85 YAŞLI ƏLİZADƏNİN İSTEFASI QƏBUL OLUNDU – İnstitut direktoru keçir

Dərc olunub: 23/10/2019 - 11:20

akif“Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin istefa ərizəsi artıq qəbul olunub”.

Bunu APA-ya açıqlamasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib.

Bu gün AMEA prezidenti vəzifəsinə seçkilərin keçiriləcəyini vurğulayan İ. Həbibbəyli qeyd edib ki, prezidentliyə namizədlərlə bağlı onda hər hansı məlumat yoxdur: “Rəyasət Heyəti kollegial orqandır, yəqin ki, gün ərzində prezidentliyə namizədlər müəyyən olunacaq və seçkilər keçiriləcək”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsindən uzaqlaşmaq istəyən akademik Akif Əlizadə fəaliyyətini AMEA Geologiya və Geofizika İnstitutunun direktoru kimi davam etdirəcək.

Kult.az xəbər verir ki, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı Akif Əlizadə AMEA prezidenti olmaqla yanaşı, Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti, Qafqaz regional idarələrarası stratiqrafik komissiyanın sədri, Prezident yanında Elmin İnkişafı Fondunun və Dövlət Neft Şirkətinin Elm Fondunun Himayədarlar Şurasının üzvü, Prezident yanında Bilik Fondunun Himayəçilik Şurasının sədridir.

25 fevral 1934-cü il təvəllüdlü Akif Əlizadə 1957-ci ildən bugünədək Geologiya və Geofizika İnstitutunda çalışır.

* * *

“İstefa ərizəmi təqdim etməyimlə bağlı xəbər doğrudur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.

O qeyd edib ki, səhhəti ilə əlaqədar istefa vermək qərarına gəlib: “Bu gün saat 11:00-da Rəyasət Heyətində AMEA-nın Ümumi yığıncağı keçiriləcək və Akademiyaya yeni prezident seçkiləri keçiriləcək. Güman edirəm ki, mənim də ərizəm qəbul olunacaq”.

Qeyd edək ki, A. Əlizadə ötən il AMEA-nın ümumi yığıncağında qurumun prezidenti seçilib.

* * *

Ötən gün Prezident İlham Əliyevin pensiya yaşına çatmış məmurlara çağırışından sonra Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin fövqəladə toplantısı təyin olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, artıq AMEA prezidenti Akif Əlizadə istefa ərizəsini yazıb və sabah AMEA-ya yeni prezident seçiləcək.

Fövqəladə toplantı oktyabrın 23-də saat 11:00-a təyin olunub.

AMEA-nın yeni prezidenti kimi akademiklər – Nərgiz Paşayevanın və Rasim Əliquliyevin şansları daha çox dəyərləndirilir.

Qeyd edək ki, AMEA-nın indiki prezidenti akademik Akif Əlizadədir. Hazırda onun 86 yaşı var.






loading...


Fikrinizi bildirin