“Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” - UNEC-də tədbir
UNEC-də “Bir kəmər bir yol: Azərbaycan iqtisadiyyatı üçün nələr vəd edir?” mövzusuna həsr olunan tədbir keçirilib.
Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti ilə yanaşı, millət vəkilləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq iqtisadi təşkilatların, elm və təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
UNEC-in rektoru, professor Ədalət Muradov universitetdə “Elm həftəsi” çərçivəsində elmi fəaliyyəti canlandırmaq məqsədilə yaradılan ixtisaslaşmış tədqiqat mərkəzlərinin seminarlarının keçirildiyini bildirib. Bugünkü tədbirin “Bir kəmər bir yol” mövzusuna həsr olunduğunu deyən rektor, bu layıhənin Azərbaycan iqtisadiyyatına böyük töhfələr verə biləcəyini deyib. Bunun üçün “Bir kəmər bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu diqqətə çatdıran Ədalət Muradov tədbirin UNEC-in Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin və “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının təşəbbüsü ilə təşkil olunduğunu qeyd edib.
“Bir kəmər bir yol” Alyansı Baş katibinin elm və texnologiyalar üzrə müavini Ph.D Li Renying çıxış edərək, UNEC-in təşəbbüsü ilə keçirilən tədbirin “Bir kəmər bir yol” layihəsində Azərbaycanın və Çinin iqtisadi maraqlarının öyrənilməsi baxımından əhəmiyyətli olduğunu bildirib. Azərbaycanlı və çinli alimlərin əməkdaşlıq istiqamətində araşdırmalar aparmasına və yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac olduğunu diqqətə çatdıran L.Renying unversitetlərin bu baxımdan böyük rol oynadığını diqqətə çatdırıb. Sonra çinli alim “Bir kəmər bir yol” layihəsinin məqsədi və perspektivləri barədə təqdimatla çıxış edib.
Çıxışlardan sonra Azərbaycanın regional bazarlarda iştirakının genişləndirilməsində layihənin rolu, regional və milli iqtisadi əhəmiyyəti, investisilayaların Azərbaycana cəlb edilməsi potensialı, layihə çərçivəsində ali təhsilin maliyyələşdirilməsi və digər suallar cavablandırılıb.
Tədbir müzakirələrlə davam edib. TRASEKA-nın Azərbaycan üzrə milli katibliyinin rəhbəri Akif Mustafayev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası vitse-prezidenti Vuqar Zeynalov, “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının müdiri, akademik Əli Abbasov və digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər.
Rektor “Elm həftəsi” çərçivəsində 5 gün müddətində UNEC-də iqtisadiyyatın aktual mövzularına həsr olunan müzakirələrin aparıldığını deyib. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində araşdırmaların aparılmasının vacibliyindən danışan Ədalət Muradov, “Bir kəmər bir yol” layihəsi ilə bağlı ciddi tədqiqatlara ehtiyacın olduğunu və bu istiqamətdə UNEC-in təşəbbüslə çıxış edəcəyini bildirib. Rektor layihə ilə bağlı mütəxəssis çatışmazlığını nəzərə alaraq, “Bir kəmər bir yol” alyansı ilə birlikdə çinlilər üçün UNEC Eksterndə Xəzər dənizi ilə bağlı distant sertifikat proqramının reallaşdırılacağını qeyd edib.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.