STAR zavodunun açılışının 1 ili tamam olur

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində inşa olunan STAR neft emalı zavodunun açılışının bir ili tamam olur.

STAR-ın açılışı 2018-ci il oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Bu ilin əvvəlindən zavodda ümumilikdə 4,5 mln. ton məhsul istehsal edilib. Bu ilin sonuna qədər STAR 7,5 mln. ton neft emal etməyi nəzərdə tutur.

STAR zavodunun “Petkim”ə faydası

STAR əsas payı SOCAR-a məxsus olan “Petkim” neft-kimya kompleksinin yaxınlığında inşa edilib və iki nəhəng kompleks boru kəmərləri vasitəsilə bir-birinə bağlanıb. STAR zavodunun istismara verilməsi ilə “Petkim” neft-kimya kompleksinin əsas xammalı olan nafta zavoddan tədarük edilməyə başlanılıb. Zavodun ilk məhsul satışı 2019-cu ilin yanvarında “Petkim”ə nafta verilməsi ilə həyata keçirilib.2019-cu ilin ilk yarısında zavoddan “Petkim”ə 260 min ton nafta tədarük edilib.

Beləliklə, ehtiyacı olan xammalın STAR zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı təmin etməklə “Petkim” neft-kimya kompleksinin istehsalat imkanlarını və keyfiyyətini artırıb. Eyni zamanda, rəsmilərin bildirdiyinə görə, dəniz vasitəsilə nafta idxalının dayandırılması nəticəsində, “Petkim”in yükləmə limanında sıxlıq azalıb və ixrac mallarının yüklənməsi asanlaşıb.

STAR-ın fəaliyyətinin “Petkim”ə ildə 100 mln. dollar məbləğində əlavə mənfəət gətirəcəyi proqnozlaşdırılır. Bu məbləğin 60 mln. dolları logistik üstünlüklər, 40 mln. dolları isə ortaq xidmətlər və ortaq infrastruktur hesabına əldə ediləcək.

Azərbaycana faydası

STAR zavodu SOCAR-ın Azərbaycandan kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu layihə şirkətin biznes portfelini şaxələndirmək məqsədi ilə xaricdə həyata keçirdiyi layihələrdən biridir.

Zavodun ilk 5 ildə hər il 800 mln. dollardan çox gəlir gətirəcəyi proqnozlaşdırılır. Bu da Azərbaycan iqtisadiyyatına böyük töhfə olacaq və ölkəyə xarici valyuta axınını təmin edəcək.

Türkiyəyə faydası

STAR zavodu son 60 ildə Türkiyədə inşa edilən ilk yeni neft emalı zavodudur. STAR neft emalı zavodu Türkiyənin emal olunmuş neft ehtiyacının 25%-ni təkbaşına təmin edir. STAR NEZ-in uzunmüddətli hədəfi məhsullarını tam həcmdə daxili bazarda reallaşdırmaqdır. Hazırda STAR Neft emalı zavodu istehsal etdiyi məhsulların 65-70 faizini daxili bazara satır. 2020-ci ilə qədər isə bu neft emalı zavodunun istehsal etdiyi neft məhsulları tamamilə daxili bazara satılacaq. Müəssisə Türkiyənin cari kəsirinin azalmasına hər il 1,5 mlrd. dollarlıq töhfə verəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar