Sabiq və indiki nazirlərin şirkətlərinin “liderliyi” – Şikayətlərin sayına görə…

Dərc olunub: 09/10/2019 - 09:04

 

icbari_tibbi_sigorta_insurance_190516Azərbaycanın sığorta bazarının idealdan kifayət qədər uzaq olduğu heç kimə sirr deyil. Bunun da əsas səbəblərindən biri digər sektorlar kimi sığorta sektorunun da əsasən məmur-oliqarxların nəzarətində olmasıdır.

Buna baxmayaraq, ölkədəki bir çox aparıcı sığorta şirkətləri getdikcə daha çox müasir tələblərə, dünya standartlarına uyğunlaşmağa can atsa da, “axsayan” şirkətlər də az deyil. Və belə şirkətlərdən müvafiq strukturlara və mətbuata daxil olan şikayətlər kifayət qədər çoxdur. Məsələn, “Media Consulting & Sevices” (MC&C) media monitorinq qrupunun hesabatında Azərbaycanda haqqında ən çox neqativ xəbərlər dərc edilən sığorta şirkətlərinin adları açıqlanıb. 2019-cu ilin sentyabr ayı üzrə açıqlanan hesabatdan belə məlum olur ki, bu dövr ərzində haqqında ən çox neqativ xəbərlər dərc olunan şirkətlər “AzSığorta”, “Standard Sığorta” və “AtaSığorta” şirkətləridir.

Sentyabr ayı ərzində “AzSığorta” haqqında 32, “AtaSığorta” haqqında 28, “Standard Sığorta” haqqında isə 25 neqativ məlumat dərc edilib. Və bu məlumatlar əsas etibarilə şikayət xarakterlidir.

azsigorta

Maraqlıdır ki, hər üç sığorta şirkətinin adı Azərbaycan hökumətində nazir portfeli daşımış və hazırda daşıyan şəxslərlə birgə hallandırılır. Məsələn, şikayətlərin sayına görə lider olan “AzSığorta”nın səhmlərinin hamısı rəsmən Hikmət Abuzər oğlu İsmayılova məxsusdur. O, fiziki şəxs olaraq ölkədə ikinci ən böyük bank səhmdarı (Bank of Baku və AFB Bank) olmaqla yanaşı, sığorta bazarında da ən böyük paya malik fiziki şəxsdir. H.İsmayılov “Azsığorta” ASC-nin 20,3 mln. manat dəyərində olan səhmlərinin 100%-nə sahibdir. Lakin bu investorun adına həm sığorta, həm də bank sektorundakı qurumların Müşahidə və ya Direktorlar Şurasında rast gəlinmir.

Xatırladaq ki, bir müddət əvvəl “AFB Bank” ASC-nin səhmlərinin 99,64%-nə nəzarət edən “Gilan” MMC payını H.İsmayılova satıb. “Gilan” MMC isə Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ailə şirkəti kimi tanınır. Mətbuatda dərc edilən məlumatlara görə, Hikmət İsmayılov K.Heydərovun həm bacanağı, həm də biznes şəbəkəsinin əsas fiqurlarından biridir. 

Məlumat üçün onu da qeyd edək ki, “Fitch” beynəlxalq reytinq agentliyi ötən il “Azsığorta” ASC-nin Sığortaçının Maliyyə Gücü (Insurer Financial Strength – IFS) reytinqini “B” səviyyəsində təsdiqləyib. Agentliyin məlumatına görə, reytinq üzrə proqnoz isə “Mənfi”dir. “Fitch”in müəyyən etdiyi reytinq “Azsığorta”nın güclü kapital mövqeyinə baxmayaraq yüksək riskli investisiya profilini əks etdirir. “Mənfi” proqnoz isə şirkətin ötən il pozulmuş anderraytinq performansı, gələcək ehtiyatlarının inkişafı ilə bağlı qeyri-müəyyənlik və davam edən biznes fəaliyyətlərində qarışıqlıqla bağlıdır.

Barəsində ən çox şikayət daxil olan 3 şirkətdən biri olan “Standard Sığorta” isə sabiq iqtisadi inkişaf naziri Heydər Babayevə yaxın biznes strukturu hesab olunur. “Standard Sığorta” “AB Standard” QSC-yə daxil olan şirkətlərdən biridir. Sabiq nazirə aid olan “AB Standard” şirkətlər qrupu 2002-ci ildə yaradılıb. Bu holdinqə ləğv prosesində olan “Bank Standard” QSC, fəaliyyətdə olan “Standard Sığorta”, “Standard Lizinq” MMC, qiymətli kağızlar bazarındakı yeni qaydalarla əlaqədar fəaliyyətini dondurmuş “Standard Kapital” MMC daxildir.

45

Şirkətlər qrupunun sahibi sabiq iqtisadi inkişaf naziri Heydər Babayev və onun ailə üzvləridir. Bununla yanaşı qeyd edək ki, bir müddət əvvəl Babayevlər “Standard Insurance”ın rəhbərliyindən uzaqlaşdırılıb. Sığorta şirkətinin Direktorlar Şurasının sədri Babayev Rəhman Əlifağa oğlu vəzifədən gedib. Həmçinin, Heydərov Oruc Heydər oğlu və sabiq nazirin oğlu olan Babayev Emin Heydər oğlu Direktorlar Şurasının üzvlüyündən çıxarılıb.

Şikayətlərin sayına görə 2-ci yeri tutan “AtaSığorta” isə “Ata Holdinq”in tərkibindədir. Bu holdinq hər zaman sabiq vergilər naziri Fazil Məmmədova aid böyük biznes subyekti hesab olunub. F.Məmmədov nazir postunu itirəndən sonra isə mətbuatda holdinqin böyük hissəsinin onun əlindən alındığına dair məlumatlara sıx-sıx rast gəlinməyə başladı.

atasigorta-e1500472058580

Buna baxmayaraq, məsələn, “Ata Bank”ın hələ də sabiq nazirin nəzarətində olduğu qeyd edilir. Lakin bankın maliyyə vəziyyətinin ağır olduğu da yayılan xəbərlər sırasındadır. “Ata Bank” isə “AtaSığorta”-ya ən yaxın şirkət sayılır. Və göründüyü kimi, bu şirkətdən də şikayətlər olduqca çoxdur.

Bir sözlə, artıq “batmış” və batmaq üzrə olan nazirlərin biznes strukturları da özlərinin taleyinə yaxın tale yaşamaqdadırlar. Və bu, məmur oliqarxiyasının ölkənin biznes mühitinə gətirdiyi mənfi tendesiyaların daha bir nümunəsidir.

İqtisadiyyat Şöbəsi








loading...


Fikrinizi bildirin