“Jirinovski Bakıya gələcək” - Polad Bülbüloğlu

jirinovskiSon günlərin ən çox müzakirə olunan məsələlərindən biri də Rusiyanın ən odioz siyasətçilərindən biri olan LDPR lideri Valdimir Jirinovskinin Bakıya gözlənilən səfəri ilə bağlıdır.

V.Jirinovskinin anti-Azərbaycan çıxışları ilə tanış olan cəmiyyət bu məsələdə iki cəbhəyə bölünüb. Bir tərəf Jirinovskinin Bakı səfərinə müsbət yanaşır. Hesab edir ki, Kremlin sözünü deyən bu adamla münasibətləri qaydaya salmaq lazımdır. Digər cəbhə isə Jirinovskinin məlum çıxışlarını nəzərdə tutaraq onun Bakıya gəlişinə qətiyyətlə “yox” deyir.

Dünən bu mövzu ilə bağlı daha bir xəbər yayıldı. Bəzi KİV-lər hansısa “diplomatik mənbələr”ə və “Jirinovskinin yaxın ətrafı”na istinadən bildirdilər ki, LDPR lideri Bakıya səfər planından imtina edib və Azərbaycana gəlməyə hazırlaşmır.

Doğrudanmı belədir? Virtualaz.org saytı bu sualla Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib.

P.Bülbüloğlu bildirdi ki, Jirinovskinin Bakı səfəri qüvvəsində qalır: “Jirinovski Bakıya Milli Məclisin xətti ilə dəvət olunub və bu dəvəti də qəbul edib. Onun Bakıya səfərinin sentyabrın sonlarında baş tutacağı gözlənilir”.

Səfir bildirdi ki, Jirinovski əvvəllər Azərbaycan əleyhinə çıxışlar etsə də onun mövqeyi sonradan kökündən dəyişib: “Adam öz səhvini başa düşüb. Məncə, Jirinovski kimi adamlar Azərbaycandakı vəziyyəti gedib öz gözləri ilə görməlidirlər. O, Dövlət Dumasında böyük bir fraksiyanın lideridir. Rusiyada 15-17 milyon seçici onun partiyasına səs verir. Bu adamın istənilən çıxışı ölkədə böyük maraqla qarşılanır. Ona görə də mən Jirinovski kimi adamlarla işləməyin tərəfdarıyam. Belə adamları özümüzdən kənara itələməməliyik, onları öz tərəfimizə çəkməliyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar