Şotlandlar rusları və erməniləri məyus etdi

Şotlandiyada sentyabrın 18-də keçirilmiş müstəqillik referendumu Birləşmiş Krallıq tərəfdarlarının qələbəsi ilə başa çatdı. Seçicilərin 55,4%-i Şotlandiyanın Böyük Britaniyanın tərkibində qalmasına səs verdi.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Şotlandiyada müstəqillik tərəfdarlarının azlıqda qalmasını “Media forum” saytına belə izah edib:

“Şotlandların əksəriyyəti indiki həyatlarını radikal sürətdə dəyişmək istəmədilər. Çünki müstəqillikdən sonra iqtisadi və sosial sahədə nələrin baş verəcəyini heç kim proqnozlaşdıra bilmirdi. Şotlandiya müstəqillik qazanan kimi Avropa Birliyi müstəvisindən kənar düşəcəkdi. Ölkənin pul vahidi nə olacaq və ya Edinburqla London Şimal dənizindəki zəngin enerji mənbələrini necə bölüşdürəcək kimi suallar açıq qalırdı. Ona görə də şotlandların əksəriyyəti qeyri-müəyyənlikdən ehtiyatlanaraq müstəqilliyə “yox” dedi.

Böyük Britaniyanın baş naziri Devid Kemeronun, nüfuzlu siyasətçilərin və ictimai xadimlərin son anda təbliğata qoşulması da öz effektini verdi. Onlar Şotlandiyanın Böyük Britaniyanın tərkibində qazancının daha çox olduğunu izah etməyə çalışdılar və buna nail oldular”.

Analitikin fikrincə, referendumun özü Şotlandiyaya yeni imkanlar açır: “London Şotlandiyanın siyasi və iqtisadi hüquqlarını artıracağını vəd edib. Şotlandiya bundan sonra faktiki geniş səlahiyyətləri olan muxtar quruma çevriləcək.

Moskvanın və İrəvanın gözləntiləri isə özünü doğrultmadı. Şotlandiya müstəqilliyə səs versəydi, Moskva Krımı, İrəvan isə Dağlıq Qarabağı nümunə göstərərək beynəlxalq aləmə “niyə bizdə də olmasın?” deyəcəkdilər. İndi bu arqument işləməyəcək. Şotlandlar rusları və erməniləri məyus etdilər.

Moskva və İrəvanın növbəti ümidi noyabr ayında İspaniyanın Kataloniya bölgəsində keçiriləcək referendumadır. Ancaq bu referendumun nəticəsi də Moskva ilə İrəvanı üzə bilər.

Azərbaycana gəlincə, Londonun fəal təbliğatından nümunə götürməyə dəyər. Bizim arqumentlərimiz ingilislərin arqumentlərindən fərqlənmir. Onlar da ayrılmanın əleyhinədir, biz də.

Beynəlxalq aləmə və Dağlıq Qarabağın erməni sakinlərinə anlatmalıyıq ki, Azərbaycanla dostluq və birgə yaşayış onlara siyasi və iqtisadi mənada daha çox qazandıracaq, işğalın və dırnaqarası müstəqilliyin isə onlara bir xeyri yoxdur. Dağlıq Qarabağda yaşayan ermənilərin sosial təminatları da olacaq, bölgənin inkişafı da sürətlənəcək, Ermənistanla əlaqə də saxlaya biləcəklər. Yox, indiki kimi “müstəqilliyin” və onlara aid olmayan torpaqlara sahibliyin əsiri olacaqlarsa, erməniləri müharibə və kasıblıq girdabından başqa heç bir alternativ gözləmir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar