Naxçıvanda orta ixtisas musiqi təhsili müəssisələrində müəllimlərin dərs yükü artırılıb

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qaydalar ali və orta ixtisas musiqi təhsilli şəxslərin Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi təhsili müəssisələrinə işə qəbulu və həmin müəssisələrdə çalışanların bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması məsələlərini tənzimləyir.

Müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Mədəniyyət Nazirliyi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Müəssisələrdə kitabxana informasiya ixtisası üzrə işə qəbul və qiymətləndirmə yalnız test imtahanı vasitəsilə aparılır. Test imtahanı kompüter, müsahibə isə dinləmə vasitəsilə keçirilir. Müsabiqə uyğun vakansiya yarandıqda Mədəniyyət Nazirliyi ilə birlikdə Komissiya tərəfindən elan edilir. Müəllimlərin yeni tədris ili üçün dərs yükü dövlət musiqi təhsili müəssisəsinin rəhbəri tərəfindən müəllimlər məzuniyyətə buraxılanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir.

Qaydaya əsasən, indiyə qədər orta ixtisas təhsili müəssisələrində dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün illik dərs yükü 500 saat, yəni 1 stavka müəyyənəşdirilib. Bu zaman illik dərs yükü 1 stavkadan artıq olmamalı idi. Dəyişikliyə əsasən, illik dərs yükü artırılıb. Başqa sözlə, bundan sonra istisna hallarda illik dərs yükü 1 stavka deyil, 1,5 stavkadan artıq olmamalıdır.

Qərar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında qəbul edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar