"ABŞ-ın BƏZİ DAİRƏLƏRİ AZƏRBAYCANI TƏCRİD ETMƏK FİKRİNDƏDİRLƏR" - Ramiz Mehdiyev

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qərbin Azərbaycandakı prezident seçkilərinə dair mövqeyini yenə və daha sərt tənqid edib.

R.Mehdiyev “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında ABŞ-ın ATƏT-dəki səfirinin AŞ PA-nı Azərbaycandakı seçkiləri təriflədiyinə görə tənqid etməsinə, habelə Avropa Parlamentinin seçkilərə dair əvvəl verdiyi müsbət rəyi dəyişərək ATƏT-in rəyini dəstəkləyən qətnamə çıxarmasına münasibət bildirib.

Prezident Administrasiyasının rəhbəri bildirib: “Avropanın son vaxtlar yürütdüyü siyasəti analiz edərək bir neçə mühüm məqamı ayırmaq olar. Hər şeydən əvvəl pozitiv məqamı - Avropa Parlamentinin qətnaməsində Ermənistan-Azərbaycan münaqişəsinə dair bəndi qeyd etmək olar. Orada deyilir ki, bu münaqişə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasını, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamələri əsasında həll olunmalıdır. Bu qətnamə bir sıraAvropa strukturlarının Azərbaycan ərazilərinin işğalı məsələsinə ciddi yanaşmasından xəbər verir. Eyni zamanda bu, Ermənistanın xarici siyasətinin münaqişənin səbəblərini təhrif etmək və başqa dövlətin ərazilərinin işğalı faktına haqq qazandırmaq üzərində qurulan xarici siyasətinin daha bir iflasıdır”.

R.Mehdiyev bəyan edib ki, bu müsbət məqamla yanaşı Avropanın siyasətində ziddiyyətlər də müşahidə edilir. Onun sözlərinə görə, Avropadakı maliyyə və sosial böhran sosial və demokratik böhrana çevrilib. Bu səbəbdən Avropa İttifaqına etimad azalıb.

R.Mehdiyevin sözlərinə görə, Avropa müstəqil siyasət yürüdə bilmir və bu da özünü ABŞ Dövlət Departamenti ilə ATƏT DTİHB-in seçkilərə dair siyasi baxımdan “qərəzli” rəylərinin üst-üstə düşməsində göstərir.

R.Mehdiyev Azərbaycana qarşı ikili standartların tətbiq olunduğu haqda danışaraq deyib ki, Dövlət Departamentinin “bəzi məmurları” AŞ PA-ya və Avropa Parlamentinə Azərbaycandakı seçkilərə dair müsbət rəylərini dəyişdirmək üçün təzyiq göstərməklə ABŞ-la Azərbaycan arasında tərəfdaşlığa zərbə vururlar.

“Buna necə sakit reaksiya vermək olar ki, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri, Avropa Parlamentinin missiyasının rəhbəri və digər beynəlxalq təşkilatların nümayəndələri seçkilərə müsbət rəy verdikləri halda Amerika tərəfi Azərbaycanın demokratik inkişafında mühüm mərhələ olan prezident seçkilərini ləkələməyə yönələn yalan mövqe ortaya qoyur və bu mövqeni başqalarına da qəbul etdirməyə çalışır?!” - deyə Mehdiyev bildirib.

R.Mehdiyevin sözlərinə görə, belə çıxır ki, Azərbaycanla Avropa arasındakı tərəfdaşlıq Dövlət Departamentindəki “bəzi məmurların kaprizlərindən” asılı olmalıdır.

“Dövlət Departamentinin, ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərə dair mövqeyi, yumşaq desək, anlaşılmazdır. ABŞ-ın bəzi siyasi dairələri Azərbaycanı təcrid etmək fikrindən hələ də imtina etməyiblər. Lakin onlar özləri təcrid olunmuş vəziyyətə düşüblər” - deyə PA rəhbəri bildirib.

Administrasiya rəhbəri qeyd edib ki, hələ seçkilərdən əvvəl məlum idi ki, ATƏT Parlament Assambleyası xaricdən olunan təzyiqlərə görə Azərbaycana göndərilməsi nəzərdə tutulan müşahidəçilərdən çox absurd bir səbəblə imtina edəcək:

“Daha sonra Azərbaycan tərəfinin dəfələrlə müraciətindən sonra ATƏT PA seçkilərdə iştirakı qəbul etdilər və seçki prosesini yüksək qiymətləndirdilər. Avropa parlamentarilərinin rəyinə görə, seçkilər şəffaf və azad olub, bu da ölkənin demokratikləşməsi istiqamətində daha bir addımın göstəricisi idi. Biz Vaşinqtonun müvafiq dairələri tərəfindən təzyiqlərə məruz qalan Avropa siyasəti xadimlərinin düşdüyü vəziyyətin bütün çətinliyini başa düşürük. Lakin bu Azərbaycana qarşı qəbul edilən ikili standartlara haqq qazandırmır. Hesab edirəm ki, belə uzaqgörən olmayan davranışlar və xüsusən AŞPA və Avropa parlamentinin mövqeyinə qarşı təzyiq cəhdləri ilə ABŞ Dövlət Departamentinin bəzi məmurları Azərbaycanla ABŞ arasındakı əməkdaşlığa zərbə vururlar.

ABŞ-ın ayrı-ayrı nümayəndələrinin qərəzli bəyanatları ABŞ-ın müşahidə şurasının mövqeyinə də ziddir.

Buna baxmayaraq, ABŞ Dövlət Departamenti və ABŞ-ın ATƏT-dəki missiyasının Azərbaycandakı seçkilərlə bağlı mövqeyi, yumşaq desək, təəccüb doğurur.

ABŞ-dakı bəzi siyasi dairələr hələ də Azərbaycanı təcrid etmək fikrindən çəkinməyiblər. Lakin onlar özləri təcrid olunmuş duruma düşdülər. Öz planlarına haqq qazandırmaq üçün onlar Avropa Parlamentinə, Avropa Şurasına və Azərbaycanda prezident seçkilərinin nəticələrinə müsbət rəy verən beynəlxalq təşkilatlara öz mövqelərini dəyişmək üçün təzyiq göstərirlər.

Lakin başa düşmürlər ki, hətta onların öz keçmiş qiymətləndirmələrindən vaz keçmələri belə heç nəyi dəyişmir”.

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar