NOVRUZ MƏMMƏDOV NƏDƏNSƏ NARAZIDIR? - Və hər şey artıq deyilibmi?

Görünür, baş nazir postuna təyinatı kimi, bu vəzifəni itirməsi də Novruz Məmmədov üçün gözlənilməz olub. Təbii ki, hər nə qədər öz istəyilə getdiyi bildirilsə də, Azərbaycan reallığında bunun mümkünlüyü bir o qədər inandırıcı deyil və artıq sabiq baş nazirin mətbuata verdiyi qısa açıqlaması da onun pəjmürdəliyindən və bəlkə də narazılığından xəbər verir. Sitat: “Hazırda heç bir mətbuat orqanına müsahibə vermək fikrində deyiləm. Hər şey artıq deyilib...”

Doğrudanmı hər şey artıq deyilib? Hətta Abid Şərifov da bu cür danışmır. Ancaq hörmətli Novruz Məmmədov baş nazir təyin olunandan sonrakı çıxışlarında və müsahibələrində heç də bu qədər qısa və həvəssiz danışmırdı. Hətta əksinə, bəlkə də lazım olandan da artıq və bəzən birmənalı qarşılanmayan fikirlər səsləndirirdi.

Yalnız hansısa cərimələrin, rüsumların artırılmasına dair qərarların verilməsilə yadda qalan sabiq baş nazirin, meşə təsərrüfatı ilə bağlı qərarı isə tam başqa bir aləm olmuşdu. Həmin qərara görə, meşədən itburnu, çaytikanı və digər yabanı meyvə yığanlar, hətta quru yarpaq (!) toplayanlar belə cərimələnməli idilər. Bu qərarın kimlər tərəfindən və hansı məqsədlə hazırlanıb Baş Nazirə təqdim edilməsini bir kənara qoyaq. Ən azından belə bir mənasız, məntiqsiz və “heç dəxli var?” dedirdəcək qərara imza atmaqdan imtina etmək üçün heç iqtisadçı, yaxud təsərrüfatçı olmağa da ehtiyac yox idi. Təsadüfi deyil ki, nəticədə, həmin qərarın məsxərəyə qoyulması və sosial şəbəkələrdə tənqid edilməsindən sonra ölkə başçısı onun ləğvinə dair göstəriş vermişdi.

Hər hansı ciddi islahat təşəbbüsü, yaxud hansısa əhəmiyyətli qərarı, fəaliyyətilə seçilməyən Novruz Məmmədovun bu vəzifəni itirməsinə bir növ küskün münasibəti anlaşılmaz görünür. Adətən, onun sələfi Artur Rasizadə başda olmaqla, nəinki “üzü sulu” yola salınan nazirlər və digər iri çaplı məmurlar, hətta açıq-aşkar qovulanlar da onlarla bağlı verilən qərara görə minnətdarlıqlarını bildirir, hakim komandaya sədaqətləri barədə açıqlamalar verirdilər. Ancaq maraqlıdır ki, eyni münasibəti N.Məmmədovdan hələ ki, görmürük. Bu, bir narazılıq, etiraz əlamətidir, yoxsa...? Bəlkə də sadəcə, bu qərardan sonra özünə gəlmək üçün bir neçə günə ehtiyacı var və yəqin ki, yaxın günlərdə “minnətdarlıq və sədaqət” açıqlamasını verəcək. Və bundan sonra onun hətta hansısa xarici siyasət sahəsinə aid vəzifəyə təyinatını da istisna etmək olmaz...

Ancaq görünən odur ki, əvvəl-əvvəl özünü layiq bilmədiyi və oturmağa cəsarət etməkdə çətinlik çəkdiyi Baş Nazir kreslosu sonradan Novruz Məmmədovun çox xoşuna gəlib. Hər halda, bu da səbəbsiz deyil. Bu vəzifənin verdiyi imtiyazlar öz yerində, həm də yəqin ki, həmin yüksəklikdən baxanda çox zirvələr təpəcik kimi görünürmüş...

“AzPolitika.info”

635x100

Şərhlər

Resad 2019-10-09 19:49:29

Hövsanda Duz gölünü özelleśdire bilmedi. Ona göre keyfi pozulub

Mirzə AĞ 2019-10-09 19:49:29

İndi Novruz müəllimdən soruşmaq yerinə düşərdi: Meşələrdən giləmeyvə dərmək olarmı?!

Veteran 2019-10-09 19:49:29

Ewqdir mehrabi uca goylerin...

Son yazılar