MƏRKƏZİ BANK DOLLARI UCUZLAŞMAĞA QOYMUR  - “Sabit məzənnə rejimində qalmağa məcburuq”

Əksər müstəqil ekspertlərin manatın ABŞ dollarına nisbətdə real məzənnəsinin rəsmi məzənnədən yüksək olduğuna dair fikirləri öz təsdiqini tapır. Mərkəzi Bankın sədri Elman Rüstəmovun son mətbuat konfransında səsləndirdiyi fikirlər də bunu təsdiqləyir.

E.Rüstəmovun dediklərindən belə aydın olur ki, Mərkəzi Bankın manatın məzənnəsinin dəyişməsinə imkan verməməsi valyuta bazarında satılmayan ABŞ dollarının artmasına səbəb olub. Hazırda təklif tələbi üstələyir və əgər Mərkəzi Bank məzənnənin dəyişməsinə icazə versə, manat dollar qarşısında xeyli möhkəmlənə bilər.

Sözügedən mətbuat konfransında ki, E.Rüstəmovun dediyinə görə, Mərkəzi Bank bu il valyuta bazarından 391 milyon dollar valyuta alsa da, daha artığını ala bilmir. E.Rüstəmov bildirib ki, builki neft qiymətləri profisitli ticarət balansını saxlayır. Bu, o deməkdir ki, neftin yüksək qiymətləri hesabına ixracın dəyərinin artması ölkəyə daha çox valyutanın daxil olması ilə nəticələnib: “Valyuta bazarında təklifin tələbi üstələməsi valyuta ehtiyatlarının artması üçün şərait yaradıb. İlin ötən dövrü üzrə valyuta bazarında təxminən 940 milyon dollar məbləğində profisit yaranıb. O cümlədən, Dövlət Neft Fondunun sata bilmədiyi 548 milyon dollar vəsaiti var. Mərkəzi Bank valyuta bazarından 391 milyon dollar valyuta alıb”.

E.Rüstəmov bildirib ki, Mərkəzi Bank valyuta bazarındakı bütün profisiti alarsa, bu, dövriyyəyə əlavə manat kütləsinin daxil olmasına səbəb olacaq: “Mərkəzi Bankın valyuta bazarındakı bütün profisiti alması arzuolunan variant deyil, əlavə pul emissiyasına gətirib çıxardır. Bu isə pul kütləsinin idarə edilməsində əlavə problemlər yarada bilər”.

MB sədri etiraf edib ki, hazırda valyuta bazarında olan və satılmayan ABŞ dolları ilə bağlı hər hansı qərar verməkdə çətinlik çəkirlər: “Bu gün bizim böyük qayğımız - bu vəsaitləri ilin sonunadək necə sataq ki, dövlət büdcəsi öz öhdəliklərini yerinə yetirə bilsin”.

Onun fikrincə, ölkədə aşağı inflyasiyanın başlıca səbəbi manatın dollara nisbətdə məzənnəsinin sabit qalmasıdır. Dolların bahalaşması bazarda məhsulların bahalşaması ilə nəticələnir, buna görə də məzənnənin sabit saxlanılması lazımdır: “Açıq demək lazımdır, biz sabit məzənnə rejimində qalmağa məcburuq. Bu gün Azərbaycandakı aşağı inflyasiyanın başlıca səbəbi məzənnənin sabit qalmasıdır.”

Bununla yanaşı, E.Rüstəmov manatın bahalaşmasını da arzuolunmaz hesab edib: “Manatın revalvasiyası (bahalaşması) milli iqtisadiyyatımız üçün zərərli ola bilər. İqtisadi siyasətin ən başlıca məqsədləri qeyri-neft sektorunun inkişaf etdirilməsi, ixracın şaxələndirilməsidir. Bahalı manat bu prosesin qarşısında maneələr yarada bilir”.

Göründüyü kimi, E.Rüstəmov dolayısı ilə məhz Mərkəzi Bankın dolların ucuzlaşmasında maraqlı olmadığını bildirir və bunun qeyri-neft sektorunun inkişafına xidmət etdiyini iddia edir...

İqtisadiyyat Şöbəsi

635x100

Şərhlər

Abid 2019-10-26 09:19:16

Ermənilər və həm də ermənilərin yeznə və kürəkənləri indiyədək bizi həm ÖN həm də ARXA CƏBHƏDƏ qırıblar.Görək bunlar işdən çıxarılandan sonra nəsə dəyişəcəkmi.

Elman Rüstəmov 2019-10-26 09:19:16

və kompaniyası 20 ildir eyni sözləri deyirlər. "Daxili istehsalı qorumaq". Daxildə bir neçə oliqarxın idarə etdiyi keyfiyyətsiz ərzaq istehsalından başqa nə var? Bugünkü gedişlə bu sözləri biz 20 il sonra da eşıdəcəyik. Ölkədə rəqabət mühiti yoxdur- qeyri neft sektorunun inkişafının qarşısını alan əsas səbəb budur. ÜTT-yə üzv olmaq lazımdır, rəqabət olmalıdır. Qonşumuz Gürcüstan 18 ildir ÜTT-nin üzvüdür-dağlmadı, ərzaq bazarında keyfiyyətli yerli ərzaq satılır. Heç bir kadr rotasiyası bir şey dəyişməyəcək. YENİ İQTİSADİ MODEL LAZIMDIR !

Son yazılar