur. Çin digər ölkələrə böyük pullar təklif edir. Ümumi yekunda, məsələn, onlara iri Avropa limanlarının səhmlərinə nəzarət zərflərini almaq müəssər olub ki, bu həyəcan yaradır. Çünki Pekin bundan təsir vasitəsi kimi istifadə edir. Mən ehtirasları coşdurmaq istəməzdim, lakin mənə elə gəlir ki, böhran anında çinlilərin Avropa limanlarına nəzarət etməsi ciddi problem yaradacaq...

- Plana görə limanlar irimiqyaslı “Qoruyucu-2020” təlimlərində istifadə ediləcək. Bu təlim son 10 il ərzində ABŞ-ın Avropaya hərbi güc yollamasının ən böyük aksiyası olacaq...

- Bəli, mən bu təlimləri və həmçinin də hazırkı böhranı nəzərdə tuturam. Böyük investisiyalar sayəsində Çin digər ölkələrə təsir göstərir. Həmçinin də Çin uyğur azlığına qarşı yürütdüyü siyasətlə bağlı Avropa Birliyi üzvlərinin yanaşmasını dəyişir. Bu məni ciddi narahat edir.

- Bütün bu məsələlərdə NATO hansı rolu oynayır? Alyans Çin ekspansiyasına qarşı necə cavab verə bilər?

- Bir neçə üsulla reaksiya vermək olar. Öncə anlamaq lazımdır ki, bu kollektiv təhlükəsizlik sistemidir və NATO ölkələrinin əksəriyyəti Avropa Birliyinin üzvüdür. Bu ittifaqın birliyini dağıdan və ya onu zəiflədən hər şey həyəcan yaratmalıdır. Elə bu cür təhlüklərdən biri kimi, Çinin “Huawei” şirkətinin beşinci nəsil mobil şəbəkə sistemi avadanlığından asılılığını nümunə göstərmək olar. NATO belə şəbəkələrdən istifadə edə bilməz, əks təqdirdə bütün məxfi məlumatlar Çinin kommunist rəhbərlərinin ixtiyarına keçər.

- Amma Çinin mikrocipləri hər yerdədir, hətta ABŞ müdafiə texnikasında da yer alır...

- Bəli, elə məhz ona görə də, biz onlardan asılılığımızı azaldan yeni nəsil sistemlər işləyib hazırlamalıyıq.

- Polşa torpağında əlavə Amerikan qüvvələrinin yerləşdirilməsiylə bağlı Polşa və ABŞ prezidentlərinin Nyu-Yorkda imzaladıqları sənəddə konkret deyilir ki, Polşa ərazisində əlavə Amerikan qüvvələri yerləşdiriləcək. Əslində Siz ABŞ quru qoşunlarının Avropadakı komandanı vəzifəsini tutduğunuz vaxtdan bu proses başlayıb. Sizin fikrinizcə, bu poses nə dərəcədə irəliyə gedib?

- Şübhəsiz ki, Polşa əla müttəfiq oldu. Mən Polşanın müdafiə sferasına yatırdığı investisiyanı, silahlı qüvvələrin hazırlıq səviyyəsini, texnikanın modernləşdirilməsini nəzərdə tuturam. Polşa baş qərargah rəisi general Raymund Andjeyçkanın əməyini xüsusi qiymətləndirmək lazımdır.

Polşanın nəqliyyat infrastrukturuna investisiya qoyması böyük əhəmiyyət daşıyır. Nə vaxt ki, böhran yaranacaq və ya münaqişə alovlanacaq, onda ilk mərhələdə Polşa ərazisindən keçməklə qarşıdurma nöqtəsinə qoşun göndəriləcək. Bundan sonra isə təchizatı yoluna qoymaq və kömək göndərilməsi həyata keçiriləcək. Önləyici tədbir baxımından belə şəbəkə çox vacibdir. O ki qaldı Amerika hərbi birləşmələrinin iştirakına, şəxsən mən Estoniyadan tutmuş Bolqarıstana kimi ABŞ hərbi dəstələrini görmək istərdim. Ən mühümü isə, bu silahlı qüvvələrin orada daimi qalması yox, onların müvafiq potensiala, lazımı gücə malik olmalarıdır. Mən təchizatı, hava hücumundan müdafiəni, kəşfiyyatı və bütün infrastrukturu da nəzərdə tuturam. Bunları bir anın içərisində yaratmaq mümkün deyil.

- Biz çox maraqlı prosesi izləyirik. ABŞ öz hərbi iştirakını nəinki Polşada, həm də Almaniyada gücləndirir. Onlar bu ərazilərdə yeni təchizat sistemi və hava hücumu əleyhinə müdafiə dəstələri yaradır, artilleriya briqadasını dirçəldirlər. Siz, Almaniyanı hər bir müdafiə əməliyyatı üçün ”start meydançası” adlandırırsınız...

- Soyuq müharibə illərində Almaniya ön xəttdə dururdu və biz hərbi fəaliyyət teatrının arxasındakı ölkələri (Fransa, Belçika, Niderland, Lüksemburq) nəqliyyat, lojistik zona adlandırırdıq. İndi cəbhə xətti yer dəyişdirib. O, Almaniyanın ortasından yox, Polşanın şərq tərəfindən keçir. Yəni bu xətt bizim Baltik müttəfiqlərimizdən başlayıb, Rumınyada qurtarır.

Məhz Almaniya ərazisi iri hərbi texnikanın göndəriləcəyi zona olub. Çünki bu texnika cəbhəyə hədsiz yaxın yerləşdirilə bilməz. Bu əsas roldur, hər bir peşəkar hərbçi və ya strateq bilir ki, hərbi gücün necəliyindən asılı olmayaraq, arxa cəbhədə lazımı sistem qurulmazsa, döyüş uduzulacaq. Mən ümüd edirəm ki, biz Almaniyanı təkcə “bundesver”in (alman ordusu) həcmi prizmasından dəyərləndirməyəcəyik. İnfrastrukturu təmin edəcək Almaniya bizim hamımıza - Polşaya, Litvaya, ABŞ-a, Böyük Britaniyaya lazımdır. Amma Almaniya silahlı qüvvələrinin döyüş qabiliyyətinin səviyyəsini qaldırmalıyıq. Almanlar Avropa vətəndaşlarının və infrastrukturun qorunması üçün hava hücumu və raket əleyhinə müdafiə sistemində öz üzərlərinə daha çox məsuliyyət götürməlidirlər. Ayrı-ayrı ölkələr arasındakı inamsızlıq bizə mane olmaqda davam edir. Mən anlayıram ki, burada həmçinin tarixdə öz rolunu oynayır.

Lakin biz polşalıların tam əmin olmalarını istəyirik ki, onlar bilsinlər, lazımı anda amerikanlar, almanlar, hollandlar, norveçlilər, fransızlar, ispanlar, portuqallar və sairə xalqlar onlara köməyə gələcəklər.

- Siz ABŞ quru qoşunlarının potensialının artırılmasına çağrış edirsiniz və deyirsiniz ki, bu qoşunlara əlavə atəş dəstəyi, raket artilleriyası, qısa məsafəni əhatə edən hava hücumundan müdafiə sitemləri lazımdır. Sizin istəkləriniz həyata keçəcəkmi?

- Mən son illər qəbul olunan qərarlardan çox razıyam. Bütün əsas prioritetlərin (uzaq radiuslu yüksək dəqiqlikli raket artillerya sisteminin, yeni logistik və sapyor dəstlərinin, həmçinin də əlavə Hava Hücumundan Müdafiə bölümlərinin meydana çıxması) reallaşdırılması sevindiricidir. Məni daha çox sevindirən bunların əslində ABŞ quru qoşunlarının başlıca prioriteti olmasıdır. Yəni “böyük ordu” qərara alıb ki, bütün dünyada təhlükə var. Amma ilk növbədə Rusiyadan qaynaqlanan mövcud təhlükə ilə məşğul olmaq lazımdır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar