RUSİYA NƏHƏNG MALİYYƏ BÖHRANINA YAXINLAŞIR! – İlin axırınadək itkilər 150 milyard dollar olacaq!

“Rusiya nəhəng maliyyə böhranına yaxınlaşır”. Belə bir xəbərdarlıqla Almaniyanın ”Die Welt” qəzeti çıxış edib. AzPolitika.info maraqlı məqalənin tərcüməsini təqdim edir:

Çətinliklərin öhdəsindən rusların necə gələ bilməsi bacarığı hamıya yaxşı bəllidir. Bu xüsusiyyət onlara yaxın zamanlarda ən azından maliyyə sahəsində lazım olacaq. Hal-hazırda kapital bazarı rus iqtisadiyyatının “ağrılı qüsurunu” test edir. Rubl hər yeni həftədə öz tarixi minimuna doğru sürətlə irəliləyir. Altı gün ərzində Rusiya valyutası günbəgün qiymətdən düşərək, ABŞ dollarına görə yeni anti-rekord müəyyənləşdirir. İlin əvvəlindən indiyədək rus rublu amerikan dollarına nisbətdə 15,4% geriləyib. Bu ilin yayından rubl çox sərt təzyiq altındadır. Ancaq son günlər onun məzənnəsinin aşağı düşmə tempi əhəmiyyətli dərəcədə sürətlənib.

Neftin qiymətinin aşağı düşməsi Rusiyaya daha çox ziyan vuracaq

Əksər Qərb ekspertləri rublun zəifləməsinin davam edəcəyi qənaətindədirlər. Belə ki, ”Morgan Stanley” investisiya bankının Londondakı strateqi Monodj Pradxan bir dolların tezliklə 40 rubl olacağını proqnozlaşdırır. O, Rusiya valyutası üzərində qara buludların dolaşdığını bildirir. Sanksiyaların tətbiqi, investorların inamının itirilməsi və inflyasiya risklərindən başqa neftin qiymətinin ucuzlaşması da vəziyyəti kəskin ağırlaşdırır. Rusiya dünyanın digər inkişaf edən ölkələrinə nisbətən, neft gəlirlərindən daha çox asılıdır. Analitiklər rus valyutasının bu cür aşağıya düşmə tempi ilə 2017-ci ildə dollar qarşısında 50 rublu ötüb keçəcəyini proqnozlaşdırılar. İsveçrənin “Credit Suisse” bankının iqisadçısı Aleksey Poqorelovun sözlərinə görə, Rusiyaya maliyyə yatırımlarının qoyulması artıq dəbdən düşüb. Yeni soyuq müharibənin qorxusu altında investorlar dünyanın ən böyük ərazisinə malik olan ölkəyə yatırım qoymaqdan çəkinirlər və hətta bunun əksinə olaraq, Rusiyadan kapitallarını çıxarmağa başlayıblar. Həmçinin bununla yanaşı xeyli sayda Rusiya vətandaşı da pullarını ölkə xaricinə köçürür.

Rusiya maliyyə nazirinin ”kapital axınının” üçüncü kvartalda sürətləndiyini söyləməsi də vəziyyətin nə qədər ciddi olduğunu bir daha təsdiq edir. Aprel ayından iyunadək ölkədən 25,8 milyard dollar “axıb” gedib. Londonun “Capital Economics” təhqiqat firmasının hesablamalarına əsasən, iyul ayından sentyabradək müəssisələrin və fiziki şəxslərin birlikdə ölkədən çıxardığı kapitalın ümumi miqdarı 30 milyard dollar həcmindədir. Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, bu ilin axırına kimi Rusiya təxminən 150 milyard dolların itirilməsi riski ilə qarşılaşacaq. Beləliklə də 2014-cü il Rusiya üçün 2008-ci ildən də ağır ola bilər.

Vətəndaşlar inflyasiyadan əziyyət çəkirlər

Rusiya vətəndaşları üçün rublun çöküşü həyat şəraitinin dramatik şəkildə aşağı düşməsi deməkdir. Milli valyutanın zəifləməsi ilə vətəndaşlar gündəlik həyatlarında xeyli problemlərlə qarşılaşacaqlar. Xarici ölkələrə səyahətə çıxanlar əvvəlki illərə nisbətən daha az alış-veriş edəcəklər. Evdə isə hər şey bahalaşacaq və istehlakçılar xarici mallar üçün daha artıq pul xərcləməyə məcbur olacaqlar. Məsələn, bu əsasən bir il ərzində 12% bahalaşan ərzaq məhsullarına daha çox aiddir. Rəsmi statistikanın verdiyi məlumata görə, bu ilin əvvəlindən indiyədək infliyasiya 7,6% təşkil edib.

Rusiya maliyyə nazirinin müavini Aleksey Moyiseyev vətəndaşları sakitləşdirməyə çalışaraq, deyib ki, təlaş keçirməyə ehtiyac yoxdur və hökumət qiymətlərin artmasının qarşısını almaq üçün tədbirlər görəcək. Ancaq prezident Vladimir Putinin Ukraynadakı hərəkətlərinə görə keçmiş superdövlətə qarşı Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar problemləri daha da dərinləşdirəcək.

Sərt sanksiyalar konyukturanın ciddi zəifləməsinə təkan verib. Ona görə ki, Rusiya iqtisadiyyatı Ukrayna böhranına qədər də yaxşı səviyyədə deyildi və indi o resessiyanın astanasına kimi yuvarlanıb.Qərbə borclu vəziyyətdə qalan bir çox müəssisə və banklar üçün rublun zəifləməsi ölüm-qalım məsələsinə dönüb. Rusiyanın dövlət borcu nisbətən böyük deyil, ancaq iqtisadiyyatın özəl sektoru haqqında bu sözləri söyləmək olmaz. Rus şirkət və banklarının Qərb banklarına toplam olaraq 1,3 triyon dollar borcu var. Bu isə saatlı bomba kimi özü üçün yavaş-yavaş tıqqıldayır. Yalnız bu il üçün həmin borcların 157 milyard dolları ödənilməlidir.

Putin öz vətəndaşlarının dözümlüyünü yoxlayır

Təmiz riyazi hesablamalara əsasən, rublun dollar, avro və ya yen qarşısında itirdiyi hər bir faiz yükü durmadan artır. Borclu olanlar xaricdəki ödəmələrini vaxtında bağlamaqdan ötrü ölkə daxilindən daha çox rubl toplamaq məcburiyyətində qalırlar. Əsas böyük yük isə neft və qaz sektorunun müəssisələrindən fərqli olaraq öz məhsulunu birbaşa dollara sata bilməyən bank sektorunun üzərinə düşür.

1998-99-cu illərdəki Asiya iqtisadi böhranı zamanı valyuta kursunun sürətlə aşağıya-yuxarıya doğru hərəkət etməsi öz arxasınca xeyli sayda iflasa uğramış müəssisələr dalğasını sürükləmişdi ki, bu da son nəhayyətdə “iqtisadi pələnglər”-in məhvinə səbəb olmuşdu. Asiya böhranı ilə paralellər aparmaq çox maraqlıdır. 17 il əvvəl Asiyadakı borclulara heç kim kredit vermək istəmirdi. Qərb bugünkü sanksiyalar vasitəsilə Kremlə yaxın olan müəssisələrə və banklara kredit verilməsinə qadağa qoyub.

Ancaq bütün bunlara baxmayaraq, Rusiyanın öz yüksək kartları var. Rusiya Çin, Yaponiya, Səudiyyə Ərəbistanı və Tayvandan sonra dünyada beşinci ən böyük valyuta ehtiyyatına malik ölkədir. Rusiya Mərkəzi Bankının sonuncu məlumatına görə, həmin ehtiyyat 406 milyard dollardır. Buraya həmçinin 44 milyard dollar həcmindəki qızıl ehtiyyatını da əlavə etmək olar. Bunlardan başqa Rusiyanın ehtiyyat fondu da var. Ümumiyyətlə, həmin fond vətəndaşların pensiyalarını ödəmək üçün nəzərdə tutulub. Ancaq münaqişənin kəskinləşməsi halında maliyyə sarsıntılarını yumşaltmaqdan ötrü onun “möhürünü” acmaq da gərəkli ola bilər. Çox güman ki, Moskva öz vətəndaşlarının dözümlüyünü yoxlayır.

Tərcümə etdi: Vaqif NƏSİBOV

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar