“NAMİZƏDİM ARİF HACILIDIR!...” – İsa Qəmbər başqanlıq yarışında tərəf tutdu

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər partiyanın oktyabrın 12-də keçirilməsi planlaşdırılan qurultayında başqa seçkisinə dair mövqeyini açıqlayıb.

“AzPolitika.info” xəbər verir ki, İ.Qəmbər bu yarışda hazırkı başqan Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.

Sabiq başqan “Facebook” səhifəsindən paylaşdığı “Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!” adlı bəyanat-yazıda bildirir: “2014-cü ilin sentyabrında - Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı mən öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi.

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam dəstəklədiyim aday asanlıqla qalib gələ bilər. Və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim. İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə - 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm.

Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır. Bu mövqeyimin səbəbləri çoxdur”.

İ.Qəmbər mövqeyini əsaslandırmaq üçün bir neçə səbəb göstərir və Arif Hacılını “böyük dövlət adamı” adlandırır və qurultay üzvlərinə “Arif bəyə səs verin!” deyə çağırış edir.

Xatırladaq ki, Müsavat Partiyasının 8-ci qurultayında başqanlıq uğrunda yarış Arif Hacılı və iqtisadçı Qubad İbadoğlu arasında getmişdi. Həmin vaxt İ.Qəmbər indiki kimi açıq şəkildə olmasa da, yenə Arif Hacılını dəstəkləyirdi. Cüzi fərqlə A.Hacılının qalib gəlməsindən sonra partiya faktiki olaraq iki hissəyə parçalandı, Q.İbadoğlu tərəfdarları ilə birlikdə Müsavatı tərk etdi.

İndi isə Arif Hacılının rəqibləri Tofiq Yaqublu və Yadigar Sadıqlıdır. İsa Qəmbərin belə açıq mövqe tutmasına onların hansı reaksiyanı verəcəkləri maraq doğurur.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

Kazımov Mayis Nəsib oğlu 2019-10-09 09:33:05

Ağası gülüm olanın başına külüm olar.Gül kimi partiyanı hörmətdən saldınız.

Oqtay 2019-10-09 09:33:05

... İsa Qəmbər

t.ədalət 2019-10-09 09:33:05

İsa Qənbər həmişə milli dövlətçiliyin əleyhinə olub.Ona görə də partiyanın başına özü kimi qeyri-türkləri toplayır.

Elxan 2019-10-09 09:33:05

Bu olke hec vaxt siz saxtakarlarin umudune qalmayacaq

Fəxrəddin 2019-10-09 09:33:05

Ay,Ay,Ay... Arif Hacıyev İsaya rüşvət verib? Yoxsa belə olmazdı.Müsavat batıb və daha dərinə gedər.

Mahir Əliyev 2019-10-09 09:33:05

Müsavatın nüfuzu Arif Hacılı gələndən sonra lap battı.İsa onu dəstəməklə bir daha sübut etdi ki,o şəraiti özü yaradıb.

Son yazılar