SOCAR prezidenti Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib

Dərc olunub: 22/10/2019 - 22:00

rovneqOktyabrın 22-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən 24-cü “Türkmənistan Neft və Qaz – 2019” sərgi və konfransında iştirak edib.

Bu barədə “Report” SOCAR-a istinadla xəbər verir.

SOCAR-ın prezidenti “Dünya enerji bazarlarının inkişaf təmayülləri və əməkdaşlıq perspektivləri” mövzusuna həsr olunmuş konfrans panelində çıxış edib, son iki il ərzində Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən imzalanmış birgə bəyanatların əhəmiyyətini qeyd edib, iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinə yeni impulsun verildiyini vurğulayıb.

Bu gün SOCAR qlobal miqyasda inteqrasiya olunmuş enerji şirkəti kimi fəaliyyət göstərir. SOCAR-ın Xəzər hövzəsində və onun xaricində malik olduğu müasir sənaye kompleksləri, neft və qaz məhsullarının nəqli üçün transmilli infrastruktur və qlobal ticarət şəbəkəsinə malik olması Türkmənistanın neft və qaz subyektləri ilə müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərini gündəmə gətirib. Beləliklə, öz çıxışında Türkmənistan ilə əməkdaşlığın yeni səviyyəyə gətirilməsinə işarə edən Rövnəq Abdullayev, Türkmənistanda SOCAR Trading nümayəndəliyinin açılmasını təklif edib.

SOCAR-ın prezidenti rəsmi səfəri çərçivəsində Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Muradgəldi Meredov ilə görüşüb, Türkmənistan ilə neft və qaz sənayesində perspektivli əməkdaşlıq imkanlarını müzakirə edib.

SOCAR 24-cü “Türkmənistan Neft və Qaz” konfransında həmtəşkilatçı qismində iştirak etmiş və həmçinin sərgidə geniş təqdimatla təmsil olunub. “Türkmənistan Neft və Qaz” beynəlxalq konfransı ölkənin dövlət qurumları ilə beynəlxalq neft və qaz şirkətləri arasında tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədi ilə hər il Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilir.






loading...


Fikrinizi bildirin