Azərbaycanın seçimi bölgənin gələcəyini müəyyən edə bilər - “The Hill”

“Azərbaycanın götürdüyü qərbyönümlü siyasi kursa rəğmən, ABŞ bu dövləti daha çox tənqid etməyə çalışır”.

APA-nın məlumatına görə, bu fikir ABŞ-ın “The Hill” qəzetinin saytında beynəlxalq siyasi analitik Ceyson Katzın ABŞ-ın Yaxın və Orta Şərqdə, eləcə də Cənubi Qafqazdakı siyasətini tənqid etdiyi məqalədə yer alıb.

ABŞ rəhbərliyinin regiondakı liderliyini qorumaqda çətinlik çəkdiyini və bir sıra vacib məqamlarda səhvlər buraxdığını deyən analitik Vaşinqtonun müttəfiqlərlə münasibətlərə həvəssiz yanaşdığını bildirib. Bu məsələdə Azərbaycanı misal çəkən Ceyson Katz qeyd edib ki, Azərbaycan regionda strateji əhəmiyyətli dövlətlərdən biridir: “Qətiyyətlə müstəqil siyasət yeritməyə çalışan bu ölkənin hazırkı vəziyyətdə tərəfdaş seçimi bölgənin gələcəyini müəyyən edə bilər. İran və Rusiya tərəfindən təzyiqlərlə qarşılaşan Azərbaycan həm də Gürcüstanın iqtisadi cəhətdən asılı olduğu ölkədir. Həm də enerji resursları ilə zəngin olan Mərkəzi Asiya üçün də Qərbə çıxışda tranzit və başlıca tərəfdaş rolu oynayır. Belə bir real siyasi mövqeyin yeridildiyi yolda yeganə çatışmayan amil Birləşmiş Ştatlardır”.

Analitikin fikrincə, “Ərəb baharı”nın fəsadlarından heç bir nəticə götürməyən Vaşinqton Azərbaycanı daha çox tənqid etməyə çalışır: “Şübhəsiz ki, Azərbaycan hakimiyyəti daha çox səy göstərə və müxalifət üçün daha yaxşı şərait təmin edə bilər. Lakin bu ölkə regionda hamıdan çox tənqidə və ittihama məruz qalır. Bu ittihamlardan ən böyük pay Ermənistanın payına düşür ki, özündəki böyük problemləri nəzərdən qaçıraraq Azərbaycanın hər bir nöqsanını qabartmağa çalışır. Halbuki Ermənistanı müstəqil dövlət kimi xarakterizə etmək çox çətindir və bu ölkənin Rusiyanın vassalına, İranın yaxın müttəfiqinə çevrilməsi aydın görünür. Azərbaycanı tənqid edənlər eyni zamanda ikinci erməni dövlətinin də yaranmasına yol açmağa çalışırlar. Burada Dağlıq Qarabağdan söhbət gedir ki, beynəlxalq səviyyədə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisi olaraq tanınıb”.

C. Katz bildirib ki, neqativlik daha çox reytinq toplamaqdadır və ABŞ vergiödəyicilərinin maliyyələşdirdiyi “Azadlıq” radiosu davamlı tənqid məsələsində “çempion”dur. “Azadlıq” radiosunun Azərbaycana münasibətini “Russia Today”in ABŞ-a yanaşması ilə eyniləşdirən analitik əlavə edib ki, sözügedən radioda Azərbaycanla bağlı müsbət bir şeyə nadir hallarda rast gəlmək olar: “Jurnalistlərin canfəşanlığı anlaşılandır, amma nəyə görə ABŞ vergiödəyicilərinin hesabına ABŞ maraqlarına zərbə vurulur, başa düşmək olmur. Anti-Amerika mövqeli “Russia Today” və “Al-Jazeera”dan fərqli olaraq “Azadlıq” radiosu özünün fokusunu itirib və özünün müxtəlif dillərdə olan xidmətlərinin seçimindən asılı olaraq Amerikanın başqa dövlətlərlə münasibətlərini məqsədli şəkildə korlamaqdadır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar