“BUNLARIN MƏQSƏDİ ATAMI ÖLDÜRMƏKDİR…” – Ölüm ayağında olan 70 yaşlı elmlər doktorunu azadlığa buraxmırlar

Dərc olunub: 18/10/2019 - 08:39

1 Müstəcəb Mustafa

Bu ilin iyun ayında redaksiyamıza müraciət edən Bakı şəhəri, Xətai prospekti ev 38, mənzil 8-də yaşayan Aqil Səfərov 70 yaşlı atası, iqtisad elmləri doktoru və 2-ci qrup əlil Müstəcəb Mustafa oğlu Səfərovun ahıl yaşında şərlənərək həbs olunduğunu iddia etmişdi. A.Səfərov bildirirdi ki, atası 8 il bundan əvvəl – 2011-ci ildə guya Əliyeva Zərifə Əli qızı adlı xanımın etibarından sui-istifadə etməklə, onun 250 min ABŞ dolları pulunu alaraq, bu günə qədər geri qaytarmamaqda günahlandırılır.

Şikayətçi bildirir ki, Nizami Rayon Polis İdarəsinin müstəntiqi, polis mayoru Ramil Əliyev sadəcə Z.Əliyevanın şikayət ərizəsi və Nuşirəvan Əliyev adlı şəxsin yalançı şahidliyi əsasında, heç bir başqa sübut olmadan M.Səfərova qarşı Cinayət Məcəlləsinin 178.3.2 maddəsilə (dələduzluq) cinayət işinin başlanması barədə qərar verib. A.Səfərovun dediklərindən belə məlum olurdu ki, Quba rayonu ərazisində onun atasına aid 20 sot torpaq və onun üzərində bir neçə köhnə kotec tipli tikili olub. Həmin yer “Afurca” istirahət mərkəzi adlanıb. Z.Əliyeva şikayət ərizəsində bildirib ki, guya hansısa yas məclisində tanış olduğu Müstəcəb Əliyev ona təklif edib ki, ümumilikdə həmin yerin sənədləşdirilməsinə çəkməli olduğu 500 min dollar(!) xərcin yarısını ona verərsə, Z.Əliyevanı bu yerə özünə şərik edəcək. İddiaçı bildirib ki, həmin vəsaiti 2011-ci ildə Bakı şəhərində M.Səfərova verib.

2

M.Səfərovun adından baş prokuror Zakir Qaralova, həmçinin Bakı şəhər və Nizami rayon prokurorlarına ünvanlanan vəsatətdə isə deyilir ki, Z.Əliyevanın iddiaları tamamilə yalan, şər-böhtandır və müstəntiqin iştirakı ilə ona qarşı qurama cinayət işi açılıb. M.Əliyev həmin hadisədən sonra insult keçirərək, xəstəxanaya düşdüyünü bildirib. Aqil Səfərov iddia edib ki, qarşı tərəfin məqsədi nə yolla olursa olsun atasının Qubadakı istitrahət mərkəzinin satışından əldə etdiyi pulu onun əlindən almaqdır. Və bu işdə iddiaçı tərəfin hüquq-mühafizə orqanlarındakı havadarlarının da xüsusi rolu var.
Həmin vaxtdan həbsdə saxlanılan M.Səfərovun səhhətinin kəskin şəkildə pisləşdiyi və hətta komaya düşdüyü bəlli olub. Belə ki, M.Səfərovun oğlu Aqil Səfərov “AzPolitika.info”ya yenidən müraciət edərək, 70 yaşlı atasının oktyabrın 8-də kəskin miokard infarktı, ardınca da mədə-bağırsaq qanaxması keçirdiyini bildirib.

A.Səfərov deyir ki, atası səhhətindəki çoxsaylı problemlər, xəstəliklər səbəbindən uzun müddətdir Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsinə yerləşdirilib. Lakin həmin müəssisədə ağır xəstəliklərdən əziyyət çəkən atasının müalicəsini aparmaq mümkünsüzdür, bunun üçün şərait və avadanlıqlar, ixtisaslı cərrah və həkimlər yoxdur. A.Səfərovun dediyinə görə, bunu sözügedən müəssisənin rəhbərliyi də etiraf edir. Lakin qarşı tərəfin şər-böhtanı və hüquq-mühafizə orqanlarının ədalətsizliyi ilə üzləşdiklərini deyən A.Səfərov atasının ölüm təhlükəsi altında qaldığını deyir: “Bunların məqsədi mənim atamı öldürməkdir. Atam reanimasiyada, komadadır. Bizi də yanına buraxmırlar. Oradan sağ çıxıb-çıxmayacağını da bilmirik…”

3
A.Səfərov bildirir ki, atasının vəziyyəti kəskin şəkildə pisləşdiyindən Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinin rəhbərliyi onun xəstəxanaya yerləşdirilməsilə bağlı işi aparan Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədova müraciət edib. “MediStyle” klinikasına yerləşdirilən M.Səfərovda kəskin miokard infarktı aşkar edilib və 4 damarı dəyişdirilib. Lakin 70 yaşlı xəstənin qarın boşluğunda mədə-bağırsaq qanaxması nəticəsində böyük miqdarda qan yığıldığından, əsas müalicənin davam etdirilməsi mümkün olmayıb. “MediStyle”-dan da xəstənin vəziyyətinin ağır olduğu təsdiqlənib.

Bu səbəbdən oktyabrın 14-də keçirilməli olan növbəti məhkəmə iclası oktyabrın 21-i tarixinə təxirə salınıb. Lakin M.Səfərovun yaxın gələcəkdə məhkəmədə iştirakının mümkünsüz olduğunu deyən oğlu A.Səfərov hakim qarşısında atasının səhhətilə bağlı məhkəmə-tibbi ekspertizanın keçirilməsi və onun ev dustaqlığına buraxılmasıyla bağlı vəsatət qaldırdıqlarını bildirib. İndi ailə hakim Ə.Məmmədovun bu məsələ ilə bağlı qərarını gözləyir.

A.Səfərov süni nəfəs aparatına qoşulan və həyatı təhlükədə olan 70 yaşlı atasının başına gətirilənlərlə bağlı ölkə başçısı İlham Əliyevə də teleqramla müraciət edib. Müraciətdə ahıl yaşında olan atasının azadlığa buraxılması üçün Prezidentdən yardım istəyən A.Səfərov əks halda onun ölümünün ölkənin hüquq-mühafizə və məhkəmə orqanlarının üzərində qalacağını bildirir: “Cənab Prezident, Azərbaycan Respublikası Konstitusiyasının qarantı kimi imkan verməyin ki, 70 yaşlı ahıl insanı, elmlər doktorunu, professoru öldürsünlər!”

“AzPolitika.info”






loading...


Fikrinizi bildirin