Neft Emalı Zavodunda bir gün: SOCAR yeniliklərə hazırlaşır

2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsalı nəzərdə tutulur...

SOCAR  Heydər Əliyev adına Neft Emalı Zavoduna mediatur təşkil edib. “Yeni Müsavat”ın əməkdaşının da qatıldığı tədbirin məqsədi, zavodda aparılan modernləşmə işləri və gələcək layihələrlə bağlı ictimaiyyəti məlumatlandırmaq olub. Jurnalistlərə məlumat verilib ki, oktyabrın 4-də başlamış dövri təmir işləri artıq mərhələli şəkildə tamamlanmaqdadır və təmirdən çıxan qurğular tədricən istismara qaytarılır. Bildirilib ki, SOCAR noyabrın 4-dək zavodun təmir-sazlama işlərinin tam başa çatdırılmasını hədəfləyir.

Jurnalistlərə açıqlama verən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, Neft Emalı Zavodu ilə yanaşı, SOCAR-ın Sumqayıtdakı “Azərikimya” kompleksində də dövri təmir və yenidənqurma işləri aparılır: “Neft emalı zavodlarında nisbətən qısa müddətli planlaşdırılmış profilaktik təmir və uzunmüddətli əsaslı təmirin aparılması zavodun davamlı fəaliyyətini təmin etmək üçün hər bir qurğunun texniki pasportunda qeyd olunmuş icbari göstərişdir və bütün dünyada istismar olunan neft emalı zavodlarında həyata keçirilir. SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hər il aparılan dövri təmir işləri orta hesabla bir ay davam edir.

Təmir olunan qurğular arasında neftin ilkin emalı qurğusu ELOU-AVT-6 xüsusi əhəmiyyətə malikdir. Zavoda daxil olan xam neftin bütün həcmləri məhz bu qurğuya yönləndirilir və burada il ərzində 5 milyon tona yaxın neft ilkin emal prosesindən keçir. Həmin qurğuda neft emalının aralıq məhsulları və həmçinin təyyarə mühərrikləri yanacağı və dizel kimi son istehlak məhsulları birbaşa istehsal olunur.  Aralıq məhsulları daha sonra istehsalat zəncirinin növbəti həlqələrinə, o cümlədən 2 milyon ton məhsuldarlığa malik  Katalitik krekinq və 1 milyon ton məhsuldarlığa malik Katalitik riforminq qurğularında emala yönləndirilir və nəticədə Aİ-92 markalı benzin istehsal olunur".

İ.Əhmədovun sözlərinə görə, zavodun əsas ərazisində yerləşən ilkin emal qurğusu təmirə dayandığı müddətdə keçmiş “Azərneftyağ” Zavodunun ərazisində yerləşən analoji ilkin emal qurğuları işə salınır və həmin qurğular vasitəsilə dizel, reaktiv mühərrik yanacağı distilatı və digər məhsulların istehsalı həyata keçirilir: “Benzin və digər istehlak məhsullarının istehsalı isə yalnız təmirdən sonra katalitik krekinq və katalitik riforminq qurğuları işə salınandan sonra bərpa olunur. Beləliklə, dövri əsaslı təmir müddətində təyyarə yanacağı və dizelin idxalına ehtiyac yaranmasa da, Aİ-92 markalı benzinin idxal edilməsinə ehtiyac yaranır. Azərbaycana yanacağın idxalını SOCAR və digər özəl şirkətlər həyata keçirə bilər. Cari təmir müddəti üçün 120 min tona qədər Aİ-92 markalı benzinin idxalı planlaşdırılıb. İdxal həcminin əvvəlki illərə nisbətən artması ölkədə yanacağın istehlak səviyyəsinin artımı ilə bağlıdır. Azərbaycanda yanacağın satış tarifləri beynəlxalq bazar qiymətləri ilə müqayisədə olduqca aşağıdır və buna görə benzinin idxalı SOCAR üçün əlavə vəsait sərf etməklə - zərərlə nəticələnir. Buna rəğmən şirkət Azərbaycanın enerji təhlükəsizliyini təmin etmək istiqamətində öz üzərinə düşən vəzifəni icra edir”.

İbrahim Əhmədov məlumat verib ki, dövri təmir müddətində ərazidə modernləşmə layihəsi ilə bağlı işlər də həyata keçirilir:  “Zavodun modernləşməsi ölkə daxilində AVRO-5 keyfiyyət standartına uyğun olan yanacağın istehsalını təmin etməyə və istehsalın illik həcmini artırmağa imkan yaradacaqdır. Modernləşmə işləri davamlı istehsalat prosesləri ilə eyni zamanda, başqa sözlə, istehsalat prosesləri dayandırılmadan aparılır. Belə ki, zavod il ərzində tam gücü ilə işləyir və eyni zamanda qurğuların yenilənməsi və yeni qurğularda tikinti işləri həyata keçirilir. Buna görə də modernləşmə layihəsi öz mürəkkəbliyi ilə seçilir. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində bəzi işlərin yalnız zavodda qurğuların dayandığı müddətdə görülməsi mümkündür”.

Məlumat üçün onu da bildirək ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə və dizel yanacaqları, mazut, neft koksu və s. istehsal olunur. Hazırda zavodda yenidənqurma və modernləşmə layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Jurnalistlərə məlumat verilib ki, layihə çərçivəsində artıq 2021-2022-ci illərdə Azərbaycanda AVRO-5 standartına cavab verən dizel və benzin yanacağının istehsal olunması nəzərdə tutulur. 2024-2025-ci illərdə isə istehsalat həcminin 7,5 milyon tona qədər artırılması istiqamətində aparılan işlərin də başa çatdırılması planlaşdırılıb.

O da bildirilib ki, zavodda hazırda təxminən 24 qurğunun əvəzlənməsi nəzərdə tutulur.

“Əksər qurğular, ümumi zavod təsərrüfatı tamamilə yeniləcək. Bu, bizə yeni zavod tikintisindən qat-qat ucuz başa gələcək. Yeni zavodun tikintisi daha böyük vəsaitə başa gəldiyi üçün qərara gəlindi ki, zavodun modernləşməsi həyata keçirilsin. Hazırda modernləşmə layihəsi çərçivəsində sahədə 2400 nəfərə yaxın şəxs çalışmaqdadır. Onlar yenidənqurma işləri aparırlar. Hansı vəsaitin tələb olunacağı ilə bağlı dəqiqləşmə işləri aparılır. Qarşıdakı aylarda bu barədə məlumat veriləcək”, - deyə jurnalistlərə açıqlamasında İ. Əhmədov söylədi.

İbrahim Əhmədov onu da qeyd etdi ki, yeni zavod qurulardısa, bu zaman xərclənən vəsait hazırda modernləşmə işlərinin aparılmasına tələb olunan vəsaitdən 2 dəfə artıq ola bilərdi.

Jurnalistlərə açıqlama verən zavodun baş mexaniki Arif Bəndəliyev bildirib ki, hazırda təmir işləri yekunlaşmaq üzrədir: “Demək olar ki, bütün qurğularda təmir işləri görülüb. Təmir cədvəllərinə uyğun olaraq bu, planlı təmirdir. İldə bir dəfə təmirə hazırlıq gedir. Materiallar alınır, qüvvələr səfərbər olunur. Respublikanın neft məhsullarına olan tələbatını zamanında yerinə yetirmək üçün qurğular əsaslı təmir olunmalıdır. Bütün avadanlıqlar, aparatlar açılır, təmizlənir, daxili quruluşlarına baxılır və təmir olunur. Hazırda sınaq-sazlama işləri görülür. Yaxın günlərdə yəqin ki, qurğular işə qoşulacaq. Təmir işlərində xarici şirkətlərin, mütəxəssislərin gücündən istifadə edilmir”.

Öz növbəsində zavodun 13 nömrəli Təmir-tikinti sahəsinin rəisi Rüstəm Əliyev deyib ki, zavodun təmir işləri ilə əsasən onlar məşğul olurlar: “Sahəmizin 270 əməkdaşı var. Onlar arasında iş bölgüləri aparılıb. Hazırda təmir işləri yekunlaşmaq üzrədir. Sahəmiz təmir-quraşdırma işlərindən əlavə nasosların təmiri və detalların hazırlanması, aparatların daxilində parket-beton məmulatlarının vurulması, çənlərdə təmizləmə işləri və yüksək təzyiqli aparatlarla yuyulma işləri ilə məşğuldur. Bu təmir müddətində təhlükəsiz və keyfiyyətlə işlərimizi davam etdirmişik”.

Sonda zavodun modernləşmə aparılan hissəsində aparılan jurnalistlər burada görülən işlərlə birbaşa tanış olublar. İbrahim Əhmədov söyləyib ki, modernləşmə və yenidənqurma layihəsi əsasən 2 paket üzrə bölünüb: “1-ci zərf yeni qurğuların tikintisini nəzərdə tutur. 2-ci zərfdə isə mövcud olan bəzi qurğuların bərpası və təmiri nəzərdə tutulmuşdu. Lakin ötən il zavodun dayandırılması müddətində həmin zərflərlə bağlı əlavə tədqiqat işləri aparıldı. Dayandırılan qurğularda əlavə təhlillər aparıldı və məlum oldu ki, daha çox qurğuların yeniləri ilə əvəz edilməsi zəruridir. 1-ci zərfdə işlərin 58 faizi artıq tamamlanıb. Burada hansısa ləngimə işləri yoxdur. Yeni qurğular inşa olunmaqdadır”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar