“Dövlət bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir

Dərc olunub: 17/10/2019 - 17:35

255da8670ad53b3Bu gün Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib.

APA-nın xəbərinə görə, Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov iclası açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.

Əvvəlcə millət vəkilləri “Azərbaycan Hökuməti ilə Polşa Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxıblar.

Qeyd olunub ki, artıq ölkəmiz bir neçə dövlətlə bu qəbildən olan sazişlər bağlayıb. Sənəddə sazişin məqsədi, məxfi məlumatların qorunması, prinsipləri, ötürülməsi, məxfi məlumatların məhv edilməsi, çoxaldılması, tərcüməsi, məxfi kontraktlar, bu sahədəki səlahiyyətli orqanlar barədə anlayışlar ətraflı şəkildə əksini tapır. Millət vəkilləri sənədin mükəmməl şəkildə hazırlandığını və böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

Sonra iclasda “Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında” və “Dövlət bayrağının istifadə qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib. Bildirilib ki, ölkə Prezidentinin 2019-cu il 11 aprel tarixli 623 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamə” və “Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağının təsviri” təsdiq edilib. Həmin fərmanlarla Ali Baş Komandanının bayrağının vahid forması müəyyənləşdirildiyindən, təklif edilən bu qanunlarda dəyişikliklər edilməsi həmin münasibətlərin tənzimlənməsinə xidmət edir.

Müzakirələrdən sonra hər iki sənədə komitədə üç oxunuşda baxılıb və məqbul sayılaraq Milli Məclisin plenar iclasına tövsiyə edilib.






loading...


Fikrinizi bildirin