SURİYA UĞRUNDA BÖYÜK SAVAŞ – Türkiyənin hərbi müdaxiləsi hansı planları pozacaq?

Bu yaxınlara qədər Suriya ərazisinin üçdə bir hissəsi ABŞ tərəfindən dəstəklənən “Suriya Demokratik Gücləri”-nin (YPG və PYD-kürd qruplaşmaları və həmçinin də ərəblərdən ibarət Ceyş-ət-Tuvar dəstəsi-AzPol.) nəzarəti altında idi. Həmin ərazi ölkənin şimal-şərq tərəfini əhatə edir və burada məskunlaşma azdır. Amma ölkənin neft ehtiyatı (çox da böyük olmayan) və həmçinin də məhsuldar torpaqları buralardır. Bu regionu əlində saxlayan güclər Suriyanın gələcəyi ilə bağlı danışıqlarda həlledici sözə malik olacaqlar.

Lakin ABŞ prezidenti Donald Tramp bu regiondan qoşunları tam şəkildə çıxarmağa hazırlaşır. Bir il içərisində onların sayını iki dəfə azldıb. İndi orada 2000 ABŞ əsgəri var. Amerikanların köməyi olmadan SDG bu əraziləri nəzarətdə saxlamaq iqtidarında deyil. Amerikan xüsusi təyinatlılarının Suriya-Türkiyə sərhəddində mövqe tutması indiyədək Türkiyənin Fərat çayının şərq tərəfinə keçməsinə mane olan başlıca faktor idi.

- Suriya münaqişəsində iştirak edən güclər və onların maraqları

İŞİD döyüşçüləri bu yaxın günlərdə SDG-nin Rakka şəhəri yaxınlığındakı blokpostuna hücum ediblər. 2017-ci ilə kimi məhz Rakka İŞİD-in “paytaxtı” sayılırdı. 2017-ci ildə SDG ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın dəstəyi ilə həyata keçirilən döyüş əməlyyatlarından sonra bu şəhəri öz nəzarəti altına alıb.

Amerikan əsgərlərinin bu regiondan çıxması halında İŞİD cihadçılarını əsas uduşlu tərəfi hesab etmək olar. Ona görə ki, İŞİD-i tutduğu ərazilərdən çıxaran SDG və onun müttəfiqləri arasındakı birlik göz önündə dağılacaq. Hətta SDG içərisindəki PKK ilə sıx bağları olan “nüvə” ilə digər ərəb döyüşçüləri arasında parçalanma hiss olunur.

Hazırda İŞİD dünyanın ən zəngin terror təşkilatıdır. Onların təxminən 300 milyon dollar pulları var. Təkcə Suriyada bir neçə min İŞİD döyüşçüsünün gizlində fəaliyyətdə olduğu ehtimal olunur.

- Türkiyə

Suriyanın şimalına daxil olmaqla, prezident Rəcəb Tayyip Ərdoğan qarşısında üç hədəf qoyub.

Birincisi - Ərdoğan İŞİD-dən daha təhlükəli hesab etdiyi PKK-nı məhv etmək istəyir. Digər yandan Ərdoğan Suriya sərhəddi boyunca “bufer zona” yaratmaq və buraya hazırda Türkiyədə yaşayan Suriya qaçqınlarını köçürmək fikrindədir.

İkincisi - Ərdoğan suriyalı qaçqınların bir hissəsindən yaxa qurtarmaq istəyir. Bu yaxınlarda Türkiyədə yaşayan suriyalılar tərəfindən iğtişaşlar törədilmişdi. Dünyanın heç bir ölkəsi bu qədər böyük sayda qaçqın qəbul etməyib.

Üçüncüsü - Ərdoğan gələcəkdə Suriyaya daha böyük təsir imkanları qazanmağa ümid bəsləyir. Moskva, Tehran və Dəməşq uzun müddət ərzində Ərdoğanı ciddiyə almırdılar. Amma Türkiyə tədricən Suriya ərazilərini ələ keçirdikdən sonra aydın oldu ki, Ərdoğanı danışıqların iştirakçıları sırasına daxil etmək lazımdır.

- Rusiya və İran

ABŞ-ın bölgədən çəkilməsi Suriya prezidenti Bəşər Əsəd və onun müttəfiqləri olan Rusiya və İran üçün yeni şans anlamına gəlir. Çünki SDG-nın danışıqlara getməkdən başqa yolu qalmayacaq. Bəşər Əsəd SDG-nın əsas tələbi olan regional muxtariyyatın verilməsinə razı deyil. Belə güman etmək olar ki, SDG-yə köməyi Dəməşq yox, Moskva təklif edəcək. Onu da demək lazımdır ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyanın şimal-şərq regionlarının taleyi ilə əlaqədar Əsəd və SDG arasında danışıqların lehinə fikir söyləyib. Əgər SDG Əsəd və onun müttəfiqi tərəfə yönəlsə, onda Rusiya neytral vasitəçi kimi SDG-yə müəyyən muxtariyyatın verilməsini vəd edə bilər.

- İsrail

İsrail hadisələrin gedişini çox diqqətlə izləyir. İsrail narahatdır ki, Əsəd və onun müttəfiqləri yaxın perspektivdə yenidən Suriyanın şimalını öz nəzarətləri altına salacaqlar. Suriyanı İraq və İranla birləşdirən avtomagistral həmin ərazidən keçir. Bu dəhliz İran üçün mühüm əhəmiyyət kəsb edir. Çünki İranın geostrateji “şiə hilalı” layihəsinin reallaşması üçün bu yol vacib nəqliyyat xəttidir. Beləliklə də, İran Suriyadakı mövqeyini möhkəmləndirərək, Livanın şiə təşkilatı və müttəfiqi “Hezbollah”a daha güclü dəstək verə bilər. Suriya və Livan İsrail ilə sərhəd ölkələrdir. Bununla da bir-birinə düşmən olan İran və İsrail arasındakı ”kölgə müharibəsi” kəskinləşər.

Keçən ilə kimi İsrail təhlükəsizlik kabinəsinin tərkibində olmuş Naftali Bennet “twitter” səhifəsində yazıb: “Buradan İsrailin çıxardığı dərs çox sadədir: yəhudi dövləti daha heç vaxt öz taleyini, bizim böyük dostumuz ABŞ da daxil olmaqla, heç kimsənin ixtiyarına buraxa bilməz”.

Hələlik bəlli deyil ki, Trampın SDG nəzarət sərhəddinin arxasında yerləşən Amerikanın “At-Tanf” bazası ilə əlaqədar hansı planı var. Həmin baza İran və İraqı Suriya ilə birləşdirən digər avtomagistral üzərində yerləşir. Əgər Tramp bu məntəqəni də təhvil versə, onda İsrailin narahatlığı daha da artacaq.

- Avropa Birliyi

Avropa Birliyi ölkələrinin də narahatlığı az deyil. Belə ki, Böyük Britaniya və Fransa İŞİD-lə mübarizə üçün Suriyanın şimal-şərqinə, böyük sayda olmasa da, xüsusi təyinatlılar göndəriblər. Ancaq ABŞ-ın köməyi olmazsa, onlar çətin ki, döyüş qabiliyyətlərini saxlaya bilərlər. ABŞ Suriyadakı vəziyyətin hərbi həlli yolunda avropalıların daha aktiv iştirak etməsinə cəhd göstərsə də, bu alınmadı. Amma buna baxmayaraq, avropalılar siyasi proseslərdə fəal iştirak edirlər. Məsələn, Almaniya istənilən yerüstü əməliyata dəstək verməkdən tam imtina etsə də, Suriyanın şimal-şərqinin əsas sponsorlarından biri hesab olunur.

Ərazilərin minalardan təmizlənməsi, polis güclərinin hazırlığı, elektrik və su təchizatı kimi iri layihələrin Qərb tərəfindən maliyyələşdirilməsinin perspektivi hələlik tam aydın deyil.

- Suriya əhalisi

Humanitar təşkilatların hesablamasına görə, yaranmış vəziyyətdə uduzanlar ölkənin şimal-şərqində yaşayan milyon yarım dinc Suriya vətəndaşı olacaq. Təkcə bu il bir neçə on min qaçqın Rakka və Deyr-əz-Zor şəhərlərinə qayıdıblar. Əgər bu regionda döyüşlər yeni güclə qızışsa, onda qaçqınların sayı yenidən artacaq. Həmin regionda nə qədər dinc sakinin müharibə qurbanı olması da tam bəlli deyil. Rakkanın 2017-ci ildəki beş aylıq mühasirəsi zamanı təqribən 1,6 min mülkü şəxs həlak olmuşdu. (“Der Spiegel”-Almaniya)

“AzPolitika”nın əlavəsi: Türkiyə bu əməliyyatlardan sonra strateji üstünlük əldə edəcək. Çünki təhlükəsizlik zolağı mühüm əhəmiyyət daşıyır. Ərəblərin də SDG-yə qatılmasının məqsədi kürd qruplaşmalarının əsl mahiyyətini pərdələməkdir. Çünki çox maraqlıdır, tutalım kürdlər muxtariyyat istəyir, bəs onda suriyalı ərəblər nə itəyir? Sünnü ərəblər Əsədin hakimiyyətdən getməsini istəyir. Amma əgər gələcəkdə Bəşər Əsəd öz postunda qalarsa və kürdlərə muxtariyyat verərsə, onda bundan həmin ərəblərə nə düşəcək? Heç nə! Təbii ki, bunları bir yerə ABŞ yığıb və onlara pul, silah verərək, hərbi hazırlıq kursları keçib. Əlbəttə, öz məqsədləri üçün.

Bəli, bu gün Amerika deyir ki, YPG və PYD-ni PKK ilə eyni rəfə qoymayın, onlar Tükiyənin ərazi bütövlüyünə qarşı heç bir iddia irəli sürmürlər və onların maraqları Suriya sərhədlərini aşmır. Amma belə bir sual da verilməlidir ki, əvvəla, Suriyanın torpaq bütovlüyünü niyə pozursunuz? Bu ölkəni niyə parçalayırsınız? Əlbəttə ki, bu gün ABŞ-ın himayəsi və silahlı dəstəyi altında olan SDG adlandırılan qurum deyə bilməz ki, bizim Türkiyəyə də iddiamız var. Çünki hesab edirlər ki, lazımı qədər bərkiməyiblər və hələ əlverişli şərait yetişməyib. Daha doğrusu, fürsət gözləyirlər. Bir məsələ xüsusilə qeyd edilməlidir. Rakka şəhəri ələ keçiriləndən sonra buraya daxil olan YPG və PYD, şəhərdəki mərkəzi meydana Abdulla Öcalanın rəsmi olan nəhəng plakat gətirmişdilər. Ancaq ABŞ onlara xəbərdalıqla bildirdi ki, siz nə edirsiniz, nə üçün əsl istəyinizi belə tez faş edirsiniz...

Söz yox ki, onların bu hərəkəti hər şeyə aydınlıq gətirirdi. Əgər indiki hadisələrə daha dərindən yanaşmaq istəyiriksə, onda mütləq tarixə mürəciət etməliyik.

Birinci Dünya Müharibəsindən sonra Osmanlı imperiyasının torpaqlarında xeyli ərəb dövləti peyda oldu. Həmin dövlətləri ingilis və fransızlar qurdular və öz aralarında təsir zonasına böldülər. Baxın, İngiltərə və Fransa nə qədər ərəb dövləti ortalığa çıxardı. Suriya da elə məhz həmin dövrün məhsuludur. Lakin maraqlıdır ki, ingilislər və fransızlar kürd dövlətinin olmasını istəmədilər. Halbuki, onlar istəsydilər İraqın və Suriyanın şimalında kürd dövləti qura bilərdilər. Axı, Qərb dövlətləri gələcək perspektiv üçün bu bölgədə milli münaqişə ocağı yaradacaqdılar!...

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Mubariz 2019-10-14 17:01:53

Bir şeyi başa dusmek olmur?!Meger dunyanin 4 bir yetinden gelen terrorčular Turkuye uzerinden Suriyaya daxil olmadilar?Bir de Turkuye niye IŞID ile muharibe aparmadi.Indi yaxsi meqam tapib Suriyanin halal torpaqlarini qesb etmek isteyir?!Ecaba bu ne addi qoyublar baris pinari.Bunun adi işgaldi qesbdir.Ozude Suriyanin uzucu muharibe apardigi vaxtdan sonra.

AAgahuseyn 2019-10-14 17:01:53

ALLAH Qərbin selin və tufanın bol etsin.AMMİN.

Son yazılar