AŞPA deputatlarını ifşa edəcək faktlar Cəmil Həsənlinin əlində

Müşahidəçilərlə iş aparmış hakimiyyət qrupu çıxılmaz durumda; Milli Şura ortaya sənədlər qoyacaq

Avropa İttifaqının ali qanunverici orqanı olan Avropa Parlamentinin Azərbaycanda 9 oktyabr prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyi barədə qətnamə qəbul etməsi Avropadan gələn müşahidə missiyaları ilə iş aparmış şəxsləri, xüsusilə də AvroNest Parlament Assambleyasının vitse-prezidenti, Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovu çətin duruma salıb.

Əldə etdiyimiz məlumata görə, hakimiyyətin yuxarı qatı xarici müşahidəçilərlə iş aparmaq və onları razı salmaq kimi ciddi işi həvalə etdiyi adamların yarıtmaz fəaliyyətindən qəzəblənib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ardınca Avropa Parlamentinin seçkiləri şübhə altına almasını iqtidar ciddi təhlükə vəd edən tendensiya sayır. Ona görə də Elxan Süleymanov başda olmaqla bir sıra şəxsləri işin bu həddə gəlməsində günahkar bilinirlər. Hakimiyyət hesab edir ki, avropalılarla aparılan işdə səhlənkarlığa və ciddi qüsurlara yol verilib.

Baş verənlər milyonlarla manat pul xərclənən “kürü diplomatiyası”nın faktiki olaraq iflasa uğradığını söyləməyə kifayət qədər əsas yaradır. Bu arada “Yeni Müsavat”a məlumat daxil olub ki, Azərbaycan müxalifətinin əlində seçkilərin demokratik keçirildiyini bəyan etmiş avropalı müşahidəçilərin, əsasən da Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasındakı bir sıra deputatların ifşası üçün ciddi materiallar var. Həmin materiallar Milli Şuradakı qüvvələrə yenicə verilib. İfşa materiallarının bir qismi isə 2010-cu ildə keçirilmiş seçkilər dövrünə aiddir. Sənədləri Milli Şuraya kifayət qədər məlumatlı şəxsin ötürdüyü də bildirilir.

Avropa Parlamentinin seçkiyə verdiyi qiymət barədə bizimlə söhbətində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də kifayət qədər ifşaedici faktlara malik olduqlarını etiraf edib: “Bir ölkədəki seçkinin nəticələri bir gün əvvəldən elan olunub, həmin seçkiyə necə müsbət rəy vermək olar?! Bir ölkədəki seçki günü topa-topa bülletenlər atılıb, karusel üsulundan istifadə edilib, seçki bülletenlərinin seçki başlayanda və bitəndə sayılmasında total saxtakarlıq baş veribsə, onu necə şəffaf seçki adlandırmaq olar?! Bu cür seçkini şəffaf, demokratik seçki adlandıran müşahidəçilərin hakimiyyətlə qaranlıq əlaqələrinin, sövdələşmələrinin olduğu barədə rəylər yaranır. Ona görə də düşünürəm ki, Avropa Parlamenti seçkini izləyən müşahidəçilərinin yol verdiyi səhvin onun nüfuzuna ciddi zərbə vura biləcəyinin fərqinə vararaq məlum qətnamə ilə öz nüfuzunu qorudu. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda seçkini müşahidə edən missiyasının deputatları kimi nüfuzdan düşməmək üçün Avropa Parlamenti məlum addımı atdı.

Oktyabrın 19-da Milli Məclisdə inauqurasiya mərasimi zamanı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun çıxışında maraqlı bir etiraf var. Məzahir Pənahov deyir ki, biz səsləri bölüşdürdükdən sonra filan addımı atdıq. Bu adam açıq şəkildə etiraf edir ki, seçicilərin səsləri müəyyən edilməyib bölüşdürülüb. Həqiqətən də Azərbaycanda seçkilərdə tam mənasında səslərin bölüşdürülməsi prosesi gedib. MSK seçki adı ilə keçirilən bu bölüşdürülməyə, hakimiyyətin mənimsənilməsinə hüquqi don geyindirmək istəyirdi. Lakin görürsünüz ki, bu dəfə arzu etmədikləri çətin durumla üzləşiblər və üzləşməkdədirlər. Getdikcə, çox şeylər açılır və açılacaq".

C.Həsənli bəyan etdi ki, AŞPA-nın Azərbaycanda 9 oktyabr seçkilərində müşahidə missiyasının ayrı-ayrı üzvlərinin ifşası istiqamətində fəaliyyətlərini i davam etdirəcəklər: “Bizim əlimizdə onların saxta seçkiləri demokratik seçki adlandıran müşahidəçilərin ifşasına nail olmaq üçün kifayət qədər faktlar var. AŞPA-nın həmin deputatlarını təkcə beynəlxalq aləmdə yox, öz ölkələrinin ictimaiyyəti arasında ifşa edəcəyik. Onlar Azərbaycan hakimiyyəti ilə natəmiz əlaqələrə giriblər.

Hələ bizim əlimizdə Azərbaycanda 2010-cu ildə keçirilən parlament seçkiləri zamanı AŞPA-nın bu deputatlarının necə ələ alındığı, hətta hansı hoteldə danışıqların aparıldığı, Azərbaycan iqtidarı tərəfindən bu danışıqları kimin apardığı, təklif olunan rüşvətin həcmi barədə kifayət qədər məlumatlar var. Biz onların ifşasını faktlarla davam etdirəcəyik. AŞPA-nın müşahidə missiyası özünü tamamilə nüfuzdan salıb, Azərbaycan xalqı, demokratik qüvvələri onlara etimadını itirib. Hələ prezident seçkisindən bir gün əvvəl mən onlarla “Hyatt Regensy” hotelində görüşərkən bunu özlərinə demişəm. Həmin müşahidə qrupunun daxilində bir sıra deputatlar var ki, korrupsioner nazirlərlə, onların yaxınları ilə oturub-dururlar. Biz onların ifşası istiqamətində fəaliyyətimizi davam elətdirəcəyik".(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar