Güc göstərmək zoru - Analitika

Bu ay Azərbaycanın hərbi inkişafı ilə bağlı iki mühüm hadisə baş verdi.

Birinci hadisə Bakıda Beynəlxalq Hərbi Müdafiə Sənayesi Sərgisinin - ADEX-2014-nün keçirilməsi idi. İki günlük sərgidə Azərbaycan öz hərbi məhsulları ilə təmsil olunmuşdu. Sərgidə Türkiyə, Fransa, İsrail və Fransa kimi ölkələrin hərbi texnikası da yer almışdı. Azərbaycan məhz bu ölkələrlə hərbi əməkdaşlığı genişləndirməyə çalışır. Ölkənin müdafiə sənayesi 30-dan çox dövlətlə əməkdaşlıq qurub, müasir texnologiyalar əldə edir.

İsrailin və Türkiyənin müdafiə nazirləri şəxsən Bakıya gələrək sərgiyə qatılmışdılar.

Bu sərgi ilə rəsmi Bakı Qərbə göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinə görə NATO ölkələrinin Azərbaycana tətbiq etdiyi silah embarqosu işləmir. Sərgidə ABŞ şirkətləri təmsil olunmasa da, bəzi NATO ölkələrinin Azərbaycandakı sərgiyə maraq göstərməsi yaxın gələcəkdə Qərbin önəmli silah şirkətlərinin Azərbaycanla əməkdaşlığa başlayacağına işarədir. Fransa və Polşanı misal çəkmək olar. Hər iki ölkə Azərbaycanla hərbi əməkdaşlığa can atır.

Ukraynada baş verənlər NATO-nun münaqişəli ölkələrə silah satmamaq konsepsiyasını zəiflədir. Başda ABŞ olmaqla NATO ölkələrinin bir qismi Ukraynaya silah göndərməyə qərar verib. Halbuki Ukraynada münaqişə var və daxili qaydalara görə, əslində NATO bu ölkəyə müasir silahlar verməməlidir. Ancaq NATO ölkələri hazırkı reallıqdan çıxış edərək Ukraynanın Rusiyanın ekspansiyasına qarşı güclü ordu yaratmasına dəstək qərarı veriblər.

Bu hesabla Ukraynaya silah verən NATO ölkələri yaxın gələcəkdə Azərbaycanla da hərbi əməkdaşlığı mümkün saya bilər. Çünki Dağlıq Qarabağ problemi ilə yanaşı Azərbaycana digər təhlükələr də var. NATO Azərbaycanın bu təhlükələrə qarşı müasir hərbi qüvvələrinin olmasını istəyir.

Alyansın qeyri-rəsmi embarqosu səbəbindən Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlıq etmək məcburiyyətindədir. Rusiya Azərbaycana 100 ədəd T-90S tank satıb, daha 100 tankın satılması istiqamətində danışıqlar gedir. Bundan başqa Rusiya Azərbaycana T-72 tanklarını müasirləşdirməyi təklif edib. Beləliklə, boşluqdan istifadə edən Rusiyanın hərbi sənaye kompleksi Azərbaycanda möhkəmlənir. Çünki Rusiyadan bu qədər silah alan Azərbaycan gələcəkdə həmin texnikanın ehtiyat avadanlıqlarını da Rusiyadan almaq məcburiyyətində qalacaq. Bu isə yeni kontraktlar deməkdir.

İkinci hadisə sentyabrın 13-dən 20-nə qədər Azərbaycan ərazisində Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərinin keçirilməsi idi. Təlimlərə 30 min canlı qüvvə, 250-dən artıq zirehli texnika, raket və artilleriya qoşunlarının 150-dən çox qurğusu, 20-dək təyyarə, 15 helikopter qatılmışdı. Miqyasına görə bu, Azərbaycanla Türkiyə arasında ilk belə genişmiqyaslı hərbi təlimlər idi.

Bu təlimlərin bir neçə məqsədi olub.

Birinci məqsəd Rusiya və Ermənistana mesaj göndərmək idi. Rəsmi Bakı Kremllə normal münasibətlərə çalışsa və bu ölkədən silah alsa da, Moskvanın əvvəlki kimi Ermənistana dəstək verdiyini və Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmadığını anlayır. Avqustun əvvəllərində cəbhə bölgəsində atəşkəs pozulduqda Rusiya prezidenti Vladimir Putin hərbi təşəbbüsün Azərbaycanın tərəfinə keçəcəyindən ehtiyatlanaraq dərhal Soçidə görüş təşkil etdi. Putinin məqsədi münaqişənin həllini sürətləndirmək deyil, prezident İlham Əliyevə müharibənin başlamasının Azərbaycanın zərərinə olacağını anlatmaq idi. Təsadüfi deyil ki, Soçi görüşündən sonra Rusiya Ermənistanla birgə iki hərbi təlim keçirdi. Bu, Kremlin Bakıya xəbərdarlıq mesajı idi.

Sentyabrın 3-dən 7-dək Ermənistandakı Alagöz təlim-məşq kompleksində Rusiya hərbi bazası və Ermənistan Müdafiə Nazirliyi hərbçilərinin iştirakı ilə batalyon-taktik təlimlər keçirildi. Təlimlərə 1500 hərbçi, 300 zirehli tank, avtomobil və xüsusi hərbi texnika cəlb olunmuşdu. Deməli, rəsmi Bakı bu təlimlərə cavab verməli idi. Ən yaxşı variant kimi də Türkiyə ilə birgə daha böyük canlı qüvvə və hərbi texnika ilə birgə hərbi təlimlərə üstünlük verildi.

İkinci məqsəd Ukraynadakı hadisələrə reaksiyadır. Belə bir fikir geniş yayılıb ki, Ukraynadan sonra növbə Cənubi Qafqaza çatacaq. Yəni Rusiya Krımı işğal etdikdən və Ukraynanın şərqində separatçı bölgəni rəsmiləşdirdikdən sonra Gürcüstan və Azərbaycana təzyiqləri artıracaq ki, hər iki ölkə Kremlin siyasi və iqtisadi orbitində yer alsın. Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Rusiyaya Azərbaycanın Ukraynaya bənzəmədiyini, güclü ordusunun olduğunu və “X” vəziyyətində Türkiyənin Azərbaycana hərbi dəstək verəcəyini anlatmalı idi.

Hərbi təlim həm də Avrasiya bölgəsindəki ağır duruma reaksiyadır. İŞİD terror qruplaşması Türkiyə və Azərbaycanı da hədəf götürüb. Bu qrup xilafət xəritəsinə Azərbaycanla Türkiyəni də daxil edib. Ona görə də Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri İŞİD qruplaşmasına da mesajdır ki, bu iki ölkədən uzaq dayansın.

Dördüncü məqsəd enerji və boru xətlərinin qorunmasıdır. Dağlıq Qarabağ münaqişəsi və İŞİD terror qruplaşması Azərbaycan və Türkiyə ilə yanaşı enerji resurslarının dünya bazarlarına çatdırılmasına da təhdid yaradır. 2015-ci ildə Bakı-Tbilisi-Qars dəmiryolu da işə düşəcək. Ona görə də Azərbaycan-Türkiyə birgə hərbi təlimləri boru xətlərinin mühafizə altında olduğuna da işarədir. Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində boru xətlərin qorunması komponenti də olduğundan gələcəkdə bu hərbi təlimlərə Gürcüstanın qoşulması realdır.

“Atlas” Araşdırmalar Mərkəzi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar