PUTİN FARS KÖRFƏZİNİ FƏTH EDİR! – “Rusiya amerikanların axmaqlığı hesabına geosiyasi səhnədə “məhsul toplayır””

Dərc olunub: 29/10/2019 - 17:07

160318_putin_and_assad

İndi Rusiya prezidenti Valdimir Putin Yaxın Şərqdə ən yaxşı günlərini yaşayır və Amerikanın buraxdığı səhvlərə görə geosiyasi səhnədə “məhsul toplayır”. Rusiya hansı faktorlardan bəhrələnib?

Birincisi – Rusiya uzaqgörənlik və strateji məharət göstərib. Hadisələrə soyuqqanlılıqla reaksiya verib və özünü təmikinlə aparıb.

İkincisi – Ağıllı və dəqiq nizamlanmış regional alyansların yaradılması üzərində çalışıb. Bu, xüsusən Suriya, İran və Türkiyə arasındakı münasibətlərdə özünü daha aydın büruzə verir.

Üçüncüsü – Ağ Ev və Konqres arasındakı fikir ayrılığı nəticəsində Vaşinqtonda hökm sürən hadisələrdən irəli gələn axmaqlıqlardan və xaosdan məharətlə istifadə olunub.

Prezident Donald Tramp Putin və ümumiyyətlə Rusiya üçün İlahinin ən böyük hədiyyəsi olub. Bu tamahkar adamın üç illik prezidentliyi ərzindəki bütün siyasəti sövdələşmə istəyindən başqa heç bir dəyərli işlə yadda qamayıb. Onun uğursuz siyasəti ABŞ-ın regiondakı maraqlarına neqativ təsir göstərib.

Yaxın günlərdə prezident Putin Ər-Riyad və Əbu-Dabiyə səfər edib. Bildiyimiz kimi, bu ölkələr Amerikanın ən mühüm partnyorları və silah alıcılarıdır.

Rusiyanın müttəfiqi olan İran Yəməndə, İraqda və Livanda formalaşdırdığı silahlı güclərin köməyilə regionda ciddi strateji dəyişikliklər edib. Moskvanın bu bölgəyə müdaxiləsinə yol açan əsas səbəblərdən biri İranın atdığı addımlara bağldır. Elə bunun nəticəsində ABŞ-ın Yaxın Şərqdən getməsi fonunda Moskvanın müdaxiləsi baş verir. İran və onun müttəfiqləri tərəfindən əldə olunan üç əsas qələbəni xüsusilə qeyd etmək lazımdır.

Birincisi – Bu, İranın Yəmən husilərinə verdiyi qanadlı raketlər və pilotsuz uçuş aparatları sayəsində əldə edilmiş uğurdan doğur. Belə ki, raketlər və pilotsuz aparatlar Səudiyyənin Hava Hücumundan Müdafiə Sisteminidən yan keçərək hədəfləri dəqiqliklə vurublar. Müvəqqəti olsa da, Səudiyyə Ərəbistanı xaricə neft ixracını dayandırıb. Bu isə Moskvaya xeyir gətirib. Çünki Rusiya Səudiyyə neftinin yerini dolduracaq qədər neft hasil etməklə, bazarda tarazlıq yaradıb. Digər yandan isə Fars körfəzi dövlətləri, Amerikan silahına alternativ kimi, Rusiya silahı ilə maraqlanmağa başlayıblar.

İkincisi – İranın birbaşa və ya “Hezbolla” döyüşçüləri vasitəsilə Suriyaya hərbi müdaxiləsi, Rusiya buraya gələnə kimi çox mühüm yer alıb. Sonradan Rusiya və İran birlikdə hərəkət edərək Suriya liderinin mövqeyini möhkəmləndirdi və nəticədə ABŞ layihəsi məğlubiyyətə düçar oldu.

Üçüncüsü – Söhbət Tehranın iqtisadi sanksiyalar qarşısında duruş gətirə bilməsindən, onların ABŞ-a tabe olmamasından və ədalətsiz şərtlərə boyun əyməməsindən gedir. Biz bunu Fars körfəzində tankerlərə olan hücumlarda gördük. İran Amerika və onun müttəfiqlərinə hücumlar etmişdi. Bu cür insident Qırmızı dənizdə də baş verib. İran blokadanı yararaq, neft ixracını yoluna qoyub və indi gündəlik olaraq milyon barel neft hasil edir. İndi onlar əsas gəlir mənbəyi sayılan neftdən asılılığı azaltmaq üçün yeni iqtisadi siyasət hazırlayırlar.

Görünür ki, Rusiya prezidenti Putinin Fars körfəzində əldə etdiyi uğurlar təkcə ticarət və hərbi əməliyyatlarla məhdudlaşmayacaq. Tezliklə onlar siyasi sferaya da toxunacaqlar və bu, onun Suriyadakı müttəfiqlərinin maraqlarına xidmət göstərəcək. Suriyanın Ərəb Dövlətləri Liqasına qayıdaraq, orada mühüm rol oynaması da istisna deyil.

Birləşmiş Ərəb Əmirlikləri mübahisəli məslələlərə son qoymaq və Yəməndəki müharibəyə yekun vurmaq üçün Tehrana nümayəndə yollayıb. Həmin nümunəni tezliklə Səudiyyə Ərəbistanının təkrar edəcəyi əlamətini görmək mümkündür.
Kim fikirləşə bilərdi ki, ABŞ-ın Suriyanın şimalında məğlubiyyətə düçar olmasını etiraf etməsi Moskvanın vasitəçiliyi ilə kürdlərin Suriya dövlətinə qayıtmasına gətirib çıxarcaq?

Kim gözləyə bilərdi ki, lap müvəqqəti olmuş olsa da, kürdlər öz separatçı ambisiyalarından imtina edəcək və tutduqları əraziləri, hərbi bazaları Suriya ordusunun üzünə açaraq, ABŞ-ın onlara verdiyi silahları təhvil verib, yerli administrasiyanı buraxacaqlar?

Bu gün kürdlər Dəməşqə qayıdıblar və sabah Ədən müqaviləsinin bərpa edilməsi və Suriya ilə Türkiyə münasibətlərinin əvvəlki vəziyyətə qayıtması istisna olunmur (Ədən müqaviləsi 1998-ci ildə Suriya və Türkiyə arasında bağlanıb). Sonrakı mərhələdə bu, Suriyanın İdlib və Fərat çayı ətrafındakı rayonlarda suverenliyinin bərqərar olması ilə nəticələnə bilər.
Məhz Rusiyanın fərasətli siyasəti regionda fundamental yenidənqurmanın təməlinin qoyulmasına imkan verdi. Bu, təkcə arzu deyil, həm də faktın təsdiqidir! (“Rai Al Youm”-Böyük Britaniya)

“AzPolitika”nın əlavəsi: Rusiyanın və İranın bu regionda əl-qol atması, birbaşa onların apardıqları siyasətlə bağlı da deyil. Çünki hər necə olasa da, bu iki ölkənin iqtisadiyyatı neft pullarından çox asılıdır. Neftin qiymətinin necə və hansı səviyyədə olması isə, dünya iqtisadiyyatının vəziyyətinə bağlıdır. Dünya iqtisadiyyatının inkişaf perspektivi isə, hələlik ABŞ-dan asılıdır.

Donlad Tramp açıq deyir ki, biz bu regionda 8 trilyon dollar pul itirmişik və bura bizim nəyimizə lazımdır. Yəni demək istəyir ki, səhraları və qumu sizə veririk, gedin nə istəyirsiniz edin! Bəli, doğrudan da Tramp siyasətə müəyyən mənada rişxənd edir və məsələlərə biznesmen təfəkkürü ilə yanaşır. Amma iş ondadır ki, ABŞ-dakı demokratların ona qarşı qoya biləcəkləri samballı alternativ ideyaları yoxdur.

Vaqif NƏSİBOV
AzPolitika.info








loading...


Fikrinizi bildirin