ƏLLƏRİ “BÖYÜKLƏRİN ƏTƏYİNDƏ” OLAN “REKETLƏR”... - Mənəvi terrorla məşğul olsalar da cəzasız qalırlar!

“Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda da. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Mən, indi dərinə getmək istəmirəm. Amma bildirməliyəm: bu, dözülməzdir, bir hökumətin bəzi üzvləri digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin tapşırığı ilə onların apardığı islahatların üzərinə kölgə salınır. Dözülməz vəziyyətdir”.

Məlum olduğu kimi, bu fikirləri ölkə Prezidenti İlham Əliyev bu yaxınlarda keçirdiyi iqtisadi müşavirədə bəyan edib. Dövlət başçısının belə sensasiya sayılacaq bir bəyanatla çıxış etməsinə, əlbəttə, sıradan bir hadisə kimi yanaşmaq münkün deyil. Bu fakt hakim komanda daxilində Prezidentin həyata keçirdiyi islahatlardan, yeni təfəkkürlü, gənc kadrları yüksək vəzifələrə cəlb etməsindən narazı qalan qüvvələrin “fəaliyyətinin” artıq dözülməz bir həddə çatdığını göstərir. Təsadüfi deyil ki, Prezident çıxışında bir neçə dəfə vəziyyətin dözülməz olduğunu bildirdi.

“Köhnə qaydalarla” yaşamaq istəyənlər, “ənənəvi metodlarla” işləyib korrupsiyanı, monopoliyanı öz həyat tərzinə çevirənlərin islahatlara qarşı çıxmasında, əlbəttə, təəccüblü nə isə yoxdur. Onlar hər vəchlə “keçmişə dönmək”, aparılan islahatları əngəlləmək istəyirlər. Bunun üçün də yeni təyin olunan müasir təfəkkürlü kadrları “qaralamağa” çalışırlar. Əlbəttə, bunu birbaşa və açıq şəkildə ifadə etməyə cəsarətləri çatmır. Ona görə də xəlvət şəkildə görüşdükləri, əlaltılarının vasitəsilə əlaqə saxladıqları “siyasətçilərə”, “iş adamlarına”, mətbuat orqanlarına sifarişlər verir, özləri üçün rəqib hesab etdikləri yeni təyin olunmuş kadrları ləkələməyə çalışırlar.

Prezidentin də qeyd etdiyi kimi islahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları məhz mətbuat vasitəsilə şantaj edir, onları nüfuzdan salmaq üçün ən rəzil böhtanları atmaqdan belə çəkinmirlər. Təbii ki, özünə hörmət edən, peşəkar jurnalistlərin, media nümayəndələrinin rəhbərlik etdiyi mətbuat orqanları kimlərinsə əlində şantaj vasitəsinə çevrilmirlər.

“Köhnələr” bir qayda olaraq, Prezidentin təyin etdiyi, vəzifə verdiyi yeni kadrları ləkələmək üçün “reket” jurnalistlərin xidmətindən istifadə edir, onların rəhbərlik etdiyi qəzet və saytları şantaj, böhtan vasitəsinə çevirirlər. Bu qəzət və saytlarda hansısa qurumun, dövlət təşkilatının fəaliyyətində yol verilən nöqsanlar, neqativ hallar deyil, məhz ŞƏXSLƏR hədəf alınır, verilən sifarişə uyğun olaraq onlara qarşı ən müxtəlif böhtanlar atılır.

Artıq neçə vaxtdır ki, məhz KÖHNƏLƏRİN sifarişi ilə bəzi “siyasətçilər”, “iş adamları”, reket redaktorlar ölkə Prezidentinin nazir, komitə rəhbəri, rektor, xidmət rəisi kimi vəzifələrə təyin etdiyi YENİ TƏFƏKKÜRLÜ KADRLARI sözün həqiqi mənasında mənəvi terrora məruz qoyur, şəxslərinə qarşı ən çirkin böhtanlar atırlar. Ölkə mediasını davamlı izləyənlər belələrini yaxşı tanıyırlar.

Bu cür sifarişli ləkələmə kampaniyaları qeyd etdiyimiz kimi, əsasən, “reketçiliyi” özünün başlıca fəaliyyət istiqaməti elan edən mətbuat orqanlarında məhz “REKET” baş redaktorlar tərəfindən həyata keçirilir. Hansı ki, adları vaxtaşırı Mətbuat Şurasının “Qara siyahısına” salınıb, çıxarılır.

Ancaq görünən budur ki, hansısa mətbu orqanın və ya baş redaktorun adının Mətbuat Şurasının “Qara siyahısı"na salınması onun nə fəaliyyətinə təsir edir, nə də sifarişlə şantaj, böhtan yazmaqdan çəkindirir. Hazırda Mətbuat Şurasının “Qara siyahısı”nda olan, reket elan edilən bəzi mətbu orqanların yenə əvvəlki kimi fəaliyyətini davam etdirməsi, Prezidentin rəhbər vəzifələrə təyin etdiyi şəxsləri mənəvi terrora məruz qoyması bunun əyani sübutudur.

Bu reketçiliklə məşğul olan media orqanları, baş redaktorlar vəzifəsini itirmiş, korrupsiya və rüşvət yolu ilə qazanc əldə etmək imkanlarından məhrum olmuşların sifarişi ilə yeni təfəkkürlü, islahatlar həyata keçirən kadrları və ya onlardan birini hədəf alır, demək olar ki, hər gün onunla bağlı çirkin böhtanlar yazırlar. Heç nədən çəkinmədən şantaj və böhtanla məşğul olmaları da bu “mirzələrin” sifarişi vəzifəli şəxslərdən aldıqlarını göstərir. Yəni, bunu yüksək vəzifədə oturanların razılığı və ya bilavasitə sifarişilə edirlər.

Mətbuat Şurası, onun rəhbərliyi isə buna qarşı heç bir tədbir görmür və ya görə bilmir. Sual olunur, onda bu “qara siyahı” nəyə yarayır? “Reket” elan olunan qəzet, sayt yenə əvvəlki kimi sifarişlə hədəf aldığı şəxsi şantaj edir və bunu HƏR GÜN TƏKRARLAYIRSA, deməli ya Mətbuat Şurasının qərarlarının heç bir əhəmiyyəti yoxdur, ya da burada başqa çirkli oyunlar var...

Hər halda məntiqlə, bir qəzət, sayt durmadan hansısa bir şəxs haqda eyni böhtanları təkrarlayırsa, onu mənəvi terrora məruz qoyur, ləkələməyə çalışırsa bununla bağlı daha təsirli addımlar atılmalıdır... Xüsusən də, əgər ləkələnən, şantaj olunan şəxs Prezidentin rəhbər vəzifəyə təyin etdiyi, onun tapşırığı ilə islahatlar həyata keçirən biridirsə... Bu edilmədiyindən, vaxtında belə hallara qarşı mübarizə aparılmadığından, məsələ Prezident səviyyəsinə qədər gedib çıxır.

Əlbəttə, söz və mətbuat azadlığı demokratik cəmiyyətin prioritet dəyərlərindən biridir. Ancaq mətbuat azadlığından sui istifadə edərək insanları, o cümlədən vəzifəli şəxsləri mənəvi terora məruz qoymaq, sifarişlə böhtan atmaq, davamlı olaraq ləkələməyə çalışmaq cinayətdir!

Nə yazıq ki, belə cinayəti törədənlərin bəziləri “reket” elan olunsa da, adları “qara siyahılara” salınsa da, əlləri “böyüklərin ətəyində” olduğundan məsuliyyətə cəlb edilmirlər! Ancaq nə vaxtadək?

R. Əliyev

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar