“TÜRKİYƏ KÜRD DÖVLƏTİNİN OLMASINA ETİRAZ ETMİR” – “ABŞ kürdlərə dəstək verərsə…”

Dərc olunub: 08/10/2019 - 16:43

togrul

“AzPolitika.info”-nun Türkiyənin “Suriya Demokratik Qüvvələrinə”(SDG) qarşı Fərat çayının şərqində keçirəcəyi hərbi əməliyyat, bununla bağlı Ankara ilə Vaşinqton arasında aparılan danışıqlar mövzusunda suallarını Türkiyədə yaşayan siyasi ekspert, professor Toğru İsmayıl cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Toğrul bəy, Türkiyənin Fərat çayının şərq sahillərində əməliyyata başlaması an məsələsidir. Bu əməliyyat hansı nəticələri doğura bilər?

– Türkiyənin ilk gündən söylədiyi bir mövqe var. Xüsusilə, Menbicdən sonra Fəratın şərq sahillərinin də terror təşkilatından təmizlənməsinin vacibliyi ortaya çıxıb. Bu, ABŞ-ın iştirakı ilə baş tutmalı idi. Yəni Ankara və Vaşinqtonun razılığı əsasında bu proses aparılmalı idi. Lakin baş tutmadı. Bir neçə gün əvvəl Prezident Ərdoğan açıq bildirdi ki, ABŞ-la birlikdə hərbi patrul xidməti həyata keçirildi, əməkdaşlıq edildi, amma bir nəticə əldə edilmədi. Bu səbəbdən də Fəratın şərq sahilləri istiqamətli əməliyyat həyata keçiriləcək. Çox ehtimal ki, Türkiyə YPQ/SDG istiqamətli bir əməliyyata artıq hazırdır. Əməliyyatın bir qədər gecikməsinin səbəbi ABŞ-la danışıqların aparılmasıdır.

- Ərdoğanla Tramp arasında baş tutan telefon danışığından sonra ABŞ-ın Suriya-Türkiyə sərhəddində patrul xidməti həyata keçirən hərbi personalı iki müşahidə məntəqəsindən təxliyyə olunub. Bu nəyə mesajdır?

– Sözsüz ki, əgər orada bir əməliyyat keçiriləcəksə, Türkiyə orada olan dövlətlərin hamısını xəbərdar edəcək. Bu halda orada olan xarici ölkələrin hərbi birlikləri, təlimatçıları və ya mütəxəssisləri geri çəkilmək məcburiyyətindədir. İndiki halda ABŞ-ın bölgədəki iki patrul xidmətinin geri çəkilməsi anlaşılandır. Geri çəkilmə olmalıdır ki, itkilər yaşanmasın. Geri çəkilməsələr bu qarşıdurma vəziyyəti yaradır.

İkincisi, mən düşünürəm ki, Türkiyə ABŞ-la bu məsələni həll etmədən belə bir əməliyyatı həyata keçirə bilməz. Çünki bu cür məsələlər birmənalı deyil. Burada beynəlxalq rəqabət, mübarizə var. Bu çərçivədə tərəflər hər zaman geniş kütlələrin bilmədiyi qapalı müzakirələr aparır. Bunun nəticəsində də bəlli addımlar atılır. Bu mənada Türkiyənin özbaşına və bütün risqlərin məsuliyyəti altına girərək addım atacağına ehtimal vermirəm. Burada razılıq qarşılıqlı müzakirələr nəticəsində əldə oluna bilər.

- ABŞ Prezidenti Donald Tramp oktyabrın 6-da Prezident Ərdoğanı gələn ay Vaşinqtona rəsmi səfərə dəvət edib. Bu o demək deyilmi ki, əslində bu yolla Türkiyənin gözlənilən əməliyyatını daha bir ay gecikdirmək niyyəti var?

– ABŞ onsuz da Türkiyənin həyata keçirmək istədiyi əməliyyatı kifayət qədər uzadıb. Amma unutmayaq ki, Türkiyə bir dövlətdir, onun öz maraqları var və bu prosesi uzatmamağa çalışacaq.

- Yəni Prezident Ərdoğanın Vaşinqton səfərindən əvvəl bu əməliyyata start verilə bilər?

– Bu ehtimal çox yüksəkdir. Demirəm ki, əməliyyat mütləq başlayacaq. Çünki bu barədə birmənalı və qəti danışmaq doğru olmaz. Biz mütəxəssisik və əslində bir çox şərtlər var. Qərar daha çox şərtlərdən və tərəflərin razılaşmasından asılı olacaq.

- ABŞ və Türkiyə arasında hansısa bazarlaşma bu əməliyyatın başlamasına yaşıl işıq yandıra bilərdi?

– Bəli, bir çox şərtlər var. O mənadakı ABŞ hansı tələb və ya təkliflə çıxış edə bilər, Türkiyə nə verib, bunun nəticəsində nə ala bilər. Amma bununla belə Türkiyənin bu məsələdə iradəsinin qəti olduğunu unutmamaq lazımdır. Türkiyə dövlət olaraq orada bir terror dövlətinin və ya başqa bir dövlət təfindən qurulan süni dövləti qəbul edə bilməz. Yəni buna imkan verməz.

- Sizcə, Ankara və Vaşinqton arasında bazarlaşma hansı məsələlər ətrafında gedə bilər?

– Əslində bunu demək çətindir. Belə məsələlər yüksək səviyyədə həll edilir və mütəxəssislərin bu haqda informasiyası olmur. Yəni detalları demək mümkün deyil. Amma mütləq bazarlıq müzakirə mövzusudur.

Məsələn, Türkiyə deyə bilər ki, YPG terror təşkilatını Fəratın şərq sahillərindən təmizləyirəm, amma başqa bir bölgədə terror təşkilatının olmasına etiraz etmirəm. İşin mahiyyətinə baxanda əslində Türkiyə bir kürd dövlətinin olmasına etiraz etmir. Amma hansı kürd dövlətinin? Bildiyiniz kimi, Şimali İraqda muxtar respublika var. Türkiyə uzun illər bu muxtar respublikanı qəbul etmirdi, amma sonda qərar dəyişdi. Yəni Türkiyə bu muxtar strukturu qəbul etdi, hətta maliyyə dəstəyi verildi. O ana qədər ki, Bərzani referenduma gedib bu muxtar respublikanı müstəqil dövlət elan etmək istədi. Sözsüz ki, Bərzani ABŞ-dan dəstək alaraq bunu etməyə cəhd etdi. Amma Türkiyə və İran prosesə daxil olaraq bu işi başqa səmtə yönəltdi. Bu kimi məqamlarda unutmayaq ki, bölgədə bütün dövlətlər, o cümlədən də Türkiyə sərhəddini, təhlükəsizliyini və sabitliyini təhdid edəcək hər hansı bir yeni təşkilatlanmanın qarşısını almağa çalışacaq, buna imkan veməyəcək. Yəni Suriyada bir ərəb və ya kürd dövlətinin olması, bu ölkənin 5 yerə bölünməsi indi Türkiyəni maraqlandıracaq bir məsələ deyil. Daha doğrusu bu sonrakı məsələdir. Bu an birinci dərəcəli məsələ PKK-ya yaxın qrupların nəzarətində süni bir dövlətin yaradılmasına imkan verməməkdir.

- Bu bazarlaşmada ABŞ-ın tələbi və ya uduşu nə ola bilər?

– ABŞ-ın indiki halda marağı bölgədə qalmaqda davam etmək və Suriyanın enerji qaynaqlarının üstünlük təşkil etdiyi bölgədə təhlükəsizliyi təmin etmək və bu məsələdə Ankaranın dəstəyini əldə etməkdir. Çünki ABŞ kimi bir dövlətin yanında Türkiyə olmadığı təqdirdə onun Yaxın Şərqdə qalması olduqca müşgül məsələdir. Unutmayın ki, Türkiyə NATO ölkəsidir. ABŞ NATO-nun Türkiyədəki hərbi bazalarından istifadə edir. İncirliklə bağlı xüsusi razılaşma var, ABŞ buradan yararlanır. Türkiyə bu baxımdan ABŞ-ın Yaxın Şərqdə ən yaxın müttəfiqidir. Fikrimcə, ABŞ da Yaxın Şərqdə varlığını sürdürmək üçün Türkiyənin dəstəyini almağa çalışır.

- Əməliyyatla bağlı son iki gündə informasiya müharibəsi müşahidə edilsə də, Tehran və Moskva sükutu pozmur. Sizcə, bu nəyin əlamətidir?

– Hesab edirəm ki, Türkiyə Fəratın şərq sahillərində YPG/PKK terror təşkilatına qarşı əməliyyat apara biləcəyini adını çəkdiyiniz dövlətlərlə müzakirə edib. İndiki halda səssizliyin olması nəticəni gözləməklə bağlıdır. Çünki burada əsas məsələ Rusiya və İranla deyil, ABŞ və Türkiyə arasında olan danışıqlardır. Əməliyyatın aparılacağı bölgə ABŞ-ın nəzarətindədir. Əlbəttə, Moskva və Tehranla müzakirə aparılıb, amma əməliyyatın başlaması üçün ABŞ-la razılaşma olmalıdır. Bundan sonra digər ölkələr münasibətini ifadə edə bilər.

- Hazırda Bəşər Əsəd Suriyada əsas gücdür və ökənin 60-70 faizinə nəzarət edir. Türkiyənin əməliyyata başlayacağı təqdirdə Suriya rejiminin qüvvələri ilə üz-üzə gəlmə reallığı ortaya çıxacaqmı? Nəzərə alaq ki, BMT-nin Baş Assambleyasının sonuncu sessiyasında Suriya xarici işlər naziri Türkiyəni işğalçı dövlət adlandırdı, bir ay əvvəl isə Əsəd ordusu İdlibdə türk müşahidə postunu mühasirəyə alıb…

– Mən sizin fikirlərinizə qatılmıram. Hesab etmirəm ki, Əsəd Suriyada güc mərkəzidir. Bölgədə əsas güc Rusiyadır. Əsəd də Rusiyanın dəstəyi sayəsində varlığın davam etdirir. Burada əsas müzakirə Rusiya ilə aparıla bilər. Xatırlayırsınızsa, İdlib məsələsində Əsəd qüvvələri xüsusi fəallığı ilə diqqəti cəlb edirdi. Ancaq Ankara Moskva ilə anlaşdıqdan sonra Bəşər Əsəd birtərəfli atəşkəs elan etdi. Bu o deməkdir ki, Əsəd tamamilə rusların nəzarətində olan şəxsdir.

Digər tərəfdən, indiki halda Rusiya da Türkiyə kimi müttəfiqini itirmək istəməz. Suriya məsələsi uzun sürəcək. Düzdür, İŞİD yox edildi, lakin münaqişəni doğuran əsas problem həll edilməyib.

- Qeyri-rəsmi məlumatlara görə, YPG/SDG/PKK-nın Fəratın şərq sahillərində 40-50 minlik silahlı qüvvəsi var, ABŞ bu qüvvələrə təlimlər keçib və onları ən müasir silahlarla təmin edib. Türk ordusu bu sayda qüvvəni təmizləyə biləcəkmi?

– Afrin əməliyyatı öncəsi də iddia olunurdu ki, burada terror təşkilatı çox güclüdür, Əlbabda qala qurublar və s. Unutmayaq ki, türk ordusu peşəkar ordudur və NATO-nun ən güclü quru qoşunlarıdır. Türkiyə bu səbəbdən Əsəd rejimindən fərqli olaraq əməliyyatlar zamanı şəhərləri bombalamadı. Əksinə, şəhərləri küçə-küçə alaraq terrorçulardan təmizlədi. Bu zaman verdiyi şəhid sayı da olduqca azdır. Türkiyənin terrorla mübarizə təcrübəsi var. PYD-nin 50 minlik ordusu var demək olar, amma bu oradan-buradan toplanan, professional müharibə görməyən, ordu ilə qarşılaşmayan silahlı qrup deməkdir. Xatırladım ki, İŞİD PYD-nin güclü olduğu şəhərləri 5-10 dəqiqəyə ondan alırdı. Təcrübəsiz və ordusu olmayan İŞİD bunu edə bilirsə, 30 ildir terrorla savaşan türk ordusunun bunun öhdəsindən gəlməsi elə də çətin problem olmayacaq. Türkiyə təcrübəsi olan ölkədir, doğru və yalan arasında olan fərqi ayırd edə bilir, bölgədə kəşfiyyatı güclü işləyir. Burada türk ordusu üçün bir problem ola bilər. Əgər ABŞ üzdə Türkiyəyə dəstək verib, arxada bu qruplar içərisində yer alarsa, türk ordusunun şəhid sayı arta bilər. Amma sonda türk ordusunun qarşısına keçəcək hər hansı bir güc və qüvvə olmayacaq.

- ABŞ-da bu mövzuya dair fərqli mövqelər var. ABŞ-ın İŞİD üzrə sabiq xüsusi nümayəndəsi başda olmaqla, bir çox siyasətçilər Trampı Vaşinqtonun əsas müttəfiqi olan SDG-nı satmaqda ittiham edir. Prezident Tramp daxili situasiya və etirazları nəzərə alaraq Ankara ilə danışıqları dayandıra bilərmi?

– Yox, zənn etmirəm. Türkiyə ilə bağlı məsələnin belə asan şəkildə həll edilməsi mümkün deyil. ABŞ-da nəyin necə olması Türkiyəni o qədər də maraqlandırmır. Türkiyəni özünün milli maraqları düşündürür. Bir neçə il əvvəl Ankara ilə Moskva arasında təyyarə böhranı yaşandı. Heç bir ölkənin ağlına gəlməzdi ki, Türkiyə rus qırıcısını vura bilər. Amma Türkiyə vurdu. Suriyada nə ABŞ, nə Rusiya, nə də başqa bir dövlət Türkiyə ilə müharibə etməyəcək. Ancaq bu o anlama gəlmir ki, Türkiyə dəlicəsinə özünü atəşə atacaq. Hər bir hərbi əməliyyatdan öncə Ankara beynəlxalq səviyyədə diplomatik görüş və müzakirələr aparır. Və bunun nəticəsi əsasında hərəkət edir. Yoxsa, Türkiyə qərar verdisə Suriyaya daxil olacaq kimi anlayış mövcud deyil. Diqqət edirsinizsə Türkiyənin Fəratın şərq sahilləri ilə bağlı mövqeyii bir neçə ildir ki, var. Türkiyənin qəbul edəcəyi qərarları icra edəcəyinə əminəm. Bu, yaxın zamanda ola da, olmaya da bilər. Şəxsən mənim qənaətimə görə, bu addım tez bir zamanda atılacaq və Türkiyə Fəratın şərq sahillərini terrorçulardan təmizləyəcək. Türk ordusu belə bir əməliyyata tam hazırdır.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin