Əli Kərimlinin mühafizəçisi təxribatla üzləşib

Bəhruz Həsənlinin maşınını bilərəkdən vurub əzənlər üstəlik onu təhqir edib, hədələyir

Hakimiyyətin müxalif fəallara qarşı təxribatları davam edir. AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənli davamlı olaraq naməlum şəxslərin təxribat xarakterli addımları ilə qarşılaşır.

Xatırladaq ki, Bəhruz Həsənli hələ bir müddət əvvəl şərlənərək 15 sutka, daha sonra isə 10 sutka inzibati həbsə məhkum edilmişdi.

Növbəti təxribat isə ötən gün Bəhruz Həsənlinin yaşadığı Yeni Günəşli qəsəbəsində baş verib. Belə ki, Bəhruz Həsənli 099 markalı avtomobilində hərəkət edərəkən 10 ZL 313 nömrə nişanlı Prado avtomobili onun avtomobilini vuraraq əzib. Məsələnin əsl mahiyyəti də bundan sonra bəlli olub.

Əvvəlcə onu qeyd edək ki, artıq üçüncü dəfədir Bəhruz Həsənlinin avtomobili yararsız hala salınır və maşına xəsarət yetirənlər aradan çıxır.

Sonuncu hadisə isə göstərir ki, bu sıradan avtoqəza deyil, xüsusi hazırlanmış ssenaridir. Bəhruz Həsənli qəzetimizə açıqlamasında bildirdi ki, həmin şəxs onu təhqir edib və avtomobilə dəyən ziyanı ödəməyəcəyini söyləyib: “Hadisə baş verəndən sonra polis əməkdaşları hadisə yerinə gəldi, ancaq heç bir tədbir görülmədi. Əksinə, mənim maşınımı əzən adam polislərlə kobud danışdı, onlara heç bir sənəd təqdim etmədi. Üstəlik məni də ağır ifadələrlə təhqir etdi. Mən başa düşdüm ki, bu adam məni təxribata çəkmək istəyir. Bu gün yenidən Suraxanı rayon DYP-ə getdim və izahat yazdım. Müşahidə etdiklərimdən belə nəticə çıxardım ki, polis bu adamdan çəkinir və hadisəyə hüquqi qiymət vermək istəmirlər. Bir müddət polis idarəsnidə gözlədikədən sonra Zaur adlı həmin şəxs gəldi. O, mənə yaxınlaşıb dedi ki, siz ermənisiniz. Dəfələrlə bu sözü təkrarlayırdı. Yəni, bu adam mənim müxalifətçi olduğumu bilir və ümumi hamımızı erməni adlandırırdı. Sonra bildirdi ki, maşınımı düzəltdirməyəcək, kimə şikayət etsəm də xeyri yoxdur. Və heç nə olmayıbmış kimi çıxıb getdi. Polislərə iradımı bildirsəm də, heç nə edə bilməyəcəklərini dedilər. Hətta mənə arayış verməkdən də imtina etdilər. Onu da deyim ki, hadisədən sonra telefonuma zəng gəldi və məni tanıyan bu şəxs dedi ki, bu, adi hadisə deyil, yuxarıdan gələn göstərişdi. Bəzən telefonuma naməlum nömrələrdən zəng edib, təhdid edirlər. Bir neçə dəfə isə mən evdə olmadığım vaxt evimə gəlib, yaşadığım mənzili sökəcəklərini bildiriblər”.

Bütün bunlar onu göstərir ki, hakimiyyət rəqiblərinə qarşı bütün qanunsuz vasitələrdən istifadə edir və insanlarda qorxu hissi yaratmağa çalışır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar